Əsas Səhifə > Hadisə, Manşet > “Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə ona şəhidlik statusu verilir, amma…”

“Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə ona şəhidlik statusu verilir, amma…”


8-06-2023, 08:40
“Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə ona şəhidlik statusu verilir, amma…”
Naxçıvan şəhəri, Ordubad rayonu, Vənənd kənd sakini Məmmədov Məzahir Fazil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu döyüş təlimi zamanı hərbi hissədə vəfat etdiyi halda, ona şəhidlik status verilmir:

"Mən, Ordubad rayonu, Vənənd kənd sakini Məmmədov Məzahir Fazil oğlu, yazaraq bildirirəm ki, oğlum Məmmədli Fazil 29.06.2022-cı ildə Naxçıvanın N saylı hərbi hissəsində döyüş təlimi zamanı, hərbi əmri yerinə yetirərkən faciəli şəkildə şəhid olmuşdur. Yas mərasimində hərbi qulluqçular 4 gün iştirak etmişdir. Mərasim vaxtı iştirak edən 15-ə yaxın hərbçi mənə deyirdi ki, oğlunuz şəhid olub. Bayrağı mənə təqdim edərkən də bildirdilər ki, bayrağı qəbul edin, oğlunuzun şəhidlik sənədləri də komissarlığa göndəriləcək.

Mərasimin 40-cı günü hərbi komissar zəng edib, məni komissarlığa cağırdı. Mənə arayış təqdim etdi və dedi ki, bu arayışa əsasən oğlunuza şəhidlik status düşmür. Həmin arayışı da götürüb, oğlumun qulluq etdiyi N saylı hərbi hissəyə üz tutdum. Hərbi hissənin komandiri Umman adlı zabit mənə dedi ki, general-polkovnik Kərəm Mustafayev nə desə, odur.

Ailəmlə birgə Ordu qərargahına getdik. Orada bizi general Rəhim Cəfərov qəbul etdi. Yas mərasimi vaxtı bu insan bizə demişdi ki, oğlunuz şəhiddir. Qəbulda isə tam fərqli danışaraq, “oğlunuza şəhidlik düşmür” dedi. Daha sonra məni və bacılarımı təhqir edərək otaqdan çıxmamızı tələb etdi. Bacılarım uşağın haqqını tələb edib, otaqdan çıxmadıqda, məni kənara çəkib dedi ki, “get Kərəm paşanın qəbuluna, onu razı sal, o, desə şəhiddir, biz sənədləri hazır edərik”.

“Kərəm paşa”nın qəbulu zamanı dedi ki, oğluna şəhidlik düşmür, hara istəyirsən get şikayət et. Sonradan bəzi hərbçilərlə görüşəndən sonra aydın oldu ki, bu, “Kərəm paşa” nəyi necə istəyirsə, elə də qərar verir. Qorxudan da heç kəs səsini çıxara bilmir. Bu hadisələrdən sonra hərbi hissəni İnzibati Məhkəməyə verdim, 10 ay məhkəmə prosesi getdi. Mənim “Kərəm paşa”dan tələb etdiyim sənədləri məhkəməyə gətirmədilər. Səbəb isə, “hərbi sirrdir” dedilər.

Naxçıvandakı hərbi hissədəkilərin hamısı Kərəm Mustafayevin şəxsi ordusudur. Öl desə, ölərlər.

Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə, ona şəhidlik statusu verilir. Amma mənim oğlum hərbi əmri yerinə yetirərkən vəfat etdiyi halda şəhidlik verilmir”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt