Əsas Səhifə > Hadisə, Manşet > Qızınmadıq istisinə, kor olduq tüstüsünə...
Qızınmadıq istisinə, kor olduq tüstüsünə...7-11-2023, 10:19 |
Azərbaycanda icbari tibbi sığorta haqlarının artırılması təklif edilir. Bu günlərdə millət vəkili Rəşad Mahmudov bildirib ki, icbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var. Çünki Türkiyədə bu rəqəm 12 faizdir. "Bizdə də ən azından bir faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq mühitdə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz fibroz salındı, lakin əlavə iki-üç xəstəlik var ki, onlar da dövlət proqramına salınmalıdır" - R.Mahmudov deyib Amma deputatın bu fikri birmənalı qarşılanmır. "Yığımları artırmaqdansa, vəsaiti səmərəli xərcləmək lazımdır" Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, icbari tibbi sığorta yığımlarının artırılmasındansa, bu vəsaitin səmərəli istifadəsinə fokuslanmaq lazımdır. Onun fikrincə, səhiyyədə effektiv idarəetməni təşkil etmədən, icbari tibbi sığorta yığımlarının artırılması barədədə düşünmək tezdir. M.Məmmədli bildirir ki, ancaq icbari tibbi sığortanın mexanizmi tam işlək vəziyyətə gəldikdən sonra bu barədə fikirləşmək olar: "İqtisadiyyatda aparılan islahatlar nəticəsində vergiyə cəlb olunan isqtisadi fəaliyyət növlərinin də sayı artır. Bu isə şəffaflığı artırır. "Tibbi sığorta haqqında" qanuna son dəyişiklikdən sonra onsuz da icbari tibbi sığorta yığımı vəsaitlərinin kifayət qədər artımı nəzərdə tutulur. Mənim fikrimcə, hazırki icbari tibbi sığorta faizi qənaətbəxşdir. Çünki, icbari tibbi sığorta faizləri müəyyənləşərkən əhalinin də sosial vəziyyəti nəzərə alınır". İcbari tibbi sığorta haqları keyfiyyətin yüksəldilməsinə yönəldilməlidir İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta yığımı faizlərini artırmaq yox, yığılmış vəsaitin daha səmərəli istifadəsi, eləcə də bu vəsait qarşılığında göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi barədə düşünmək lazımdır: "Çox təəssüf ki, bizim deputatlar keyfiyyət dəyişikliyinin vacibliyindən danışmaq əvəzinə, qiymət artımının, verginin artırılmasını təklif edirlər. Nəzərə almaq lazımdır ki, baha xidmətin yüksək də keyfiyyəti olmalıdır. Amma bu gün vətəndaşların böyük əksəriyyəti icbari tibbi sığorta zərfinə daxil edilmiş tibbi xidmətlərdən bəhrələnə bilmirlər. Ümumiyyətlə icbari tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən xeyli sayda məlumatsız insan var. Məlumatı olanlar isə xidmət səviyyəsi aşağı olduğundan icbari tibbi sığorta haqqı ödəsə də bəhrələnə bilmir". Ekspertin sözlərinə görə, bundan başqa, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sahəsi çox dardır. Bu da vətəndaşlara əlavə problem yaradır: "İnsanlar laborator xidmətlərdən tutmuş, diaqnostika və müalicəyə qədər keyfiyyətli tibbi xidmət üçün özəl tibb müəssisələrinə müraciət etməli olurlar. Çünki, söhbət sağlamlıqdan gedir. Bir sıra cərrahi əməliyyatlar var ki, onları icbari tibbi sığorta qarşılamır. Ona görə də, ancaq bu sadalanan problemləri həll etdikdən sonra icbari tibbi sığorta yığımlarını artırmaq olar". N.Cəfərli deyir ki, icbari tibbi sığorta yığımlarının artırılması vergilərin artırılması deməkdir: "Deputatlar da anlamalıdırlar ki, istənilən icbari yığım vergi növüdür. Bu faktiki olaraq vergilərin artırılmasıdır ki, bu da hazıirki iqtisadi durumda məqsədəuyğun deyil". İqtisadçının fikrincə, İcbari Tibbi Sığorta Agentliyi icbari tibbi sığorta yığımlarının xərclənməsi ilə bağlı ictimaiyyətə geniş açıqlama verməlidir. Vergi ödəyiciləri bilməlidir ki, yığımlardan nə qədəri onların sağlamlığının qorunmasına, nə qədəri inzibati xərclərə yönəlib. Çünki, əksər hallarda toplanan vəsaitlər inzibati xərclərə daha çox yönəlir: "Binanın saxlanılması, avadanlıqların alınması, iş yerlərinin açılması və avtomobillərin alınmasına daha çox xərclənir, nəinki vətəndaşlara. Bununla bağlı qurum ciddi audit hesabatı verməlidir ki, toplanan vəsaiti hansı formada xərcləyib". İcbari tibbi sığorta haqları artırılsa, qeyri-leqal işləyənlərin də sayı artacaq Həmsöhbətimiz onu da əlavə edib ki, icbari tibbi sığorta haqlarının artırılması, qeyri-leqal işləyənlərin sayını da artıra bilər. Halbuki, dövlət bütün biznesin kölgə iqtisadiyyatından çıxaraq leqallaşmasına çalışmalıdır. "Səsləndirilən təklif isə kiçik və orta sahibkarlığı kölgə iqtisadiyyatına itələmək deməkdir. Belə halda insanlara işləmək sərf etməyəcək. Yaxud da onlar öz dövriyyələrini gizlətməyə çalışacaqlar. Stimullaşdırma isə əks istiqamətdə olmalıdır ki, iş adamları, kiçik sahibkarlar öz fəaliyyətlərini tam leqallaşdırmağa can atsınlar. Bu təklif hazırda vətəndaşlara bunun əksini təşviq edir" - ekspert deyib. Əhalinin icbari tibbi sığorta üçün ödədiyi vergi nəyə xərclənir? İcbari Tibbi Sığorta Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilib. 2023-cü ildə icbari tibbi sığorta fondunun gəlirlərinin 1 263 820 170,0 manatı dövlət büdcəsindən ayırmalar, 1 134 108 420,0 manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, 129 711 750,0 manatı səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait, 764 665 340,0 manatı isə işəgötürən və işçi tərəfindən icbari tibbi sığortadan formalaşıb. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri isə 2 241 239 633,0 təsdiq edilib. "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin Aparatının saxlanma xərcləri 31 500 000,0 manata, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin saxlanma xərcləri isə 30 000 000,0 manata başa gələcək. İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi 1 803 778 570,0 manatdır. Dərman, sarğı ləvazimatının və materiallarının alınması xərcləri 128 000 000,0 manatdır. Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait 129 711 750,0 manat təşkil edir. "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi üçün174 809 683,0 manat xərc müəyyənləşib. Sığorta ehtiyatları 81 904 337,0, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 70 000 000,0, bank xərcləri 100 000,0 manat təsdiqlənib. İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza cavabda o da bildirilib ki, 2022-ci ildə İTS-nın tətbiqi ilə bağlı xərclərin maliyyələşməsinə 1302891,44 min manat vəsait sərf olunub. Bu vəsaitin 1211940,39 min manatı dərman sarğı materiallarının alınmasına xərclənib. İTS-nin tətbiq edildiyi ərazilərdə tibb müəssisələri üzrə xərclərin 90 951,05 min manatı TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrində göstərilməsi mümkün olmayan ixtisaslaşdırılmış tibbi xidmətlərin özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrində göstərilməsi üzrə sığorta ödənişlərinin payına düşür. Artıq bərbərlər, rəqqaslar, dərzilər də icbari tibbi sığorta haqqı ödəyir Xatırladaq ki, "Tibbi sığorta haqqında" qanuna təklif olunan son dəyişikliklə, toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödəniləcək. Həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödəniləcək. Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər. Məlumat üçün onu da bildirək ki, hazırda icbari tibbi haqları ilə bağlı tələb olunan məbləğ əhalinin sosial statusuna görə fərqlidir. Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır? Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək. Digər şəxslər üçün icbari tibbi sığorta haqqı nə qədərdir? Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Məlumat üçün onu da əlavə edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. //Sputnik Azərbaycan// Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |