Əsas Səhifə > Hadisə, Manşet > Sabirabad sakinləri NİYƏ ETİRAZ EDİR?

Sabirabad sakinləri NİYƏ ETİRAZ EDİR?


23-12-2021, 12:04
Sabirabad sakinləri NİYƏ ETİRAZ EDİR?
DİA.AZ: - Dünən dia-az.life saytı olaraq "Sabirabadda icra başçısı torpaqları satır" - NARAZILIQ! başlıqlı yazını diqqətinizə təqdim etmişdik. DİA.AZ bildirir ki, bu yazıda bir qrup sahibkar Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan şikayətlənərək icra başçısını vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edirdilər və eyni zamanda sahibkarlar bəyan edirdilər ki, icra başçısından edilən şikayətlərə heç bir qurum baxmır.

Onu da bildirək ki, bu şikayətlə bağlı Sabirbad Rayon İcra Hakimiyyəti maraqlı bir açıqlama ilə çıxış edib və sadəcə iki cümlə ilə məsələni qapatmağa çalışıb: "Bildiririk ki, qeyd olunan fakt əsassızdır və şər-böhtan xarakterlidir. Belə ki, yerli icra hakimiyyətlərinin hər hansı bir torpaq sahəsinin alqı-satqısını həyata keçirmək səlahiyyəti yoxdur".

İndi isə qayıdaq icra başçısının ünvanına səslənən şikayətlərə. Şikayətlərdə bildirilir ki, Sabirabad rayon ərazisində 20 min hektardan çox dövlət fondunda olan torpaqlar heyvandarlığın inkişafında böyük rol oynayan maldarlıq sahəsi üçün sahibkarlara icarəyə verilməsi nəzərdə tutulub: "Lakin Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Nazim İsmayılov Saatlı rayon İcra Hakimiyyətinə, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov isə Sabirabad rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə dəyişdirildikdən sonra Cabbarov dövlət ehtiyat fonduna aid torpaqların təyinatını qanunsuz dəyişməklə heyvandarlıq və qoyunçuluq üçün nəzərdə tutulan torpaq sahələrini əkin və balıqçılıq gölü yaratmaq üçün yuxarı dairələrdə arxaları olan şəxslərə icarəyə verib. Beləliklə, Sabirabad rayonu ərazisində 20 min hektar dövlət ehtiyat fonduna aid torpaqlardan 10 min hektara yaxınını Siraqəddin Cabbarov təyinatını pozmaqla əkin və balıqçılıq sahəsinə çevirmiş, heyvandarların vəziyyətini ağırlaşdıran hallara yol verib".

DİA.AZ bildirir ki, bu faktı Sabirabaddan təsdiqləsələr də, nədənsə icra hakimiyyəti bu işdə içştirakçı olmadığını bildirir. Hər halda Kənd Təsərrüfatı Naziri İnam Kərimovun boynuna iş düşür ki, kəndliləri narahat edən bu olaya aydınlıq gətirsin. Çünki Sabirabadın icra başçısı çox hörmətli Siraqəddin Cabbarov məsələnin ona aidiyyatı olmadığını iddia edir. Deməli, əsas məsuliyyət daşıyan tərəf o zaman KTN-dir.

Kimin günahkar olması yox, vətəndaşları maraqlandıran problemlərinin həllidir. Günahkarı axtarmaq isə hüquq-mühafizə orqanlarının işidir.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dia-az.life olaraq işıqlandırmağa hazırıq...


Geri qayıt