Əsas Səhifə > Hadisə, Manşet > Bir ƏJDAHA oturub yolun üstündə BÜDCƏ PULLARINI YEYİR...

Bir ƏJDAHA oturub yolun üstündə BÜDCƏ PULLARINI YEYİR...


12-07-2021, 10:25
Bir ƏJDAHA oturub yolun üstündə BÜDCƏ PULLARINI YEYİR...
İmişli Rayon İcra Hakimiyyəti İmişli şəhər küçələrində avtomobil yollarının təmiri və abadlıq işlərinin aparılması üzrə satınalma müsabiqələrinə yekun vurub. JAMAZ.İNFO xəbər verir ki, hər iki müsabiqənin qalibi “Orion-E” MMC olub. İcra hakimiyyət avtomobil yollarının təmiri üçün şirkətə 574 196.02 AZN, abadlıq işlərinə görə isə 264 348.38 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 130 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli rayonu İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

Açıq mənbələrdə Mürsəl Qasımov haqqında hər hansı məlumat yoxdur. Mediada isə “Orion-E” MMC-nin sahibi kimi Şükür Astanovun adı çəkilir. O “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiridir. Şükür Astanovun adı, həm də İmişli Asfalt Zavodunun direktoru kimi çəkilir.

2020-ci ildə mediada gedən məlumatlarda Şükür Astanov 6 saylı regional yol istismar idarəsinin müdiri ilə yanaşı “Orion-E” MMC-nin sahibi kimi təqdim edilir. Onun özünün MMC-nin rəhbəri kimi açıqlamaları var.

Dövlət Vergi Xidmətinin məlumatlarından görünür ki, 14 avqust 2020-ci ildə şirkətdə dəyişiklik edilib. Güman ki, bu tarixdən Mürsəl Qasımov şirkətin qanuni təmsilçisinə çevrilib. Bununla belə, MMC-nin Şükür Astanovun nəzarətində olduğu deylir. Yəni, Mürsəl Qasımov əslində proxy fiqurdur.

Mediada Şükür Astanovun İmişlinin keçmiş icra başçısı hazırda həbsdə olan Vilyam Hacıyevlə də yaxınlığının olması barədə də iddialar yer alıb. Bildirilir ki, İmişlidə həyata keçirilən tiktinti, yol çəkilişləri, abadlıq işləri, çoxsaylı dövlət layihələri Vilyam Hacıyev tərəfindən onun şirkətinə tapşırılıb. İddialara görə, o, keçmiş icra başçısının oğlu Məhəmməd Hacıyevin toyuna 5000 manat nəmər salıb.

“Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Astanovun icra hakimiyyətlərindən birinin oğlunun aprel 28-də keçirilən toy məclisinə 5000 manat məbləğində nəmər yazdırdığı haqqında məlumat daxil olub. Mənbə əlavə olaraq bildirdi ki, bu Şükür Aslanovun yalnız toya yazdırdığı məbləğdir. Belə ki, icra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da toyda pul xərcləyib”, – yayılan məlumatlarda qeyd edilir.

Şükür Astanovun Bəhrəmtəpə yolunda dəyəri 500 000 AZN olan iki mərtəbəli “Qonaq Evi” tikdirdiyi də yayılan məlumatlar sırasındadır.

Maraqlıdır ki, “Orion-E” MMC əsasən İmişli İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur. Ötən il də avtomobil yollarının təmiri ilə əlaqədar qurumla şirkət arasında maliyyə dəyəri 596 305.92 AZN təşkil edən müqavilə imzalanıb. Deyəsən, yarım milyonqlu təmirin nəticəsi olmayıb.


Geri qayıt