Əsas Səhifə > Hadisə, Manşet > “AAAF Park”da binaların zirzəmilərinə kütləvi müdaxilə edilir
“AAAF Park”da binaların zirzəmilərinə kütləvi müdaxilə edilir13-02-2023, 10:29 |
Türkiyədə baş verən zəlzələ zamanı yaşayış binalarının kütləvi olaraq dağılması inşa edilən binaların keyfiyyət məsələsini yenidən gündəmə gətirib. Son günlər sosial şəbəkələrdə əsas müzakirə olunan mövzu ölkəmizdə, xüsusən də Bakının Yasamal, Sabunçu, Binəqədi və Abşeron rayonlarında yeni tikilən binaların əksəriyyətinin keyfiyyətsiz aparılmasıdır. Qlobal.az-ın əldə etdiyi məlumata görə Abşeron rayonunda keyfiyyətsiz inşa edilən binalardan bəziləri Xırdalan şəhərində “AAAF Park” yaşayış kompleksindədir. Bu ərazidə inşa edilən binaların tikintisi zamanı geoloji kəşfiyyatın düzgün aparılmadığı vurğulanır. Burada olan digər problemin isə Ceyranbatan gölünün yaxın və hündürdə olduğuna görə rütubətliliyi artırması olduğu bildirilir. Məlumata görə “AAAF Park” yaşayış kompleksində mini stadionun yanında inşa edilən 5 mərtəbəli binalar bataqlıq ərazidə inşa edilib. Burada binaların podvalının daim rütubətli olduğu, qamış bitkiləri bitir. Daha ilginc məqam isə bir müddət öncə kompleksdə olan yaşayış binalarının zirzəmilərinə şirkət rəhbərliyi tərəfindən müdaxilə edilməsidir. Qanunsuz edilən bu hal isə onsuzda keyfiyyətsiz inşa edildiyi deyilən binaları daha riskli edib. Qeyd edək ki, ötən il “AAAF Park” yaşayış kompleksində binaların zirzəmilərinə edilən müdaxilələrə görə Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı ərazidə qanunsuzluğun baş verdiyini təsdiqləyib. Nazirlik rəsmisi bildirib ki, burada qanunsuzluğun qarşısını ala bilmirlər: “Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”. “AAAF Park” səslənən iddialara münasibət bildirməyib. //Qlobal.az// Geri qayıt |