Əsas Səhifə > Hadisə, Manşet > XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...

XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...


30-11-2022, 09:39
XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...
7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, ikinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil Xəyal Abbasov Goranboy rayonunun Nadirkənd kəndində yaşayır.

Qazi müharibədən qayıtdıqdan sonra bir sıra problemlər, məmur süründürməçiliyi ilə qarşılaşdığını deyir. İki illik mübarizədən sonra son çarəni Toplum TV-nin qaynar xəttinə müraciət etməkdə görən qazinin əsas problemi torpaqla bağlıdır.

X. Abbasov müharibədən qayıtdıqdan sonra əkin-biçinlə məşğul olmaq istəyib və torpaq ala bilmək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti də bu işə onların yox, bələdiyyənin baxdığını deyib, ora getməsini tövsiyə edib. Şikayətçi özü kənddə yaşasa da, istədiyi torpaq Goranboy rayonundan olduğu üçün o, Goranboy rayon bələdiyyəsinin sədri Şəmsi Əliyevin qəbuluna gedib. Bələdiyyə sədri ona 4 hektar torpaq sahəsi verib.

Saatlı rayonu, Dədəqorqud kənd sakini Cavanşir Abbasov deyir, onun adına 20-ə yaxın bank kartı açılıb....

Torpağın verilməsi ilə probleminin həll olunduğunu düşünən X. Abbasov yenə də məyus olub. Buna isə səbəb məcburi köçkünlərin həmin torpaqdan örüş yeri kimi istifadə etməsi olub: “Bələdiyyə sədri torpağı göstərib dedi ki, sezondur, get, yeri ək, sənədi də gələndə verərik. Gedib 3 dəfə texnika saldım, ancaq məcburi köçkünlər imkan vermədi. Deyirlər, icra hakimiyyətindən, torpaq şöbəsindən nümayəndə gəlsin, sənədi göstərsin, ondan sonra əkin-biçin et”.

Ona verilən torpağın örüş sahəsi olduğunu öyrənən X. Abbasov təkrar bələdiyyə sədrinin qəbuluna gedib. Onun sözlərinə görə, bələdiyyə sədri gəlib məcburi köçkünlərlə danışacağını desə də, vədinə əməl etməyib.

Bələdiyyə sədrindən ümidini kəsən şikayətçi məcburi köçkünlərlə bağlı tədbir görülməsi üçün polisə müraciət edib. Ancaq polis də torpağın sənədi olmadığı üçün bu işə bir əncam çəkə bilməyəcəyini bildirib.

Qazinin qaynar xəttə müraciətindən sonra Toplum TV Goranboy rayon bələdiyyə sədri Şəmsi Əliyevlə əlaqə saxlayıb. Bələdiyyə sədri isə açıqlamasında deyib ki, məcburi kökünlərlə bir dəfə danışıq aparıb, yenə də aparacaq: “Ora xəritədə örüş ərazisi kimi göstərilir. Mən məcburi köçkünə necə deyim ki, sən mal-qaranı bura salma. Biz bir dəfə məcburi köçkünlərlə danışdıq, amma X. Abbasov ərazinin 4 hektarı ona verildiyi halda 7 hektarına taxıl əkdi”.

X. Abbasov da bələdiyyə sədrinin dediyini təsdiqləyir, 7 hektar torpaqda taxıl əkdiyini etiraf edir. Buna səbəb kimi isə onun 10 hektar torpaq sahəsi istədiyi halda 4 hektar verilməsini göstərir.

Qeyd edək ki, bu məsələdə hər iki tərəf qanun pozuntusuna yol verdiyini özləri də etiraf edir. Bələdiyyə sədri xəritədə örüş sahəsi kimi göstərilən ərazini qaziyə verməklə məcburi köçkünlərin hüququnu pozmuş olub. Əgər həmin ərazi X. Abbasova verilərsə, o zaman məcburi köçkünlər mal-qarasını harada otaracaq? Qaziyə rayonun başqa yerlərindən torpaq sahəsi verilə bilməzdimi?

Digər bir qanun pozuntusu isə qazinin kənddə qeydiyyatda olduğu, yaşadığı halda rayonun mərkəzindən torpaq istəməsi, ona verilən torpaq sahəsi 4 hektar olduğu halda 7 hektardan istifadə etməsidir.

Torpağın sənəd məsələsinə gəlincə isə, bələdiyyə sədri bununla bağlı müvafiq quruma müraciət etdiyini və cavab gözlədiyini deyir: “Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və idarə hüquqları yalnız torpaq hərracları və auksionları vasitəsilə əldə oluna bilər. Sənədin verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Müvafiq protokol təyin edilib. Mənə həmin orqan mülkiyyət hüququnu tanıdacaq çıxarışı verəndən sonra hərraca verəcəm, həmin vətəndaş da torpağı hərracda udacaq”.

Bələdiyyə torpaqlarının hərracında bir çox şəxslər iştirak edə bilər. Ancaq bələdiyyə sədri bu hərracın qazinin “udacağına” əmindir. Çünki, əslində torpağı qazi udmayacaq, torpaq qaziyə veriləcək.

Şikayətçi maldarlıq üçün rayon məşğulluq mərkəzinə də müraciət edib, ancaq buradan da adekvat cavab ala bilməyib.

Məsələylə əlaqədar Toplum TV- Goranboy rayon Məşğulluq Mərkəzinə sorğu ünvanlayıb. Bir neçə gün öncə oradan bizə vətəndaşla əlaqə saxlayıb problemi ilə maraqlanacaqlarını desələr də, hələlik bu baş verməyib.

X. Abbasov deyir ki, müharibədə yaralanıb hospitalda yatan zaman Prezident İlham Əliyev şəxsən onlara baş çəkib vədlər vermişdi :“Prezident şəxsən bizə baş çəkib gələcək həyatımızda bizlər üçün imtiyazların öncəlik təşkil edəcəyini, bu ölkədə bizim haqqımız və payımız olduğunu demişdi. Ancaq məmurlar, yerli icra orqanları bu sözə əməl etmədi”.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Toplum TV-ə qazilərin problemlərinin həlli üçün vahid bir komitənin yaradılmasının vacibliyini vurğulayıb: “Pay torpağının qazilərə iki dəfə, yəni iki pay verilməsi haqqında Heydər Əliyevin sərəncamı var. Bununla məşğul olacaq, bu kimi problemləri nizama salacaq bir dövlət qurumuna ehtiyac var. Ancaq bu yoxdur. Biz arzu edirik ki şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün problemləri ilə bir qurum məşğul olsun. ASAN xidmət, Qaçqınkom kimi bir qurum da qazilərin problemlərinin həlli üçün yaradılmalıdır. Qazi də bütün problemləri ilə bağlı müxtəlif qurumlara yox, vahid bir quruma müraciət etməli və problemi həll edilməlidir.”.

X. Abbasov nə bələdiyyə sədrinin sözünü tutacağına, nə də Məşğulluq Mərkəzindən ona zəng gələcəyinə inanmır. O deyir ki, hazırda müharibənin və məmur özbaşınalıqlarının onda yaratdığı travmaları aradan qaldıra bilmək üçünsə psixi dispanserdə müalicə alır.

Məsələni diqqətdə saxlayacağıq.
//Toplum TV//

XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...
XTQ-çi Qazimizə Goranboyda bir qarış torpaq tapılmır...
Geri qayıt