Əsas Səhifə > Hadisə, Manşet > Başçının müavini əməlli-başlı BAZAR AÇIB...

Başçının müavini əməlli-başlı BAZAR AÇIB...


24-11-2023, 09:01
Başçının müavini əməlli-başlı BAZAR AÇIB...
«Təzadlar»a şikayət edən vətəndaşın haqlı olub-olmadığını dəqiqləşdirmək üçün şikayəti yerində araşdırmalı olduq…

Məlum oldu ki, Binəqədi rayon sakini olan Elnur Əhmədov ona məxsus olan və rəsmi sənədli 5 sot torpaq sahəsini hasara alması üçün rayon rəsmilərinə müraciət edib, ondan qanunsuz olaraq 1500 manat pul tələb ediblər.

Məsələyə Binəqədi RİH-də aydınlıq gətirməyə çalışdıq. Amma təəssüf ki, Binəqədi rayon İcra Hakimiyyətinin dünən-noyabrın 22-də, saat 16:00-da başlayan vətəndaş qəbuluna nə rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, nə də ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Leyla Quliyeva media nümayəndəsi olaraq iştirakıma imkan vermədilər. Məsələ aydın idi. Çünki qəbula gələn vətəndaşların şikayəti yetərincə idi və böyük bir hissəsi də məhz RİH əməkdaşlarının özlərinə aid idi. Qəbulə gələn vətəndaşların isə qarşılaşdığı problemlərin hansı səbəbdən qaynaqlandığı, onlara qarşı edilən məmur süründürməçiliyi və ya bürokratik əngəllərə dair çoxsaylı şikayətlər isə artıq ortada idi.

Çox təkidli cəhdlərimiz səmərə vermədiyindən, kameramıza və mikrofonumuza danışan şikayətçi Elnur Əhmədov bildirdi ki, daş hasarının tikintisi üçün qarşılaşdığı süni əngəllərin müəllifləri də buradadır. Bu əngəllər məhz icra Hakimiyyətində çalışan Orxan və Elnur adlı şəxslərin yersiz pul tələbidir ki, onu çıxılmaz vəziyyətə salıb. Ona görə də o da qəbula yazılmışdır.

Elektron lövhədə növbəsi 5-ci olan Elnur Əhmədov icra hakimiyyəti binasının vətəndaşlar üçün ayrılmış yerində gözlədikdən sonra nəhayət, qəbul edildi. Lakin qəbul zamanı oradakı müzakirələrdə medianın prosesi müşahidə etməsi üçün yenə də bizə şərait yaradılmadı. Və bu da artıq bir daha başa düşülən idi. Çünki görüş zamanı müzakirədə vətəndaşı incidən, barəsində şikayət edilən Orxan və Elnur adlı rəsmilərin vətəndaşdan pul tələbi ciddi müzakirə mövzusu ola bilərdi.

***

Onu da deyim ki, RİH rəsmisi Leyla Quliyevaya hələ qəbul başlamamış xahiş etmişdim ki, müşahidəçi qismində iştirakıma icazə versinlər. Lakin buna da yox deyildi. Sonradan məlum oldu ki, hətta vətəndaşın pozulmuş hüququ ilə bağlı rayon İcra Hakimiyyətinin nə hüquq, nə də təsərrüfat şöbəsindən belə məsul şəxslərin iştirakı təmin edilməyib. Formal keçirilən bu cür qəbulda isə hansısa vətəndaş məmnunluğunun olacağına inanmağa dəyərdimi?! Təsəvvür edin, qəbulda nə hüquqşünas, nə də təsərrüfat şöbəsindən (şöbə rəisi Azər Kərimov) belə kimsə iştirak etmirdi. Yalnız Binəqədi İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyevin müavini Hacıbaba Rzayev özü qəbul keçirərək vətəndaşları qəbul edirdi.

Sonradan «Təzadlar»a açıqlama verən şikayətçi Elnur Əhmədov bunları dedi: "…Hacıbaba müəllim, mənim sənədlərimə baxıb «Niyə Çıxarış sənədini gedib almırsan?» deyə soruşdu. Mən isə dedim ki, həmin o məmurlarun istədikləri məbləğə gücüm çatmır… O da üzümə baxıb başını yellədi…".

Daha sonra Elnur Əhmədov onu da dedi ki, RİH rəsmiləri ona məxsus həyətyanı sahəyə müvafiq baxış keçirməyi zəruri hesab ediblər. Vəssalam!

İnanırıq ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşın bu şikayətinin nəzarətə götürülərək həll edilməsinə göstəriş verəcək.

Müəllif: Xəyyam Qurbanlı - Mənbə: «Təzadlar» qəzeti
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt