Əsas Səhifə > Hadisə, Manşet > Səhiyyə Nazirliyinin KORRUPSİYA QOXULU TENDER İZDİVACI...
Səhiyyə Nazirliyinin KORRUPSİYA QOXULU TENDER İZDİVACI...22-09-2021, 09:31 |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” səhiyyə sistemindəki “tender kral”ı kimi tanınan “Arash” Firması ilə 878 min 816 manatlıq tender müqaviləsi bağlayıb. “AzPolitika.info” ” Dövlət satınalamalarının vahid internet portalına istinadla xəbər verir ki, nazirlik bu məbləği laboratoriya avadanlıqlarının satın alınmasına xərcləyəcək. Məlumat üçün bildirək ki, “Arash Medical Company” heç də təsadüfən “tender kralı” hesab olunmur. Bu şirkət ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb. Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Azərbaycan Tibb Universiteti də “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb. Həmin illərdən başlayaraq, şirkət səhiyyə sistemilə bağlı demək olar bütün böyük tenderləri qazanıb. Özü də təkcə tibbi avadanlıqların, ləvazimatların satışı və quraşdırılması deyil, xəstəxanaların tikintisi və təmiri ilə də bağlı satınalmalar bu şirkətə verilib. Bunun nəticəsi olaraq, şirkətin təkcə 2019-cu ilə qədər ümumilikdə 250 milyon(!) manatlıq tender qazandığı bildirilirdi. Sonrakı illərdə də eyni temp saxlanılıb və göründüyü kimi, son olaraq da yenə Səhiyyə Nazirliyinə aid qurum bu şirkətlə az qala 1 milyon manatlıq tender imzalayıb. Azərbaycanda hər sahə üzrə buna bənzər şirkətlər var və onların hərəsinin “ucu” gedib bir sabiq, yaxud hazırda vəzifədə olan məmura, oliqarxa və s. çıxır. “Arash”-a gəldikdə isə onun sabiq parlament sədri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova aid olduğu iddia edilir. Sabiq spiker isə belə bir qardaşı oğlunun olmadığını bəyan edib. Cəmi 100 manatlıq nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Ehtiram Fərzəlibəyov adlı şəxsdir... Ümumiyyətlə, şübhəli tenderlər təkcə büdcə vəsaitlərinin talanması demək deyil. Məsələ ondadır ki, məsələn, tibbi avadanlıqlar, ləvazimatlar, təmir-tikinti işləri və s. adı ilə silinən məbləğlər həm də dolayısı ilə dava-dərmanın və ümumilikdə tibbi xidmətin maya dəyərinə oturur. Nəticədə maya dəyəri “şişir” ki, bu da sonda onsuz da bahaçılığın “divara dirədiyi” əhaliyə göstərilən səhiyyə xidmətlərinin də qiymətinə təsir edir. Xatırladaq ki, ölkə başçısı da dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...” “AzPolitika.info” Geri qayıt |