Əsas Səhifə > Hadisə, Manşet > Bakı Mədəniyyət Baş İdarəsinin rəisi qanunazidd qərarlar QƏBUL EDİR?
Bakı Mədəniyyət Baş İdarəsinin rəisi qanunazidd qərarlar QƏBUL EDİR?19-09-2023, 08:47 |
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin qanunazidd qərar və əmr qəbul etdiyi iddia olunur. Məlumatlara görə İbrahim Əliyev təhsilsiz şəxsləri mədəniyyət ocaqlarında işə götürür. Halbuki “İdman haqqında” qanuna görə ölkə ərazisində yalnız ali və orta ixtisas təhsilli şəxslər idman dərsləri verə bilər. Məlumat üçün bildirək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 66 mədəniyyət müəssisəsi və çoxsaylı musiqi məktəbləri fəaliyyət göstərir. Məlumatlara görə İbrahim Əliyevin kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova təhsilsiz şəxslərin işə götürülməsi ilə bağlı təqdimat yazır və müdirinə möhürlədir. Ayrıca Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin hüquqşünası da var. O, da qanunazidd əməllərə göz yumur. Qeyd edək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tərkibinə daxil olan mədəniyyət evləri, saray və mədəniyyət mərkəzlərində gecədən səhərədək fitnes klubları fəaliyyət göstərir. İdarənin tərkibində təşkil olunan ödənişli fiziki inkişaf kurslarına ali və orta ixtisas təhsili olmayanlar rəhbərlik edir. Xatırladaq ki, “İdman haqqında” qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər. Lakin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər. DİA.AZ bildirir ki, Bizim.Media-nın araşdırmasına görə hazırda Lökbatan qəsəbəsində fəaliyyət göstərən Ə.Əmirov adına Mədəniyyət Sarayında gecədən səhərədək fitnes və idman dərsləri verilir. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin icazəsi ilə fəaliyyət göstərən fitnes klubun səhərədək fəaliyyəti, eləcə də baş verə biləcək hər hansı xoşagəlməz və ya bədbəxt hadisəyə görə birbaşa məsuliyyət daşıyan Baş İdarənin qanunazidd addımları anlaşılan deyil. Bundan əlavə 3 ilə yaxındır ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində gecə-gündüz fəaliyyətdə olan və fitnes klubuna rəhbərlik edən Eyvaz Hüseynovun da heç bir təhsili olmadığı deyilir. Halbuki həmin klubda boks üzrə fərdi idman dərsləri vermək üçün Eyvaz Hüseynova Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilk gündən dəstək və icazə verib. Fəaliyyətini isə Baş İdarə öz rəsmi səhifəsində işıqlandırıb. Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə yeni təyin olunan direktor tərəfindən Eyvaz Hüseynovun idman üzrə ali və orta ixtisas təhsili olmadığı üçün fəaliyyətinə məhdudiyyət qoyulmuşdu. Bu səbəbdən tərəflər arasında yaranmış qalmaqal media müstəvisinə qədər gedib çıxmışdı. Maraqlıdır, Gənclər və İdman Nazirliyi tərəfindən həmin şəxsin fəaliyyəti qanunsuz hesab edilsə də, Mədəniyyət Nazirliyindən məsələyə nə etiraz edilir, nə də müvafiq reaksiya verilir. Ayrıca Eyvaz Hüseynovun atası Fazil Hüseynov və qardaşı Akşin Hüseynov da Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fiziki inkişaf kursuna ödənişli idman dərsləri vermək üçün müraciət ediblər. Hər iki şəxs tərəfindən Baş idarəyə təqdimat da yazılıb. İdarədən təqdimata müsbət cavab verilsə də, mərkəz direktoru idman üzrə təhsili olmayan hər iki şəxslə bağlı əmr verməyib. Direktorun bu hərəkəti Bakı şəhər Mədəniyyət Baş İdarəsinin növbəti hiddətinə səbəb olub. Baş İdarənin rəisi İbrahim Əliyev direktora mərkəzdə fitnes kluba icazə verməli olduğunu bildirib. Əmrinə əməl etmədiyi üçün 3 ayın tamamında mərkəzə direktoru işdən çıxarmaq üçün yoxlama da göndərib, lakin direktoru Mədəniyyət Nazirliyindən işə götürdükləri üçün idarə onu vəzifəsindən azad edə bilməyib. Xatırladaq ki, bu il ölkədə fəaliyyət göstərən idman klublarında iki uşaq ölümü baş verib. Aprel ayında Sumqayıtda 7 yaşlı Fərid Bakarovun tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq vəfat etməsi, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində isə 2020-ci il təvəllüdlü Gülay Məmmədlinin nəzarətsiz qalaraq hovuzda boğulması ölkə gündəmini zəbt etmişdi. Hər iki bədbəxt hadisədən sonra ölkə başçısı Gənclər və İdman Nazirliyinə idman klublarının fəaliyyətinə ciddi nəzarət olunmasını tapşırdı. Hərçənd ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Nicat Həsənov Qızıldaş qəsəbə Mədəniyyət Mərkəziin sözügedən məsələ ilə bağlı müraciətinə cavab olaraq bildirib ki, peşəkar pedaqoji idman fəaliyyətinə bədən tərbiyəsi, eləcə də idman sahəsində ali və orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar. Məsələ ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevlə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, idarə rəhbəri zənglərimizə cavab verməyib. Mədəniyyət Nazirliyindən isə Bizim.Media-nın sorğusuna belə cavab verilib: “Bildirək ki, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir. Klublar, mədəniyyət evlərində (saraylar) sözügedən göstəricilər arasında müəssisələrdə ödənişli dərnəklərin olmasının zəruriliyi qeyd edilib. Məsələ ilə əlaqədar olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən kurs və dərnəklərin fəaliyyətinin tənzimlənməsi, bu istiqamətdə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə “Kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar” yenidən hazırlanaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunub. Nazirliyin 09 dekabr 2022-ci il tarixli, 07/04-3742/2022 nömrəli məktubuna əsasən təqdim olunmuş layihəyə razılıq verilib”. Nazirlikdən qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 31.01.2007-ci il tarixli, 43 nömrəli əmri ilə təsdiq edilmiş müəssisə və təşkilatlarında tətbiq olunan pullu xidmətlərin siyahısının 4-cü bəndində idman-sağlamlıq (qaçış, şahmat-dama klubları, tennis, nərd və s.) sahəsində kursların və dərnəklərin yaradılması nəzərdə tutulub. İdarənin 14 dekabr 2022-ci tarixli, 164 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ödənişli kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar”ın 6.1. bəndinə müvafiq olaraq kurs və dərnəklərdə dərsləri (məşğələləri) tədris etmək üçün ali, orta ixtisas, peşə təhsili, xüsusi sertifikat və ya şəhadətnamə, əmək stajı, iş təcrübəsi, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan şəxslər Baş İdarə ilə yazılı razılaşdırma yolu ilə müəssisə direktorunun əmri əsasında cəlb edilirlər. Mövzunu diqqətdə saxlayacağıq... Geri qayıt |