Əsas Səhifə > Hadisə, Manşet > Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...

Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...


28-04-2022, 09:56
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Birinci Qarabağ müharibəsində iki oğul itirən 92 yaşlı ana evsiz qalıb. Söhbət Goranboy rayon Səfikürd kəndinin sakini Bəyaz Səfərovadan gedir. DİA.AZ xəbər verir ki, bu barədə Teleqraf.com-a Bəyaz Səfərovanın oğlu Aqil Səfərov məlumat verib.

O deyir ki, dörd qardaşın dördü də Birinci Qarabağ savaşında vuruşub: "Qardaşım Daxili Qoşunların hərbiçisi Habil Səfərov 1993-cü ildə fevralın 27-də Ağdam rayonunda itkin düşdü. Digər qardaşım Natiq Səfərov 1993-cü ilin martın 5-də keçmiş Ağdərə rayonun Qırmızıkənd kəndində şəhid olub. Böyük qardaşım Qabil Səfərov 1992-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndinə gedən döyüşlərdə yaralandı, onun topuğu sınmışdı. Həmin il böyük qardaşımla mən də bir yerdə yaralandım. Hazırda böyük qardaşım da, mən də müharibə veteranıyıq".

Prezident İlham Əliyevin 20 iyun 2014-cü ildə imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair" sərəncama əsasən, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə Səfərovlar ailəsi üçün Goranboy rayonda 3 otaqlı ev tikilib.

Müsahibimizin sözlərinə görə, tikinti zamanı icraçı təşkilat kobud səhvlərə yol verib: "İlk onu deyim ki, ailəmiz üçün evin tikilməsinə qərar veriləndə rayon bələdiyyəsi torpağın olmadığını bildirdi. Bələdiyyə yalnız taxıl biçinindən sonra mənzilin tikintisi üçün torpaq ayrılacağını dedi. Biz də məsləhət gördük ki, yeni mənzili elə ata yurdunda tiksinlər. Onlar torpaq sahəsi bizdən olmaqla yeni mənzilin tikintisini qəbul etdilər. Bələdiyyə həmin torpaq sahəsində olan köhnə evin sökülməsini tələb etdi. İki günə həmin evi söküb onlara tikintiyə başlaya biləcəklərini xəbər etdim. Mənzili sökəndən sonra anamı da, atamı da kirayəyə apardım.

Bir müddət sonra evin hazır olduğunu bildirdilər. Ev təhvil veriləndə əşyalarımızı da götürüb oraya köçmək istədik. Ancaq evə baxanda gördüm ki, hamam tikməyib, mənzilin də divarlarında çatlar əmələ gəlib. Ərazidə su yox idi, maşınla kənardan alıb gətirirdik. Vəziyyətə baxıb qərara gəldim ki, hamamı tikim, suyu çəkim, daha sonra atamı-anamı evə gətirərəm. Əlavə bu işləri görməyim iki aya yaxın vaxt apardı.

Getdikcə mənzildə yaranmış çatların genişləndiyi daha aydın görünürdü. Divar aşağı çökdüyü üçün otaqlardakı qapılar örtülmür. Düşündüm ki, bu gedişlə ev uçacaq, ata-anamı dağıntının altından çıxara bilməyəcəm.

Məsələ ilə bağlı dəfələrlə aidiyyətı orqanlara, Prezident Aparatına şikayətlər ünvanlayandan sonra 2021-ci ilin noyabr ayında evin qəza vəziyyətində olduğunu təsdiqləyən rəsmi sənəd almaq mümkün oldu. Belə ki, ötən ilin noyabrında Yevlax rayon ƏƏSMN-dən, kənd bələdiyyəsi, rayon icra hakimiyyətinin müavini və başqa bir mütəxəssis gəlib mənzilə baxış keçirdilər. Evin təməlini qazanda gördük ki, tikinti zamanı ora sadəcə beton tökülüb, fundamentə karkas yığılmayıb. Demək olar ki, kubiklərin arasında palçıq da yox idi. Nəticədə evin özülü çökməyə başlayıb və qəzalı duruma düşüb.

Gələn nümayəndələr qəzalı vəziyyətdə olan evin videogörüntülərini çəkdilər. Nümayəndələr rəy verdi ki, ev qəzalı vəziyyətdədir və yaşamaq olmaz. Akt tərtib edib imzaladılar ki, evin sökülüb yenidən tikilməsi üçün pul ayrılsın. Sənədi imzalayan cavabdeh şəxslər 2022-ci ilin mart ayında sözügedən qəzalı evi söküb yenidən tikəcəklərinə dair söz verdilər. Lakin bu günə kimi məsələnin həlli istiqamətində heç bir irəliləyiş yoxdur.

ƏƏSMN-nin nümayəndəsinə yenidən müraciətlər etdim. O, mənə əlindən gələni etdiyini dedi. Bildirdi ki, nazirlik mənzilin yenidən tikilməsi üçün lazım olan smetanı Maliyyə Nazirliyinə göndərib".

Aqil Səfərov maddi çətinliyi ucbatından anasını kirayə qaldığı mənzildən çıxarır: "Ahıl anam gah bacımın, gah böyük qardaşımın, gah da mənim evimdə qalır. Onların da evləri dardır. Hər dəfə anam deyir ki, məni evimə aparın, evimi söküb uçurdunuz, qalmışam belə...

Atam Səfərov Zahid 2020-ci ilin mayında rəhmətə getdi. Anam deyir ki, şəhid balalarımın adına tikilən evdə yaşamaq yoldaşıma qismət olmadı. Heç olmasa mənə nəsib olsaydı, ürəyim təskinlik tapardı, bilərdim ki, balamın ruhu şad oldu, rahat gedərdim bu dünyadan. Məgər iki oğlunu şəhid verən, ikisi veteran olan bir ana üçün bu çoxmu böyük arzudur? Mənim də əsas istəyim bu qoca vaxtında anamın öz evinə köçməsidir".

Səfərovlar ailəsi üzvlərinin ümidi ancaq ölkə başçısınadır: "Fürsətdən istifadə edib sizin sayt vasitəsi ilə üzümü cənab Prezidentə tutub deyirəm ki, Siz şəhidlərimizin xatirəsini daim əziz tutur, ailələrinin həmişə qeydinə qalır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına çalışırsınız. Ancaq bəzi üzdəniraq məmurlar nə qanun sayır, nə Allahdan qorxurlar. Xahiş edirik ailəmizin bu problemini öz nəzarətinizə götürəsiniz və qəzalı evin sökülüb yenidən tikilməsinə vəsait ayrılması üçün müvafiq tapşırıq verəsiniz. Əminik ki, anamın son arzusunun ürəyində qalmaz".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə sorğu göndərilib.

Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...

Geri qayıt