Əsas Səhifə > Hadisə, Manşet > Əgər məhkəmələr qanunlara tüpürürsə...

Əgər məhkəmələr qanunlara tüpürürsə...


4-04-2023, 09:14
Əgər məhkəmələr qanunlara tüpürürsə...
Bakı və ətraf qəsəbələrdə 500 mindən çox sənədsiz evin olması problem olaraq qalmaqdadır. İnsanlar bu barədə mediada bir məlumat görəndə sevinirlər ki, bəlkə hökumət problemin həll istiqamətində bir addım ata. Amma təəssüf ki, hələ də hökumətin bu istiqamətdə atacağı addım, verəcəyi bir sərəncam, qərar görsənmir.

Martın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklər müzakirə olunması və dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış ilə təmin edilməsinin açıqlanması insanlarda bir ümid yaradıb ki, bəlkə yaşayış sahələri ilə bağlı da Məcəlləyə dəyişiklik oluna, indiyə kimi tikilən evlər çıxarış ilə təmin oluna. Amma qeyri-yaşayış sahələrindən fərqli olaraq yaşayış sahələrinin çıxarışla təmin olunması o qədər də inandırıcı görsənmir. Ona görə ki, əksər qeyri-yaşayış sahələri elə məmurların və yaxud “Şəhərsalma və Tikinti” Məcəlləsinə dəyişiklik edən deputatların özlərinə məxsusdur və bununla öz maraqlarını təmin edərək, əmlaklarını sənədləşdirirlər.

O baxımdan, inandırıcı görsənmir ki, ümumilikdə sadə vətəndaşın illərdir gözlədiyi sənədsiz ev problemi həllini tapsın. Çünki bu problem zaman-zaman mediada qaldırılır və eləcə də unudulur. Ona görə ki, problemin köklü şəkildə birdəfəlik həllini tapmaması və 500 mindən çox evin hələ də sənədləşməməsi rüşvət və korrupsiya mənbəyidi. Çünki bu cür sənədsiz ev sahibləri var ki, evlərinin sənədləşdirilməsi üçün azı 5-10 min manat rüşvət verib, evlərinə çıxarış alırlar.

Üzücü hal odur ki, tikintiyə başlayandan evin bünovrəsi rüşvətlə qoyulur. Məsələnin kökü isə oradan başlayır ki, vətəndaş ya tam sənədsiz torpaqda, ya bələdiyyə torpağında, ya da hansısa rayon icra hakimiyyətindən aldığı torpaqda ev inşa edir. Bu torpaqların da əksəriyyətinin təyinatı yaşayış sahəsi deyil, ehtiyat fondu, su fondu, kənd təsərrüfatı, sənaye, rabitə və digər təyinatlı olurlar. Torpağın təyinatı dəyişdirilmədən isə rayon icra hakimiyyətləri rüşvət müqabilində tikintiyə icazə verir, sonra da biçarə vətəndaş zülmlə tikdirdiyi evinə qeydiyyata belə, düşə bilmir, mülkiyyət hüququ tanınmır, hansı ki, Konstitusion hüquq pozulur. İllərlə kommunal haqqı ödəyir, amma mülk onun deyil.

Torpaqların təyinatı məsələsində daha bir maraqlı məqam var. Abşeron rayonu, Masazır qəsəbəsində ehtiyat fond torpaqları xüsusi mülkiyyət kimi əhaliyə satılıb və vətəndaşların əlində xüsusi mülkiyyət olduğunu təsdiq edən çıxarışları var. Məsələn, Masazır qəsəbəsində bu sətirlərin müəllifinə məxsus torpaq sahəsinin 1106353 saylı çıxarışında torpaq sahəsinin mülkiyyət növü “xüsusi mülkiyyət”, amma eyni zamanda torpaq sahəsinin kateqoriyası “ehtiyat fond torpağı” qeyd olunur. Evə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 4 dəfə rəsmi şəkildə müraciət etsək də, hər dəfə imtina cavabı verilib və sonda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olmuşuq. Məhkəmə iclasında hakim Ceyhun Məmmədov şikayətçi kimi haqlı olduğumuzu bildirsə də, ənənvi olaraq sonda adıkeçən qurumun xeyrinə qərar verib.

Sumqayıt Apellyasiya Məhkəməsi də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xeyrinə qərarı qüvvədə saxlayıb. Məhkəmə iclaslarına gedib-gəlməkdən yorulduğumuz və Ali Məhkəmənin də ədalətli qərar verəcəyinə inanmadığımız üçün prosesi dayandırmağa məcbur olduq. Amma mətbuatı izləyən hər kəs bilir ki, Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəmiyyətdə qurum kimi necə “ad qazanıb”.

Xatırlayırsınızsa, ötən il fevralın 22-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçirdilər və görülən tədbirlər nəticəsində qeyd olunan qurumda müvafiq sektorda mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edildiyi açıqlandı.

Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq şöbəsində ekspert vəzifəsində işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib olunması və çıxarışların verilməsi üçün müraciət etmiş vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr aşkar edildiyi mətbuatda yer aldı.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baxın, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi çıxarışların verilməsi müqabilində adıkeçən şəxslərin rüşvət aldığını təsdiqləyib və həmin şəxslər həbs olunub. Yəni demək istədiyimiz odur ki, sözügedən qurumun bu əməkdaşları çıxarışı rüşvətlə verdiyi halda, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Ceyhun Məmmədov ailəmizə məxsus 1,5 sot xüsusi mulkiyyət olan torpaq sahəsinin üzərində inşa etdirdiyimiz evə çıxarışın verilməsi ilə bağlı qərar verməyib, əksinə cəmiyyətdə reputasiyası zədələnmiş bir qurumun-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xeyrinə qətnamə verib. Odur ki, hüququ pozulan bir jurnalist kimi, fürsətdən istifadə edərək ölkə başçısı prezident İlham Əliyevə müraciət edirəm:

Cənab Prezident, mənim ailəmə məxsus evin və eləcə də 500 mindən çox evin sənədləşdirilməsi üçün sərəncam vermənizi və bu problemin birdəfəlik həllini tapmasını xahiş edirəm. Bu problemin köklü həlli həm dövlət, həm də vətəndaşlar üçün faydalıdır. Dövlət üçün faydası odur ki, evlərin sənədləşdirilməsi üçün müəyyən olunan rüsum dövlət büdcəsinə daxil olar, daha hansısa rüşvətxor məmur çıxarışların verilməsi üçün rüşvət ala bilməz. Ondan əlavə də seçki prosesində insanlar qeydiyyatda olduğu ərazi üzrə səs verərlər və hüquq-mühafizə orqanları da hansısa cinayətkarı yaşadığı ünvan üzrə axtarıb tapa bilər. Həmçinin vətəndaşların da yaşayış yeri üzrə qeydiyyata alınması onlara əlavə vaxt, pul itkisinə səbəb olmaz. Çünki vətəndaş yaşadığı yer üzrə qeydiyyata alınmayanda şəxsiyyət vəsiqəsini belə, dəyişmək üçün hansısa doğulduğu rayona getməli olur və əlavə problemlərlə üzləşməli olur. Bu baxımdan, 500 mindən çox sənədisz evin problem olaraq qalması ancaq rüşvətxor məmurlar üçün rüşvət mənbəyidir.

Möhtərəm Prezident, Sizdən çox xahiş edirəm, vətəndaşların narazılığına səbəb olan bu problemi həll edəsiniz. Mən və ailə üzvlərim evə çıxarış verilmədiyi üçün qeydiyyata düşə bilmirik. Bu isə bizə əlavə problemlər yaradır. Masazır Bələdiyyəsinə müraciət etsəm də, bizə məlumat verdilər ki, “siz ancaq evinizə müvəqqəti qeydiyyata düşə bilərsiniz, daimi qeydiyyat mümkün deyil və vəsiqənizi bu ünvan üzrə dəyişə bilməzsiniz”. Və bizim kimi minlərlə ailə də bu cür öz evlərinə qeydiyyata alınmır. Bu da, qeyd etdiyim kimi, əlavə problemdi. Üstəlik, sənədsiz evlərin alqı-satqı prosesində dələduzluq halları da kifayət qədərdir ki, bu da ölkədə cinayətkarların artmasına gətirib çıxarır. Çünki bu evlərin alqı-satqı prosesi notarial qaydada aparılmır. Çıxarışı olmayan evlərin iki və daha çox adama satılması ilə bağlı mətbuatda kifayət qədər məlumatlar yer alır.

Məsələ ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovun fikirlərini də təqdim edirik:

“Bildiyimiz kimi, sizin torpaq sahəsinə xüsusi mülkiyyətə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilib. Orada torpaq ehtiyat fond kimi nəzərə alınıb, amma çıxarış xüsusi mülkiyyət hüququna dair çıxarışdı və siz sonradan Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı ilə texniki layihəni təsdiq elətdirmisiniz və 67 kvadratmetr sahəsi olan mənzil inşa etmisiniz. Belə olan halda, çıxarış sizin adınızadır və tikinti normalarına riayət etmisinizsə, eyini zamanda evin texniki layihəsi təsdiq olunubsa, bəli, o halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin tikintinin xüsusi mülkiyətə dair olması ilə bağlı sizə çıxarış verilməlidir. Mən məhkəmə qərarlarına da baxdım. Məhkəmə qərarları ümumiyyətlə, anlaşılan deyil, orada demək olar ki, hər hansı bir əsaslandırıcı imtina edilməsinə dair heç bir maneə yoxdur və hər hansı bir hüquq normasına da əsaslandırmayıblar. Belə olan halda, mən hesab edirəm ki, məhkəmə orqanın verdiyi qərar da qanunsuzdur və hərmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmaması da absurddur. Çünki sizin torpağın xüsusi mülkiyyət olmasına dair çıxarışınız var. Birinci qanunsuzluğu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti edib ki, süründürməçiliyə yol verib, vətəndaşa qeyri-qanuni olaraq imtina verib. Digər qanunszuluq da məhkəmədə davam edir. Çünki mən məhkəmənin gətirdiyi dəllilərdə hər hansı bir hüquq norması görmədim”.

Xüsusi qeyd: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərarda qeyd olunur ki, Azərbaycan Respblikasının Torpaq Məcəlləsinin 33.2-ci maddəsinə əsasən dövlət ehtiyat fond torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icrasinə verilməmiş dövlət torpaqları daxildir. Amma əksinə, Torpaq Məcəlləsinin müvafiq maddəsində qeyd olunur ki, Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir. Məhz Torpaq Məcəlləsinin bu bəndi imkan verir ki, ehtiyat fond torpaqlarının üzərində inşa edilən evlər çıxarışla təmin edilsin. Sumqayıt İnzabiti-İqtisadi Məhkəməsinin hakimi Ceyhun Məmmədovun Torpaq Məcəlləsini bu dərəcədə təhrif etməsini açığı, heç gözləməzdik. Aydın görünür ki, cənab Ceyhun Məmmədovun Torpaq Məcəlləsini yenidən oxumasına ehtiyac var.

Onu da qeyd edək ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov isə həmkarının bu ciddi səhvini görməzdən gəlib, qərarı qüvvədə saxlayıb. Görəsən, Azərbaycan qanunlarını tam tərsinə oxuyan bu hakimlərdən hansısa ədalətli qərar gözləmək olar?!

Şamo EMİN
//hurriyyet.az//
Geri qayıt