Əsas Səhifə > Hadisə, Manşet > Bakı Baş Gömrük İdarəsindəki özbaşınalığa görə kim cavab verməlidir?
Bakı Baş Gömrük İdarəsindəki özbaşınalığa görə kim cavab verməlidir?15-12-2022, 09:35 |
Bir neçə gün əvvəl Çindən dekor güllər gətirən tacirlərin Bakı Baş Gömrük İdarəsində haqsızlıqla üzləşdikləri səbəbindən Dövlət Gömrük Komitəsinə (DGK) etiraz etmələri barədə məlumat yaymışdıq. Xatırladaq ki, redaksiyamıza müraciət edən bir qrup şəxs Çindən idxal etdikləri sintetik güllərə görə gömrük haqqı bir kiloqrama görə 3,5 ABŞ dollarından 5,0 dollara qədər qaldırılmasından şikayətlənmişdilər. Bakı Baş Gömrük İdarəsində rastlaşdıqları axırıncı tələbdən çox məyus olan ticarətçilər etirazlarını daha uca səslə bildirmək üçün Dövlət Gömrük Komitəsinə də gedibmişlər. Onlarla təmasa çıxan Bakı Baş Gömrük İdarəsinin Elmir adlı əməkdaşı isə sözün hərfi mənasında bazarlıq etmişdi: “Qiymət qalxıb, yox əgər 5 dollara razı deyilsinizsə, sizin üçün güzəşt edib 4,5 dollara rəsmiləşdirə bilərik”.Şikayətçilər Mediatv.az-a bildirirlər ki,axı son zamanlarda gömrük haqqında,eləcə də gömrük rüsumları haqqında qanunda dəyişiklik edilməyib.Bizdən alınan bu pullar hara köçrülür,kimlərin cibinə axır? KİV olaraq mülahizə yürütmüşdük ki, bu məsələ bu ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilən, yerinə hələlik təyinat olmayan gömrük xidməti polkovniki Pərviz Kəngərlinin vəzifəsinin müvəqqəti icrasının tapşılırldığı DGK sədrinin birinci müavini,sədr vəzifəsini müvəqqəti icra edən Şahhin Bağırova qarşı təxribat da ola bilər. Eyni zamanda DGK sədrinin birinci müavininin BBGİ-nin rəisi vəzifəsini müvəqqəti öz üzərinə götürən kimi dərhal elə qanunsuz göstərişlər verə bilməsini inandırıcı hesab etməmişdik. Amma “ən doğrusunu DGK rəhbərliyi bilər” deyib Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundovla telefon əlaqəsi saxladıq və baş verənlərə aydınlıq gətirməsini xahiş etdik. Natiq müəllim Bakı Baş Gömrük İdarəsi ilə əlaqə saxlayacağını, uzağı 20 dəqiqə ərzində məsələ ilə bağlı açıqlama verəcəyini vəd etdi. O 20 dəqiqə artıq bir həftədir ki, mətbuat katibi hər vəchlə bizimlə ünsiyyətdən yayınır. Onun əvəzinə telefonu götürən əməkdaşlar zəng etdiyimizi ona çatdıracaqlarını deyirlər, amma cavab gəlmir ki, gəlmir. Belə başa düşürük ki, cənab Natiq Axundov təkzibolunmaz və həm də izaholunmaz fakt qarşısında qalıb və nə cavab verəcəyini, qanunsuz qiymət artımını hansı “arqumentlə” əlaqələndirəcəyini bilmir. Adətən belə situasiyalarda etirazların səngiməyini, necə deyərlər, “aranın sakitləşməyini” gözləyirlər ki, vaxt qazansınlar. Ümid edirlər ki, ticarətçilər boş yerə vaxt itirdiklərini görüb vəziyyətlə barışarlar. İstisna deyil ki, onların arasında daha fəallarını dilə tutmaq və təzyiq göstərmək yolu ilə fikirlərindən yayındırmaq, bir sözlə, sıralarını pozmaq cəhdləri də olsun. Ən sonda xatırladaq ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarınının dərəcələri Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilir və qərar NK-nın “www.cabmin.gov.az” saytında yerləşdirilir. Mövzuya qayıdacağıq. Mediatv.az Geri qayıt |