Əsas Səhifə > Hadisə, Manşet > Gəncə Psixiatriya xəstəxanasında NƏ BAŞ VERİR?

Gəncə Psixiatriya xəstəxanasında NƏ BAŞ VERİR?


11-06-2022, 09:24
Gəncə Psixiatriya xəstəxanasında NƏ BAŞ VERİR?
Düz iki il əvvəl – 2020-ci ilin iyun ayında Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verildi. Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir.

O vaxt açılış mərasimində xəstəxcananın baş həkimi Elmira Mirzəyeva dövlətin qayğılı münasibətini alqışlamışdı: “ Xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir».

Elmira Mirzəyevanın vəzifəsindən sui-istifadə etməsi barədə indiyədək mətbuatda xeyli informasiya gedib. Məsələn, həmin xəstəxananın işçisi olmuş Faiq Orucovun yaydığı şikayətə görə, Elmira Mirzəyeva adı işdə olub özləri bir gün belə olmayan işçilərə, gün yazaraq əmək haqqlarını alır, xəstəxanada xəstələr üçün verilən ərzaqları, yataq dəstlərini, xəstə üçün verilən ayaqqabıları, yuyucu mayeləri, köhnə xəstəxananın ünvertarlarını və axırda da xəstəxanasının dam örtüklərini, dəmir məmulatlarını, mişar daşlarını, qapı — pəncərələrini, 15 tonluq su çənini və xəstəxanaya aid olan elektrik transformatorunu “silərək” söküb satmaqla məşğul olub. Hətta xəstəxanaya aid malların daşınaraq mağazalara apraıldığı avtomobillərin nömrə nişanları da açıqlanmışdı: VAZ 06 markalı 57 BE 836 və Mersedes markalı 20 DJ 856.

Həmçinin baş həkimin öz qızını xəstəxanada işə düzəltməsi, yarıtmaz idarəçilik siyasətinə qarşı çıxanlara tələlər qurduğu deyilib.

Əgər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) və BMT-nin aidiyyəti qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirləri həyata keçirilmirsə, demək məsələyə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qarışmalıdır. Eşitdiyimizə görə qarışıb da. Etibarlı mənbədən aldığımız məlumata görə, Elmira Mirzəyeva əlillik statusu almaq üçün psixi xəstə kimi tanınmaq istəyən şəxslərə “forma-88” satmaq istəyi Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasında düyünə düşüb. Həmin şəxslər E.Mirzəyevadan prokurorluğa şikayət edəndə baş həkimin sürücüsü fədakarcasına sinəsini qabağa verib və bildirib ki, həmin şəxslərdən pulu özü borc kimi alıb, rüşvət deyil. Bununla da baş həkim fədakar sürücüyə külli-ixtiyar verib. İndi deyilənə görə, müəssisədə ən vacib məsələlər məhz sürücünün vasitəçiliyi ilə həll olunur.
Dəryaz.az

Geri qayıt