Əsas Səhifə > Hadisə, Manşet > Bələdiyyə sədri bağçalara ayrılan PULLARI BELƏ YEYİB...

Bələdiyyə sədri bağçalara ayrılan PULLARI BELƏ YEYİB...


8-04-2022, 10:41
Bələdiyyə sədri bağçalara ayrılan PULLARI BELƏ YEYİB...
Aprelin 5-də Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib. Məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. Onun sözlərinə görə, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb. İl ərzində uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov həmçinin bildirib ki, dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə tapşırıq və göstərişlərinə uyğun olaraq nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətində hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Ədliyyə Nazirliyi tərəfindən yerli büdcə gəlirlərinin artırılması, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə olunması istiqamətində xeyli iş görülüb.

Qeyd edək ki, məruzənin müzakirəsi zamanı bəzi millət vəkilləri yerli bələdəyillər tərəfindən büdcə vəsaitlərindən səmərəli istifadə edilmədiyinə toxunub, bu istiqamətdə mübarəzinin gücləndirilməsinin vacibliyini bildiriblər.

Büdcə vəsaitlərindən səmərəli istifadə olunmayan bələiyyələrdən biri də Bərdə şəhər Bələdiyyəsidir ki, redaksiyamıza bu barədə ilginc məlumlar verilib. Belə ki, Bərdə Bələdiyyəsi tərəfindən ötən ilin dekabrında şəhərdəki 3 və 7 saylı Körpələr evi-Uşaq bağçasında görüləcək cari təmir işləri üzrə tender keçirib. Lakin qurum “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyərək elan olunmuş və keçirilmiş tenderlər üzrə bağlanmış müqavilələrin nəticələri barədə ictimaiyyətə heç bir açıqlama verməyib. Bu isə tenderlərdə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinə şübhə yaratmaya bilmir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Bərdə şəhər Bələdiyyəsinin (VÖEN-4000124081) dövlətə 58268.68 manat vergi borcu var. Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə şəhər Bələdiyyəsindən heç bir cavab ala bilmədik. Bələdiyyənin sədri Sadiq Xəlilovun ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, rayonda yekəxanalağı ilə tanınan birisidir. Bələdiyyə sədri olana qədər Sadiq Xəlilov Rusiyada bizneslə, xırda ticarətlə məşğul olub və sonra yığdığı pulla rayonda bu mühüm vəzifəyə gələ bilib. Çox güman ki, onun Bələdiyyə sədri olmasında Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevin də rolu olub. Belə olmasaydı Sadiq Xəlilov Bərdə şəhərində bələdiyyə sədrinin səlahiyyətlərinə aid olan məsələləri icra etməkdən daha çox, şəxsi biznesi ilə məşğul olmazdı.

Dövrü mətbuatda da Sadiq Xəlilovun Bərdə şəhər Bələdiyyəsindəki yarıtmaz fəaliyyəti ilə bağlı şikayətlər çoxdu. Sakinlərin dövrü mətbuata yazdıqlarına görə Bərdə şəhərində yolların təmir olunmasından, parklarda abadlıq işlərinin aparılmasından və bələdiyyənin öhdəliyinə düşən digər mühüm işlərin həyata keçirilməsindən söhbət gedə bilməz. Bu şəxs yalnız və yalnız öz maraqları üçün çalışır. Şəhər sakinlərinin rifahı bələdiyyə sədrini qətiyyən düşündürmür. Bu şəxs vətəndaşlara məxsus pay torpaqlarını köhnə tarixə dəyər-dəyməzə satır. Əldə olunan gəliri isə öz problemlərinə sərf edir. Həyətyanı sahələr üçün torpaq vergisinin yığılmasında da xeyli qanun pozuntularının olduğunu yazan sakinlər bu pulların da haraya xərcləndiyini sədrdən başqa heç kimin bilmədiyini qeyd ediblər.

Dövrü mətbuatda məlumat var ki, Bərdə şəhər Bələdiyyəsində ikili protokollaşdırma aparmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi adı altında Sadiq Xəlilov 35 min 567 manatı büdcədən silib.

Sakinlər həmçinin yazırlar ki, bələdiyyə sədri camaata hesabat vermir. Halbuki bələdiyyənin gəlirlərinin hara, necə və nə üçün xərclənməsinə dair müvafiq hesabat verilməlidir. Bələdiyyənin hesabında yetərincə maliyyə imkanları olmasına baxmayaraq, infrastruktur problemi həllini tapa bilmir. Axı Bərdə şəhərində yaşayış sahələrinin, parkların abadlaşdırılması, yol infrastrukturunun qurulması regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında da təsbit olunub.

Amma məlumatlardan da göründüyü kimi Bərdə şəhər Bələdiyyəsinin sədri Sadiq Xəlilov yerli vergilər hesabına əldə olunan gəlirləri sosial infrastrukturda mövcud olan problemlərin həllinə deyil, şəxsi maraqlarına yönəldir. Hətta o qədər qansızlaşıb ki, uşaq bağçalarına və körpələr evinə ayrılan vəsaitlərə də əl qoyur.
Aktualinfo.org

Geri qayıt