Əsas Səhifə > Hadisə, Manşet > Gömrük generallarının AQİBƏTİ NECƏ OLACAQ?
Gömrük generallarının AQİBƏTİ NECƏ OLACAQ?19-07-2022, 09:46 |
Azərbaycandakı son illərin təcrübəsi göstərir ki, hansısa bir fəxri adı, ordeni, medalı, rütbəni və s. ən çox hörmətdən salan onların kütləvi şəkildə paylanmasıdır. Bu sıraad general rütbəsi də var. Təəssüf ki, bu rütbə məlum səbəblərdən öz mənəvi gücü, missiyası və nüfuzu baxımından sözün əsl mənasında deqradasiyaya uğrayıb. Təkcə həbs olunan və istintaqa cəlb olunan MTN generallarını xatırlatmaq kifayətdir. Adi quldur, soyğunçu, rüşvətxor, korrupsioner, möhtəkir və s. olan və ilkin statusu, daşıdığı dəyərlər baxımından general adı, rütbəsi ilə heç bir əlaqəsi olmayan bu tiplərin davranışları, əməlləri, cinayətləri Azərbaycanda general rütbəsinin çəkisinin haralara qədər yuvarlandığı barədə açıq təsəvvür yaratdı... Uzun müddətdir ki, istər irili-xırdalı sahibkarların, istərsə də sıravi vətəndaşların ən çox gileyləndiyi qurumlardan biri olan Dövlət Gömrük Komitəsinin rəhbərliyində gözlənilmədən həbslər və dəyişikliklər oldu. Əlbəttə, çox istərdik ki, bu dəyişikliklər obyektiv reallığa və əhalinin, sahibkarların, mütəxəssislərin haqlı irad və şikayətlərinə əsaslansın, gömrükdə nəhayət ki, soyğunçuluq, yerlibazlıq, inhisarçılıq yox, obyektiv sosial-iqtisadi qanunlara uyğun reallıq yaradılsın. Ancaq Azərbaycanda “yeni gələnin əvvəlkinin atasına rəhmət oxutması” təcrübəsi geniş yayıldığından və bir çox sistem problemlərinin qaldığından bu mövzuda optimist olmaq çətindir. Bununla yanaşı, gömrük idarəsi ətrafında baş verənləri iqtidar daxilindəki qruplar arasında çəkişmələrlə bağlayanlar da az deyil... Ancaq mövzu daha çox dərin kökləri olan gömrük-vergi sistemi yox, gömrük generalları mövzusu olduğundan, bir statistikaya nəzər salaq. Bunlar DGK rəhbərliyindəki generalların və polkovniklərin kiçik bir qisminin siyahısıdır: 1.Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub 2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub. 3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 5. Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor - 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 6. Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi general-mayor Kənən Məmmədov Ələsgər oğlu . Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 7. Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. 8. Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub. 9. Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik - 1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub. Siyahını uzatmaq da olar və bunu təqdim etməkdə məqsədimiz heç də sözügedən vəzifəli şəxslərin region mənsubiyyətini qabartmaq deyil. Obyektivlik naminə qeyd edək ki, gömrükdə yerlibazlığın əsası Səfər Mehdiyevdən xeyli əvvəl qoyullub. Zatən bu mövzuda mətbuatda çoxsaylı materiallar, faktlar dərc edilib və nə iş idisə bu faktlara əhəmiyyət verən, hansısa dəyişiklik aparan olmayıb... Burada məsələ sözügedən gömrük general və polkovniklərinin indidən sonrakı taleyidir. DGK-dakı generalların artıq azı ikisi həbs olunub. Digərlərinin də “aydan arı, sudan duru” olmadıqları yüngülbari yoxlama ilə üzə çıxarıla bilər. Hamıya bəllidir ki, bu adamlar layiq olub-olmadıqlarından asılı olmayaraq, məlum səbəblərdən, hansısa dalğa üzərində bu vəzifələrə və rütbələrə yiyələniblər. İndi onları bu yerlərə gətirən dalğanı başqa bir dalğa əvəz edəcəkmi və oturduqları kabinetlərdən alıb atacaqmı? Vaxtilə Fazil Məmmdovun da böyür-başı vergi generalları, polkovnikləri və s. ilə dolu idi. 10-dan yuxarı müşaviri vardı. İndi onlardan neçəsi vəzifədə qalıb, neçəsinin yığdığı özünə qismət olub, neçəsi müflis olub? Demək çətindir. Ancaq hər halda, heç də hamısının işi və vəziyyəti rəvan deyil... Eldar Mahmudovun generallarının başına gələnlər isə bir qədər fərqlidir və onların bir çoxlarının məhkəmələr, istintaqlar və həbsxanalardan keçən “macəraları” hələ davam edir. Marqlıdır, bəs Səfər Mehdiyevin generalları üçün hansı yol, qismət nəzərdə tutulub? Bütün bunlar göstərir ki, şəxsi keyfiyyət və bacarıqlar yox, hansısa yerlibazlıq, dostbazlıq və s. üzərində vəzifə, ad, rütbə almağın sonu heç də hər zaman yaxşı qurtarmır... Bir də yəqin ki, ümumiyyətlə genaral rütbəsinin verilməsi kriteriyalarına, fəlsəfəsinə yenidən baxmağa ehtiyac var. Əlbəttə, bu, təkcə Azərbaycana aid məsələ deyil, ancaq məntiqlə gömrük, yaxud vergi generalı olursa, nədən maliyyə, yaxud kənd təsərrüfatı, hətta baytarlıq generalı olmasın? Birbaşa güc strukturlarına aid olmayan nazirlik və idarələrdə general rütbələrinin paylanması çoxmu vacibdir? Bu anormallığı aradan qaldırmaq üçün qanunvericilikdə uyğun dəyişikliklər etmək olmazmı? Torpaq uğrunda canını qoyan, şəhid olan zabitə də polkovnik, general deyək, möhtəkirliklə, inhisarçılıqla, siqaret, araq alverilə məşğul olan, kabinetində oturub rüşvət yığan gömrük, yaxud ədliyyə məmuruna da? Axı, general rütbəsini düşünənlər, ilk olaraq tətbiq edənlər onu ordu, döyüşçü, zabit üçün nəzərdə tutublar, vergi, yaxud gömrük rüsumu yığan məmur üçün yox! “AzPolitika.info” Geri qayıt |