Əsas Səhifə > Hadisə, Manşet > `TİK-TOK`ÇU NAZİR OLANDA...

`TİK-TOK`ÇU NAZİR OLANDA...


29-03-2022, 10:31
`TİK-TOK`ÇU NAZİR OLANDA...
Bu günlərdə internet üzərindən avropa təhsili ilə, Azərbaycan təhsilinin fərqi ilə maraqlandım.

Haşa... Fərq böyükdür və çoxdur. Bunu araşdırmadan da çoxumuz görmüşük, eşitmişik. Bu öz yerində.

Oxuduqlarımdan diqqətimi çəkən birinci növbədə məktəbli geyimləri haqqında oldu. Belə ki, avropada məktəblinin məktəbə cins, krasovka və sair nə geyinməsinin fərqi yoxdur. Əslində bizdə də yox idi. 2007-2008-ci illərə qədərini xatırlayıram ki, bizdə də geyim fərqi yox idi. Sonra qərar ciddiləşdi və bütün məktəblilər məktəbli forması ilə dərsə gəlməyə məcbur edildi. İlk vaxtlar bu qaydadan çox valideynlər razılıq etdilər ki, "kasıb, varlı fərqi olmayacaq". Mənim, saf xalqım hardan bilsin ki, qəbul edilən heç bir qərar onları düşünərək verilmir?!...

Məktəbli formalarının qiymətləri ilə ilk vaxtlar çoxları razılaşdı. Lakin, getdikcə qiymətlər yavaş-yavaş qalxdı "at belinə". İndi kimin məktəbli forması var, məktəbə gəlir. O dəqiqə bilinir ki, bunun ailəsinin maddi imkanı zəif deyil. Kim ki, dərsə gələ bilmir... Artıq, məsələ hər kəsə aydındır. Yeri gəlmişkən, məktəbli formalarını da elə hər yerdən almağa icazə yoxdur. Çox məktəblərdə direktor yalnız onların verdiyi müəyyən ünvanlardan, geyimlər almağa məcbur edir, özü də ikiqat bahasına. Başqa yerdən geyim alanlar, o "qaydaları tətbiq edən" direktorların məktəbinə buraxılmır. Yəqin, çoxunuz bu barədə mənimlə razılaşarsınız. Hələ təzə vaxtlardan üstündə "BT" etiketi olmayan geyimlərdəki şagirdlər dərsə buraxılmırdı. Bu sizcə də monopoliya deyilmi?... Hə, onu deyirdim axı. İlk vaxtlar qiymətlər "babat" idi. Borç-xərc tapıb almaq olurdu. Bir ara bizim həm də "təcrübə ocağı"mız olan Təhsil Nazirliyinə "təcrübə keçmək üçün gələn-gedən oldu". Bu dönəmdə də hər təzə nazir gələndə, bilmirəm nə əlaqəsi var idi, amma formaların qiyməti biraz da artırdı. Beləcə qiymətlər qalxdı ulduz boyuna. Təhsilin səviyyəsi isə göz qabağındadır. Məktəblərdə hər şeyin, hətta müəllimlərin yığdığı rüşvətin belə məbləği artırılıb, lakin dərsin səviyyəsi hələ də "yerində sayır". Çünki, çox məktəblərdə normal təhsil öyrədilmir. Buna səbəb müəllimlərin savadsızlığıdır. Gəncə müəllimlər institutunun məzunlarıdır işlə rahatlıqla təmin edilən müəllimlərin bir qismi. Oranı bitirmək üçün də aydın məsələdir ki, savad lazım deyildi, "əlin cibində olsun, axırda gəl diplomunu apar". Vəssalam. Pandemiya dövründə biz online dərslərdə gördük çox müəllimlərin dərs öyrətmə səviyyəsini. Həmişə, hər yerdə müəllimlərin maaşının azlığından gileylənən qocaman müəllimlərin belə çoxillik təcrübəsinin yararsız olduğunun şahidi olduq. Nazir hansı tədbirləri gördü o müəllimlər barəsində? Halbuki, öz savadı ilə ali təhsil alan çox müəllimlər var ki, bu gün məcburiyyətdən ya məktəbin kitabxanasında, ya laboratoriyada çalışır. Günü 10 manata satıcı işləyən ali savadlı pedaqoqların olduğu ölkənin təhsili kimlərinsə əlində "oyuncağ"a çevrilib.

Bu yaxınlarda belə bir xəbər yayımlandı ki, Emin Əmrullayev internetdə videosu yayılan müəllimə ilə görüşüb.

"Tik-tok" sosial şəbəkəsindəki videoları belə diqqətlə izləyən və görüşmək üçün ta... Lənkəran rayonuna qədər gedən diqqətli nazirimiz qonşuluqdakı - Lerik rayonunun Diqo kəndindəki bu məktəbi (məktəb demək olarsa) görməyibmi həmən internetdə?

21-ci əsrdə təbii sərvətlər ölkəsi Azərbaycanda Afrikada qəbilə məktəbini andıran bu tikilinin mövcudluğu Azərbaycan təhsilinin utancıdır.

Bu da deyilənə görə Ağcabədi rayonu Cəfərbəyli kənd orta məktəbidir. Əlavə şərhə ehtiyac yoxdur. "Kor-kor, gör-gör"...

Özü "tik-tok" izləyən Təhsil nazirinin mətbuat xidmətinin rəhbəri də nazirliyin email ünvanına baxmağı - yəni işini icra etməyi unudub. Aylar öncə "DogruXeber.az" redaksiyasından göndərdiyimiz bəzi sorğular hələ də cavabsız qalıb. Baxmayaraq ki, mobil telefon vasitəsilə Cəsarət Valehovun şəxsən özünə də zəng vurub, email ünvanına sorğu göndərdiyimizi diqqətinə çatdırmışdıq. Atalar deyir "ağası gülüm olanın..."

Əlqərəz. ..

Təhsil sahəsində zəiflikdən və özbaşınalıqdan doğan etirazlar, narazılıqlar kifayət qədərdir. Yazmaqla bitməz, amma biz bacardığımız qədər yazırıq, ictimailəşdiririk. Burda bitmədi...

Mövzuya qayıdacağıq.

DogruXeber.az

Geri qayıt