Əsas Səhifə > Hadisə, Manşet > "Hamı kimi mənə də vaksin vuruldu..."

"Hamı kimi mənə də vaksin vuruldu..."


17-08-2021, 09:42
"Hamı kimi mənə də vaksin vuruldu..."
Avqustun 9-dan etibarən peyvəndə qarşı əks göstərişi olanlara “əks göstəriş sertifikatı” nın verilməsinə başlanılıb. Vətəndaşlar bunun üçün xəstəliklərini təsdiq edən sənədləri qeydiyyatda olduqları ərazidəki poliklinikalara təqdim etməlidirlər. Həmin sənədlər isə Səhiyyə Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır və sertifikatlar verilir.

Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Elnur Rəhman oğlu Əfəndiyev isə prosesdən narazıdır. O, onkoloji xəstəlikdən əziyyət çəkib. 2005 və 2012-ci illərdə İranda belindən üç dəfə əməliyyat keçirib, şüa terapeyası alıb. Elnur Əfəndiyev deyir ki, “əks göstəriş sertifikatı” üçün Sumqayıt Şəhər Onkoloji Xəstəxanaya müraciət edib, ona peyvənd vurulması üçün əks göstərişin olmadığını söyləyiblər.

Elnur Əfəndiyev Meydan TV-yə danışıb ki, peyvənd könüllü olsa da, hər yerdə sertifikat tələb edilir. Buna görə də məcburiyyət qarşısında xəstəxanaya müraciət edib: “İranda həkimlər vitaminlər, o cümlədən immunitet üçün dərmanlardan istifadə etməməyimi, əks halda xəstəliyin yenidən yarana biləcəyini demişdilər. Çoxlu sayda şüa almışam və bunu təsdiq edən sənədi də xəstəxanada baş həkimə təqdim etdim”.

Sumqayıt Şəhər Onkoloji Xəstəxananın baş həkimi Əfəndiyevə hazırda onkoloji xəstə olmadığını, xüsusi ehtiyatla yan tərəfdən peyvənd vurdura biləcəyini deyib.

“Dedim ki, söylədiklərini yazılı formada təqdim etsin. Mənə təqdim etdiyi sənəddə də xüsusi ehtiyatla peyvənd vurdura biləcəyim yazılıb. Amma heç kim “xüsusi ehtiyat”ın nə olduğunu anlamadı. Gülməli vəziyyət yarandı. “Peyvəndi vurmağın bir yolu var”, tibb işçiləri də belə dedilər. Hamı kimi mənə də vaksin vuruldu”, - şikayətçi söyləyib.

Peyvənddən bir neçə gün sonra vəziyyəti pisləşən Elnur Əfəndiyev həkimə müraciət edib, test verib və koronavirusa yoluxduğu bəlli olub. Dediyinə görə, avqustun 6-dan müalicə alır, lakin hələ də vəziyyəti ağır olaraq qalır:

“Mənə xeyli sayda vitaminlər, immuniteti yüksəldən dərmanlar yazıblar. Evdə müalicə alıram, boğulmalarım azalmayıb. İrandakı həkimlər isə peyvəndin mənim üçün əks göstəriş olduğunu söyləmişdilər”.

Elnur Əfəndiyevə koronavirusa yoluxduğundan peyvəndin ikinci dozası vurulmayacaq. Birinci dozanı alsa da, peyvənd olunmuş kimi qeydiyyata alınmır, sertifikat verilməyəcək. Şikayətçi peyvəndlə xəstəliyinin yenidən baş qaldıracağından narahatdır:

“Bildilər ki, onkoloji xəstəyəm, mənə əks-göstəriş sertifikatı təqdim edilməliydi. “Xüsusi ehtiyatlı” sözü ilə məsuliyyətdən yayınmağa çalışırdılar”.

Səhiyyə Nazirliyindən və TƏBİB-dən şikayətlə bağlı açıqlama verilməyib. Sumqayıt Şəhər Onkoloji Xəstəxanadan isə bildiriblər ki, sağalmış şəxslər vaksin edilə bilərlər. Vaksin yoluxma risqini azaldır, yoluxduğu təqdirdə ağırlaşmanın qarşısını alır:

“Görünür, həmin şəxs sağalıb, buna görə də ona vaksin tövsiyə edilib”. Ancaq xəstəxanadan “xüsusi ehtiyatlı” davranışın nə demək olduğu açıqlanmayıb.

“Əks göstəriş sertifikatı” komissiyanın rəyinə əsasən, yalnız bu şəxslər həmin sertifikatı ala bilər:

Hamilə qadınlar;

Süd verən analar;

COVID 19-a qarşı peyvəndə allergiyası və ümumiyyətlə allergiya xəstəliyindən əziyyət çəkən şəxslər.

Komissiya mütəxəssislərinin rəyinə görə, şəkərli diabet və onkoloji xəstəlikdən əziyyət çəkən şəxslər müalicə bitdikdən sonra vaksinasiya oluna bilərlər.

"Hamı kimi mənə də vaksin vuruldu..."
"Hamı kimi mənə də vaksin vuruldu..."
"Hamı kimi mənə də vaksin vuruldu..."
"Hamı kimi mənə də vaksin vuruldu..."


Geri qayıt