Əsas Səhifə > Hadisə > Taliban Əfqanıstanı “gizli agentlər” vasitəsilə ələ keçirib

Taliban Əfqanıstanı “gizli agentlər” vasitəsilə ələ keçirib


2-12-2021, 09:58
Taliban Əfqanıstanı “gizli agentlər” vasitəsilə ələ keçirib
ABŞ hərbi kontingentinin 2021-ci ilin avqustunda Əfqanıstanı tərk etməsindən qısa müddət sonra ölkənin idarəçiliyi tamamilə Taliban qruplaşmasının əlinə keçdi. Hələ o zaman baş verənlər bütün dünyada, o cümlədən ABŞ-ın nüfuzlu kəşfiyyat qurumları tərəfindən ciddi təəccüblə qarşılanırdı.

20 il ərzində ABŞ-ın hərbi və maddi yardımı ilə formalaşdırılan Əfqanıstan ordusunun özlərindən sayca çox az Taliban quruplaşmasına məğlub olması və cəmi bir neçə həftə ərzində paytaxt Kabilin ələ keçirilməsi heç bir məntiqə sığmırdı.

ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşrinin mövzu ilə bağlı araşdırmasına görə, Əfqanıstandakı son müharibənin taleyini Talibanın 10 il ərzində yetişdirdiyi “gizli agentlər” müəyyən edib.

Qruplaşmanın nüfuzlu rəsmisinə istinadən verilən məlumatda Talibanın hələ müharibədən əvvəl Əfqanıstanda bir çox strateji vəzifəyə öz adamlarını yerləşdirdiyi qeyd olunur.

Talibanın intihar və sui-qəsd əməliyyatlarını koordinasiya edən Məhəmməd Səlim Saad verdiyi reportajda qruplaşmanın ölkənin hər qurumunda gizli agentlər yerləşdirdiyinə diqqət çəkib. Onun sözlərinə görə, kimliklərini gizləmək üçün bu şəxslərə saqqal saxlamamaq və ənənəvi geyimlərdən imtina etmək azadlığı belə verilib. Onlar da hər kəs kimi saqqallarını qırxıb, çin şalvar və rəngli geyimlərdən istifadə ediblər.

Yüksək təhsil səviyyəsi ilə seçilən “gizli agentlər”, Talibanın göstərişi ilə xarici dillər və insan hüquqları sahəsində ixtisaslaşıblar.

Müasir düşüncəli və Qərb dəyərlərinə malik obraz yaratdan bu şəxslər qısa müddətdə dövlətin müxtəlif nazirliklərində, yardım cəmiyyətlərində və universitetlərində işlə təmin olunaraq Talibandan gələcək əmirləri gözləyiblər.

Talibanın “gizli agentləri” universitetlər və önəmli dövlət qurumları ilə yanaşı Qərb təşkilatlarının Əfqanıstanda təşkil etdiyi layihələrdə də yer alıblar. Bu cür layihələrdən birində yaxından iştirak edən Britaniyalı xanım vəkil Feriştah Abbasi gördükləri qarşısında sarsıntı keçirdiyini qeyd edir. Onun sözlərinə görə, Kabilin təslim olmasından sonra rəsmi xəbər kanallarından birində uzun müddət biryerdə çalışdığı iş yoldaşını görəcəyini ağlına belə gətirməyib. Sonradan məlum olub ki, bu şəxs əslində Talibanın səhra komandirlərindən olan Əsəd Məsud Kohistanidir və o, uzun müddətdir Əfqanıstandakı Qərb təşkilatlarının baş ofislərinin yerləşdiyi “Baron” düşərgəsində çalışır.

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan ayrılmasındna dərhal sonra isə gözlənilən əmr verilib və “gizli agentlər” qısa müddətdə aktiv fəaliyyətə keçiblər.

Hətta onlardan bəziləri bir gecədə Əfqanıstan kəşfiyyatının binasını, Kabil hava limanını və Əfqan ordusuna məxsus hərbi hissələri ələ keçiriblər. Nəşrin məlumatına görə, Əfqan ordusunun qısa zaman ərzində sıradan çıxması məhz “gizli agentlərin” fəaliyyəti ilə əlaqədardır. “Gizli agent” olmuş şəxslərin bir qismi hazırda Taliban hakimiyyətinin önəmli dövlət vəzifələrində təmsil olunurlar.

Geri qayıt