Əsas Səhifə > Hadisə, Manşet > Daşkəsəndə QOÇU PEYDA OLUB...

Daşkəsəndə QOÇU PEYDA OLUB...


8-10-2021, 10:14
Daşkəsəndə QOÇU PEYDA OLUB...
"DogruXeber.az"da təqribən bir ay əvvəl Daşkəsən rayon "Çanaqcı" kənd bələdiyyə sədrinin özbaşınalıqlarından bəhs edən "Özünü sakinlərdən ağıllı sayan bələdiyyə sədri saxtakarlığa yol verdi: Nələri ifşa olundu?" başlığı altında material dərc etmişdik.

Sözügedən materialda "Çanaqcı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyevin qanunsuz əməllərinin canlı şahidi, eyni zamanda "qurbanı" olan kənd sakini Oktay Abdullayevin başına gətirdiyi oyunları barəsində də ətraflı məlumat vermişdik.

Hansı ki, Oktay Abdullayevin sözlərinə görə onun pay torpağına göz dikən bələdiyyə sədri öz 20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməsinə süni maneələr yaradaraq, imkan vermirdi.

Oktay Abdullayev isə istifadə etmədiyi torpaq sahəsinin hər il dövlət vergisini ödəyirmiş.

Yeri gəlmişkən, elə ödəniş zamanı ortaya Eyvaz Vəliyevin saxtakarlığının nümunəsi olan daha bir fakt çıxır ki, sözügedən torpağın illik vergisini ödəmək üçün hesab nömrəsi qeyd edilən sənəd də sən demə Oktay Abdullayevin oğlu Abdullayev Elnur Oktay oğlunun deyil, Vəliyev Elnur Eyvaz oğlunun adına imiş. Burdan da belə aydın olur ki, Oktay Abdullayev Eyvazın oğlu Elnur Vəliyevin torpaq vergisini ödəyirmiş. Özüdə az yox, azacıq yox, 20 (iyirmi) AZN-nin yerinə, 223.27 (iki yüz iyirmi üç, iyirmi yeddi) AZN.

Bunun nə demək olduğunu təsəvvür edirsiniz?!...

Kənd sakinlərinin bildirdiyinə görə heç bir ali təhsili olmayan, saxta yollarla ali təhsil diplomu alan və saxta diplomla bu gün "Çanaqcı" kənd bələdiyyəsinə sədrlik edən Eyvaz Vəliyev deyəsən, nəyinki dövlət qanunlarından xəbərsizdir, ümumiyyətlə vəzifə səlahiyyətlərinin nələrdən ibarət olmasını da bilmir.

O hələ də bilmir ki, yeraltı sərvətlərin haradan çıxmasından asılı olmayaraq, dövlətin balansındadır. Ona görə də deyilənlərə görə yeraltı sərvət olan bulağı borular vasitəsilə öz həyətinə çəkdirib.

Bundan əlavə yenə də Oktay Abdullayevə məxsus düz kəndin orta məktəbi ilə üzbəüz olan 12 sot həyətyanı torpaq sahəsini də dəfələrlə Oktay müəllimin əlindən almağa cəhd etsə də alınmayıb.

Hətta, Oktay Abdullayevin sözlərinə görə həmin 12 sot torpaqdan "əl çəkməsi üçün" ona başqa ərazidən torpaq da təklif edib. Lakin, Oktay Abdullayev onunla razılaşmayıb.

"Xəyallarının suya düşdüyünü görən" Eyvaz Vəliyev hansısa yollarla orta məktəbin qarşısındakı 12 sot torpağın təyinatının dəyişdirilib, "kənd təsərrüfatı təyinatlı" olmasına nail olub.

Yeri gəlmişkən, həmin 12 sot torpağın düz yanında Oktay Abdullayevin də bildirdiyi kimi Eyvaz Vəliyevə məxsus balıq gölləri var. Hansı ki, o, orada saxlanılan balıqları Daşkəsən və Gəncə şəhərlərində satdırır.

Biz "DogruXeber.az" redaksiyası olaraq, məsələni yerində görüb, məlumat toplamaq məqsədilə Daşkəsən rayon "Çanaqçı" kəndində olduq. Sözügedən balıq göllərini də gördük və gördüklərimizi lentə aldıq.



Qeyd: Yeri gəlmişkən biz Daşkəsəndə olarkən də Eyvaz Vəliyev ilə görüşüb, qarşı tərəf olaraq məsələyə münasibətini öyrənməyə cəhd etdik. Lakin, Eyvaz Vəliyev əvvəl "görüşək" desə də, sonradan görüşməkdən boyun qaçırdı.

Biz bütün bu məsələlər - gördüklərimiz, eşitdiklərimiz barəsində redaksiyamız tərəfindən rəsmi müraciətlər hazırlayıb aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdik.

Müraciətimizdən təqribən bir ay vaxt keçdikdən və təkrar-təkrar xatırlatmalarımızdan sonra nəhayət ki, ötən gün, yəni 06.10.2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə Regional idarəsindən özünü İbrahim müəllim kimi təqdim edən səlahiyyət sahibi bizimlə telefon əlaqəsi saxladı və müraciətimiz əsasında Daşkəsən rayon "Çanaqcı" kəndinə sözügedən qanunsuz balıq göllərini yerində araşdırmaq üçün nümayəndələr göndərildiyini bildirdi.

Şikayətçi Oktay Abdullayevin, bələdiyyə sədri Eyvaz Vəliyevin də iştirakı ilə Nəzarət sektorunun sektor müdiri Samir Abdullayev və digər nümayəndə Orxan Həsənov həmin ərazidə oldular.

Cərəyan edən proseslərdən xəbərdar olmaq üçün agentliyimizin baş redaktoru Kamal Əsgərov şikayətçi Oktay Abdullayev ilə telefon əlaqəsi saxlayıb danışdığı zaman, onun, həmçinin yuxarıda adlarını qeyd etdiyimiz sektor müdiri Samir Abdullayev və Orxan Həsənovun yanında olan bələdiyyə sədri Eyvaz Vəliyev hər kəsin yanında baş redaktorun ünvanına ən ağır təhqiramiz ifadələr işlədib, onu təhqir etdi.

Bununla bağlı Kamal Əsgərov təhqir etməsinin səbəbini açıqlaması üçün Eyvaz Vəliyevin şəxsi mobil telefonuna dəfələrlə zəng etsə də, Eyvaz telefona cavab vermədi.

Sərvətləri sayəsində sakinlərin də bildirdiyi kimi saxta diplom əldə edən, bələdiyyə sədri "seçilən, özünə bizneslər quran, dövlətin əmlaklarından şəxsi məqsədlər üçün istifadə edən harınlamış dövlət məmuru Eyvaz Vəliyevdən bundan artıq davranış gözləmək olmazdı.

Qeyd: Məsələni yerində araşdırmaq üçün ezam olunmuş nümayəndə, Nəzarət sektorunun müdiri Samir Abdullayevlə telefonla danışıb gedişat barəsində məlumat almaq istədiyimizdə, Samir müəllim Ərazidə heç bir ekoloji pozuntuların olmadığını, sözügedən göllərdə balığın olmadığını bildirdi.

Bunu necə araşdırdıqlarını soruşduğumuzda "mən burda balıq görmürəm" deyə cavab verdi.

Sual verdik:
- "Hansı formada araşdırma aparırsınız? Kənardan baxdınız, balıq görmədiniz, vəssalam?.

Samir müəllim cavab verdi ki:
- "Mən burda yağışın altındayam. Bəs nə etməliyəm, suya girməliyəm?"

Onların yanında Eyvaz Vəliyevin "ərkyana ərköyünlüyündən - çəkinmədən mətbuat nümayəndəsinin, müəssisə rəhbərinin ünvanına o cür təhqiramiz ifadələr səsləndirməsindən və Samir Abdullayevin də dövlət məmuru olmasına baxmayaraq, şikayətçi, eyni zamanda mətbuat nümayəndəsi ilə bu cür rişxəndli danışığından bizə belə aydın oldu ki, Eyvaz Vəliyev deyəsən onların da 'könlünü nələrsə qarşılığında ələ almağı bacarıb" ki, Samir Abdullayev bu gün onu müdafiə etmək üçün, əməllərini ört-basdır etməyə çalışır.

Mətbuat nümayəndəsini dövlət məmurlarının yanında səbəbsiz təhqir edən dövlət məmuru sərvətləri sayəsində bugünə qədər çox özbaşınalıqlar edib və maraqlısı odur ki, etdikləri heç bir qanun pozuntuları barəsində heç vaxt heç kimə hesabat verməyib.

Bunun da nələrin müqabilində olduğunu anlamaq o qədər də çətin deyil.

Hər yerdə "sözünü əlini cibinə salmaqla deyən" Eyvaz Vəliyevin gözü o qədər yuxarılardadır ki, yerdəki qanunları görmür, tanımır.
Elə buna görə də aidiyyəti qurumlara ona özünün deyil, gözünün göylərdə olduğunu xatırlatması üçün tərəfimizdən rəsmi müraciətlər hazırlanıb, göndəriləcəkdir.

Eyni zamanda redaksiyamızın vəkilləri tərəfindən Eyvaz Vəliyevin baş redaktor, "DogruXeber.az" MMC-nin direktoru Kamal Əsgərovu təhqir etdiyi, şərəf və ləyaqətini alçaltması barəsində məhkəməyə təqdim etmək üçün iddia ərizələri hazırlanır.

Növbəti yayımlarımızda rəsmi müraciət ünvanladığımız digər dövlət qurumlarının məsələyə münasibəti, həmçinin Daşkəsən rayon İcra Hakimiyyətinin, onun müavininin bələdiyyə sədri Eyvaz Vəliyevlə münasibəti və davranışlarından bəhs edən daha ətraflı məlumatlar dərc edəcəyik.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt