Əsas Səhifə > Hadisə, Manşet > Qəzənfər Ağayevi nədən bu qədər əzizləyirlər...

Qəzənfər Ağayevi nədən bu qədər əzizləyirlər...


15-09-2022, 12:31
Qəzənfər Ağayevi nədən bu qədər əzizləyirlər...
DİA.AZ: - "Biz Qəzənfər Ağayevdən yorulduq... Bakıda oturanlar yorulmadı?" Bu sualla bir qrup Astara rayon sakini DİA.AZ vasitəsilə "yuxarılara" sual ünvanlayırlar.

Sakinlər dia-az.life-a yazır: "Qəzənfər Ağayev 10 ildən artıqdır ki, Astaranın icra başçısıdır. Rayonu necə idarə edir... bunu hər kəs bilir. Bakıda oturanlar daha yaxşı bilir. elə gün yoxdur ki, Astaradan şikayət getməsin... Amma bizi eşidən yoxdur. Etdiyimiz şikayətlər geriyə - elə başçının üstünə qayıdır".

Sakinlər iddia edir ki, kimsə Qəzənfər Ağayevi ciddi şəkildə himayə edir: "Əgər belə olmasaydı Qəzənfər Ağayev ən azından etdiklərinə görə, vəzifəsindən alınardı. Onunla bağlı ağır ittihamlar var. Zamanında mətbuatda səslənib. Amma kimsə araşdırmır. Görünür ki, onu himayə edənlər çox ciddi dairələrdir".

Daha sonra müraciət müəllifləri ölkə rəhbərliyindən Astara rayonuna yeni başçının göndərilməsini xahiş edirlər: "Biz hansısa rayona gənc rəhbər gətiriləndə paxıllıq edirik... Nədən Astaraya da gün doğmasın ki?"

***

DİA.AZ qeyd edir ki, Ağayev Qəzənfər Arif oğlu Astara Rayon İcra Hakimiyyətinin Başçısısı postunu on ildən artıqdır ki, tutmaqdadır.

2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.
Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində Tikinti trestində, 1987-1990-cı illərdə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.
2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində işləyən Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlı rayon İcra hakimiyyəti başçısının Sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.

***

Sakinlərin müraciətilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt