Əsas Səhifə > Hadisə, Manşet > Üç qola ayrılan hakimiyyət və nüfuzunu itirilən gənc başçı...
Üç qola ayrılan hakimiyyət və nüfuzunu itirilən gənc başçı...21-12-2023, 11:43 |
Mənbələrimiz bildirir ki, böyük ehtimalla Neftçalada seçkilər qeyri-aktiv və qalmaqallı təşkil olunacaq... Azərbaycan seçki prosesinə daxil olub və artıq iki aydan da az bir müddətdən sonra xalqımız özünə yeni dövlət başçısını seçəcək. Elə indidən bu seçkinin qalibi şübhə doğurmasa da, yerlərdəki sosial-iqtisadi vəziyyət də seçkiyə müəyyən təslir göstərəcək. Bu təsirə uyğun olaraq yəqin ki, seçkilərdən sonra prezident İlham Əliyev öz komandasını bir daha saf-çürük edəcək və etimadı doğrultmayanlarla öz yolunu ayıracaq. Bu baxımdan Neftçaladakı seçki öncəsi vəziyyət maraq doğurur. Söhbət heç də seçkidə prezidentliyə namizədlərin mübarizəsindən getmir, yerli məmurların seçkidən yararlanaraq vəzifə başına keçmək uğrunda apardıqları mübarizədən gedir. Neftçaladan aldığımız ən son məlumata görə rayonda hakimiyyət üç qola parçalanıb. Qeyd edək ki, redaksiyamıza ünvanlanan bu məlumatlar bir neçə müstəqil mənbə tərəfindən də təsdiqlənib. Bu qolların ən zəifinin başında Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov dursa da, digər qollara YAP rayon təşkilatının sədri Ülvi Fərzəliyev və başçının birinci müavini Şaiq Məmmədov rəhbərlik edir. Bizə daxil olan məlumatda bildirilir ki, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev artıq bir müddətdir ki, Mirhəsən Seyidovu saymır və özünü onun yerinə bir nömrəli namizəd olaraq görür. Maraqlıdır ki, YAP-a keçməsindən əvvəl Ülvi Fərzəliyev AXCP Neftçala rayon şöbəsində təmsil olunub. Sonradan YAP sıralarına daxil olan Fərzəliyev məhz Mirhəsən Seyidov tərəfindən irəli çəkilib və gənc başçı onu YAP rayon təşkilatının sədri vəzifəsinə layiq görüb. Hazırda isə Ülvi Fərzəliyev Neftçaladakı hakimiyyət daxili çəkişmələrin əsas fiqurlarından birinə çevrilib. Belə ki, aldığımız məlumata görə Ülvi Fərzəliyev özünü “kölgə başçı” kimi aparır. O, Neftçala rayon İcra Hakimiyyətinin əməkdaşlarını YAP-ın qərargahına çağırır, onlara tapşışırıqlar və təlimatlar verir. Hətta Ülvi Fərzəliyev icra hakimiyyətinə gələrək şöblərə baş çəkir, onların fəaliyyətləri ilə birbaşa maraqlanır və bu zaman icra başçısına baş çəkməyi belə gərəkli bilmir. Mənbələrimiz bildirib ki, Mirhəsən Seyidov bütün bunlardan xəbərdar olsa da, nədənsə YAP rayon sədrinə yerində oturtmaq üçün özündə güc və iradə tapmır. Mənbələrimiz qeyd edirlər ki, Mirhəsən Seyidovun YAP rayon təşkilatına sədrinə qarşı bu qədər gücsüz olması Ülvi Fərzəliyevin Bakıdakı əlaqələri ilə bağlıdır. Neftçaladakı hakimiyyət çəkişmələrinin digər qolunun başında isə başçının birinci müavini Şaiq Məmmədov dayanır. Qeyd edək ki, Şaiq Məmmədov Neftçalanın keçmiş icra başçısı Seyfəddin Məmmədovun oğludur. Xatırladaq ki, Seyfəddin Məmmədov 1993-cü ildə Sürət Hüseynovun adamları tərəfindən qeyri-rəsmi olaraq icra başısı “təyin” edilib. Sonradan ulu öndər Heydər Əliyev tərəfindən onun təryinatı rəsmiləşdirilib. Surət Hüseynov həbs olunduqdan bir müddət sonra isə Seyfəddin Məmmədov bu vəzifədən azad olunub. Şaiq Məmmədov da Mirhəsən Seyidov tərəfindən yüksəldisə də, o, rayonda “Leysanov klanı”nın əsas siması olaraq tanınır. Xatırladaq ki, sovet dönəmində Bahəddin Leysanov Neftçala Pambıqtəmizləmə zavoduna rəhbərlik edib. Müstəqillik dönəmində bir neçə rayonun pambıq zavodunu özəlləşdirərək iş adamına çevrilib. Hazırda Neftçalanın əsas iqtisadi zonaları onu nüfuzu altındadır və demək olar ki, son 40 il müddətində rayonda bütün hakimiyyət mənsubları onunla razılaşmağa məcbur olublar. Bahəddin Leysanov həm Neftçalada, həm də Salyan da daxil olmaqla qonşu rayonlarda biznes strukturlarına sahib olmaqla yanaşı, eyni zamanda geniş kadr şəbəkəsinə malikdir. Mənbələrimiz qeyd edir ki, Şaiq Məmmədov da Ülvi Fərzəliyev kimi Mirhəsən Seyidova qarşı qruplaşıb. O da icra hakimiyyətinin əməkdaşlarını və rayonun vəzifəli şəxslərini başına toplayaraq başçı olmaq üçün imkanlarını səfərbər edib. Leysanovun şəbəkəsindən aldığı dəstək isə onu daha da şanslı edir. Neftçala rayon icra hakimiyyətinə yaxın olan bir mənbəmiz isə bildirib ki, böyük ehtimalla Neftçalada seçkilər qeyri-aktiv və qalmaqallı təşkil olunacaq. Mənbəmiz iddia edir ki, seçkilərdə problemlərin olması Mirhəsən Seyidovun mövqelərini daha da zəiflədəcək və nəhayətdə seçkidən sonra onun etimadı doğrultmayan biri kimi vəzifədəb azad olunması qaçınılmaz ola bilər. Əslində Ülvi Fərzəliyevin və Şaiq Məmmədovun bu strategiyası mükəmməl görünür. Lakin əsas məsələ bu iki qruplaşmanın hansının hakimiyyət uğrunda mübarizədə üstünlük əldə etməsidir... Mövzunu davam etdirəcəyik... Mənbə: Poliqon.info Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |