Əsas Səhifə > Hadisə, Manşet > Əmrullayev təhsilin başını buraxıbsa...
Əmrullayev təhsilin başını buraxıbsa...19-04-2022, 09:11 |
Tayfabazlıq, qohumbazlıq Azərbaycan təhsilinin ən böyük bəlasıdır. Hansısa məmurun qohumu, dostu, istəklisi olanlar təhsil sistemində önəmli kürsülər tutaraq millətin gələcəyinə balta çalırlar. Müxtəlif yollarla təhsil sisteminə doluşan belə “əvəzedilməz kadrlar” haqqında elə məlumatlara rast gəlirsən ki, baş verənlərə əlaqədar qurumların susqunluq nümayiş etdirməsini heç cür anlamaq olmur. DİA.AZ-ın məlumatına görə, Rubrika.Az saytına 248 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə elə məlumat daxil olub ki, indiyə qədər Təhsil Nazirliyinin vəziyyətə niyə müdaxilə etmədiyinə sadəcə şaşırmaq olar. Məktəbdən verilən məlumatlarda bildirirlər ki, dəfələrlə Bakı şəhər Baş Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciətlər etsələr də onların səsini eşidən olmayıb. “Artıq Təhsil Nazirliyinə də inamımız azalıb. Çünki biz müəllim kollektivi dəfələrlə Təhsil Nazirliyinə faktlarla məktəbdə baş verənləri çatdırmışıq.Ancaq heç bir faydası olmayıb” deyə şikayətçilər bildirirlər. 248 saylı tam orta məktəbin direktor müavini Reyhanə Qurbanovanın saxta əmək kitabçası ilə fəaliyyət göstərdiyi barədə olduqca ilginc məlumatlar verilir. Bildirilir ki, saxta əmək kitabçası olan 248 saylı məktəbin direktor müavini Reyhanə Qurbanova Təhsil Nazirliyindəki himayədarları sayəsində bu vəzifəni tutur. Onun əmək kitabçasına nəzər salsaq 24.08.1998-ci ildən 03.09.2002-ci ilə qədər Azərbaycan Universitetində beynəlxalq münasibətlər-ölkəşünaslıq kafedrasında assisent vəzifəsində işlədiyini görərik. 20.04.2004-06.10.2009 tarixlərində Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxxəsis işləyib. Amma, hər iki iş yeri saxtadır. Çünki hər bir işçiyə 2006-cı il yanvar ayının 1-də sosial sığorta şəhadətnaməsi verilib. Bəs niyə həmin vaxt Reyhanə Qurbanovaya şəhadətnamə verilməyib? Çünki o, saxtakarlıq edərək özünə saxta əmək stajı yazdırıb və əmək kitabçasına vurduğu möhür də saxtadır. Bu barədə hüquq-mühafizə orqanlarına müraciətimizdən əvvəl BŞTİ-nin rəhbəri Mehriban xanım Vəliyevanın diqqətinə çatdırırıq. 248 saylı məktəbdə baş verən olayları şəxsi nəzarətinə götürməyini xahiş edirik Amma onun təkcə əmək kitabçası saxta olsaydı dözmək olardı. Dəhşətlisi odur ki, onun bütün vətənpərvərliyi, dövlətə və bayrağa olan sevgisi də saxtadır. Məlumatlara görə, Xəyyam Fərəcov məktəbə direktor təyin olunandan sonra onun sağ əlinə çevrilən müavini Reyhanə Qurbanova ilə birlikdə məktəbi gəlir yeri və əyləncə mərkəzinə çevirib. Hətta Xəyyam Fərəcovun müavini Reyhanə Qurbanovanın təmtəraqlı ad gününü keçirmək üçün müəllimlərdən pul yığması barəsində də məlumatlar verilir. Bildirilir ki, məktəbə yeni direktor təyin olunan ildən başlayaraq direktor hər il müəllimləri məcburi qaydada akt zalına yığıb Reyhanə Qurbanovanın ad gününü təm-təraqla qeyd edir. Hər bir müəllimə ayrı-ayrılıqda tapşırıq verib, bu şəxsi təbrik etmək üçün qanunsuz pul yığdırırlar. Məclisin sonunda direktor və direktor müavini əl-ələ tutub üzəri şəkillərlə bəzədilmiş tortu təntənəli surətdə kəsirlər. Bu tort kəsmə əməliyyatı hər il, hətta pandemiya dövründə də davam etdirilib. Biz belə təntənəli tort kəsmə mərasimlərinə ancaq şadlıq saraylarında rast gəlirik.Bütün bunlara hardasa dözmək mümkündür. Amma... Bax əsl həngamə də bu “amma”dan sonra başlanır. Xəyyam müəllimlə müavinin tort kəsib havalarda uçduqları vaxt ayaqları altında qalan Azərbaycan bayrağından belə xəbərləri olmur. Belə yerdə “gözü ayaqlarının altını görmür” ifadəsi yerinə düşür. Minlərlə şəhidlərimizin qanı bahasına zirvələrə ucalan bayrağımız Xəyyam Fərəcovun “Ömər Xəyyam” sayağı məclislərindən sonra ayaqlar altına atılırsa, burada günahkar kimdir? Bütün bunları görməzdən gələn Təhsil nazirliyimi, yoxsa bunlara rəvac verən əlaqədar qurumlarmı? Bütün bunları görən və susanların o müqəddəs bayrağın altında “məsud” yaşamağa haqları çatırmı? Gələcək nəsillərin tərbiyəsi bunlaramı etibar edilib? Görünən odur ki, saxta keçmişi ilə böyük bir məktəbdə direktor müavini işləyən R.Qurbanovanın və onun ən böyük himayədarı olan Xəyyam Fərəcovun “bayraq sevgisinə” tezliklə hüquqi qiymət verilməzsə, bütün dövlət və millət üçün təhqir sayılacaq belə halların sayı daha da çox olacaq. Gözü ayağının altını görməyənlərin ayaqları altında tapdalanan bayrağı qaldırmaq zamanıdır, cənablar! Geri qayıt |