Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycanın BÜDRƏYƏN TƏHSİL SİSTEMİ...

Azərbaycanın BÜDRƏYƏN TƏHSİL SİSTEMİ...


6-05-2022, 11:33
Azərbaycanın BÜDRƏYƏN TƏHSİL SİSTEMİ...
Təhsili olmayan bir cəmiyyətin inkişafı mümkünsüzdür. Təhsilin inkişafı hər bir dövlətin əsas prioritetlərdəndir. Azərbaycanda təhsil sistemində çox sayda problemlər var və təəssüf ki, hələ də təhsil adı gələndə rüşvət yada düşür. Bu isə təhsili inkişafdan saxlayan əsas amildir.

Təhsillə bağlı əsas problemlərdən biri indiki proqramların effektiv olmamasıdır. Ekspertlər iddia edirlər ki, təhsilin inkişaf etməməsində də əsas səbəb məhz hazırda istifadə olunan təhsil proqramının müasir dövrlə ayaqlaşmamasıdır.

Prezident İlham Əliyev də təhsil naziri Emin Əmrullayevi qəbul edərkən təhsildə islahatların dərinləşməsini xüsusi olaraq vurğulamışdı:

“Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”.

Göründüyü kimi, təhsilin müasirləşməsi, inkişafı üçün hələ görüləcək çox işlər var. dia-az.life-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarovda Cebhe.info-ya açıqlamasında deyib ki, təhsil proqramları, yəni kurikulum hər bir pillə üzrə qəbul olunmuş dövlət standartlarına uyğun müəyyən olunur:

“Əvvəllər həm təhsil proqramlarını, həm də dövlət standartlarını Nazirlər Kabineti təsdiq edirdi. 3 iyun 2010-cu ildə Nazirlər Kabinetinin 103 saylı qərarı ilə ümumtəhsil dövlət standartları və təhsil proqramları təsdiq olundu. 2020-ci ilin 29 sentyabrda Nazirlər Kabinetini 361 saylı qərarı ilə ümumtəhsil dövlət standartları təsdiq olundu. Artıq hər bir pillə üzrə təhsil proqramları qəbul olunduqdan sonra, 2017-ci ildə məktəbəqədər, 2018-ci ildə peşə təhsili , 2019-cu ildə ümumtəhsil haqqında proqramlar təsdiq olunduqdan sonra artıq proqramları Təhsil Nazirliyi, dövlət standartlarını isə Nazirlər Kabineti qəbul edir.

2020-ci ildə ümumtəhsil dövlət standartları qəbul edildikdən sonra təhsil proqramları qəbul edilməyib. Amma yeni dövlət standartları qəbul edilirsə, ona uyğun olaraq hökmən yeni təhsil proqramları da qəbul edilməlidir. Yəni hazırda təhsil yeni proqramlar olmadan, köhnəsi ilə həyata keçirilir ki, bu da doğru deyil”.

E.Qafarov əlavə edib ki, müstəqillik dövrü ərzində hələ də təhsillə bağlı hüquqi baza formalaşdırılmayıb:

“Azərbaycan artıq 32 ildir müstəqildir. Təhsil proqramında göstərilir ki, sağlamlıq imkanları məhdud olan şəxslər üçün xüsusi dövlət standartları və təhsil proqramları olmalıdır. Müstəqillik dövrü ərzində hələ də xüsusi təhsilin dövlət standartları qəbul edilməyib. Xüsusi təhsil üçün proqram yoxdur. Ümumiyyətlə, hazırda təhsilin idarəedilməsində ciddi hüquqi boşluqlar var. Təhsil Nazirliyinin uzun illərdir başı kadr dəyişməyə qarışıb. Təhsildə islahatı da kadr dəyişmək hesab edirlər.

Amma hər bir fəaliyyət mütləq qaydada qanunlar çərçivəsində həyata keçirilməlidir. İstənilən bir fəaliyyət üçün əgər hüquqi baza yoxdursa, o fəaliyyət subyektiv addımlar hesabına aparılacaq. Bu da qəbuledilən deyil. Düşünürəm ki, təhsillə bağlı hüquqi baza formalaşdırılması vacibdir. 32 ildir müstəqilik, amma təhsillə bağlı hüquqi baza hələ də sıfırın altındadır. Hüquqi baza olmadığına görə təhsilin inkişafı ilə bağlı danışmağın özü də absurddur. Belə olan halda təhsilin nəyin əsasında keçirildiyi mənim özümə də maraqlıdır”.

Göründüyü kimi, təhsilin inkişafı ilə bağlı hələ çox işlərin görünməyinə ehtiyac var. Uzun illər keçməsinə baxmayaraq, hələ də təhsil sistemində hüquqi boşluq, o cümlədən narazılıq yaradan kifayət qədər hallar mövcuddur. Nəzərə alsaq ki, təhsil bir cəmiyyətin inkişafı üçün əsas meyar hesab olunur, bu sahənin inkişafı üçün aidiyyəti qurumlar da, cəmiyyət də çalışmalıyıq.

Geri qayıt