Əsas Səhifə > Hadisə, Manşet > Goranboyda təhsil NECƏ İDARƏ OLUNUR...

Goranboyda təhsil NECƏ İDARƏ OLUNUR...


6-10-2021, 10:28
Goranboyda təhsil NECƏ İDARƏ OLUNUR...
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə, Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova ünvanladığı 03.10.2021-ci il tarixli şikayətnaməsinin bir surətini də “Dəryaz” qəzeti redaksiyasına göndərmişdir.

Şikayətçi ilk öncə 2019-cu ilin fevral ayında Təhsil Nazirliyinin nəzarəti ilə Goranboy Rayon Təhsil Şöbəsinin əməkdaşları Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində yoxlamaların nəticəsini xatırladır:

“Yoxlamaların nəticəsi əsasında məktəb direktorunun təşkilatçı müavini Həvayət Həsənovanın barəsində vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün rəsmi olaraq TÖHMƏT elan olundu. Həvayət Həsənova eyni zamanda məktəbin direktoru Qabil Həsənovla əlbir olaraq məktəbdə qanunsuzluqlar edərək saxtakarlıqlara, nöqsanlara yol vermişdilər. Buna görə direktor Qabil Həsənov vəzifəsindən uzaqlaşdırılıb. Həvayət Həsənova bu məktəbə Goranboy Rayon Təhsil Şöbəsinə yeni müdür vəzifəsinə təyin olunmuş Seymur Nazarov tərəfindən 2021-ci ilin sentyabr ayında direktor vəzifəsinə təyin edilib”.

Neman müəllim haqlı olaraq ortaya belə bir sual qoyur:

“Töhməti olan, direktorla əlbir olub saxtakarlıqlar edən Həvayət Həsənovanın direktor vəzifəsinə təyin edilməsi nə dərəcədə qanunauyğundur? Həvayət Həsənova şəxsi vatsap nömrəsi ilə mənim vatsap nömrəmə yazaraq göndərib ki, “məndən 2019-cu ilin fevral ayında feyzbuk sosial şəbəkələri vasitəsilə şikayətlər etdin, buna görə borca düşdüm, çoxlu pullarım çıxdı”. Yəni, Həvayət Həsənova demək istəyir ki, 2019-cu ilin fevral ayında TÖHMƏT almağıma baxmayaraq, pulumu verdim, təşkilatçı müavin vəzifəsində saxlanıldım”.

Şikayətçi rayon təhsil idarəçiliyinin kadr siyasətində baş verən digər neqativ hallardan da bəhs edir:

“Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində 2009/2010; 2010/2011-ci tədris illərində bu məktəbin direktoru Eldar Hümbətov və direktorun təlim-tərbiyə işləri üzrə müavini İradə Həsənova qanunsuz olaraq sinif komplekti açaraq həmin sinif üçün sinif jurnalı təşkil edərək, bu sinifdə dərs deyəcək müəllimlər təyin etmişlər, adlarına SAXTA əməkhaqqı cədvəllərinə kimi təşkil etmişlər. Bu sinfə təyin etdikləri müəllimlərin bir neçəsi Rusiya Federasiyasında olublar. Saxta yaradılan sinifdə dərs deyən müəllimlərdən biri hal-hazırda Goranboy Rayon Təhsil Şöbəsinə müdür vəzifəsində çalışan Seymur Nazarov olub.

Bu məktəbdə ÜM-1 hesabat formasında 358 nəfər şagirdin olduğu qeyd olunmasına baxmayaraq, qanuni sinif jurnalları üzrə şagirdlərin siyahısı 340 nəfər müəyyən edilmişdi, 18 nəfər şagird artıq olmuşdu. Qeyd etdiyim bu nöqsanlara və digər saxtakarlıqlara görə İradə Həsənova PEDAQOJİ ŞURANIN QƏRARI ilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsindən azad olunmuşdur. Məktəbin ƏMR kitabında var: 16.01.2012-ci il, Pedaqoji Şura kitabında da var: Protokol N-4.

Bu qərarla çıxan İradə Həsənovanı nə səbəbə bu məktəbə DİREKTOR vəzifəsinə təyin ediblər?

Təhsil naziri cənab Emin Əmrullayev bu məsələlərdən xəbərdardımı və nə səbəbə imkan verir ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarov bu Həsənova bacılarına yüksək vəzifə versin?”

N.Eminov bu qənaətdədir ki, Həsənova bacıları vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün cəza almalıdılar, onların əməllərinə hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidir:

“Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunub, bu rayonun təhsil sistemində dəyişiklik edərək, sağlam kadrlar seçib vəzifələrə təyin etmək əvəzinə, bəzi yarıtmaz kadrları başına toplayaraq millətin gələcəyi olan təhsili məhvə aparır. Bir sözlə, Goranboy təhsili “YAĞIŞDAN çıxıb, YAĞMURA düşüb”.

Şikayətçi həmçinin qeyd edir ki, sadaladığı neqativ halların hər biri haqqında sənədlər əsasında sübutları var və lazım gəldikdə cinayət təqibi orqanlarına təqdim edə bilər. Ümid edir ki, üz tutduğu, müraciət ünvanladığı adresatlar məsələni nəzarətə götürməklə obyektiv araşdırma aparılmasını təmin edəcəklər və günahı olanlar layiqli cəzalarını alacaqlar”.

Deryaz.az


Geri qayıt