Əsas Səhifə > Hadisə, Manşet > "Bir neçə dəfə şəhər icra hakimiyyətinə şikayət etsək də..."

"Bir neçə dəfə şəhər icra hakimiyyətinə şikayət etsək də..."


6-03-2024, 10:41
"Bir neçə dəfə şəhər icra hakimiyyətinə şikayət etsək də..."
Bir müddətdir ki, 100 min əhalisi olan Naxçıvan şəhərində bir dənə də olsun ictimai tualet gözə dəymir. Əvvəllər şəhərin müxtəlif yerlərində səyyar tualetlərdən istifadə olunurdusa, siyasi dəyişiklikdən sonra onların da fəaliyyəti qadağan olunub. Ödənişli olan bu səyyar tualetlər o vaxtkı hakim ailə Talıbovlara məxsus idi. Hakimiyyət dəyişikliyindən sonra bütün biznes sahələri kimi səyyar tualetlər də ailənin əlindən alınıb və fəaliyyətinə qadağa qoyulub. Lakin, bunun yerinə heç bir tədbir də görülməyib.
Bu qadağadan ən çox əziyyət çəkənlər isə, turistlər və şəhərin digər qonaqlarıdır.
Şəhərə gəzintiyə çıxan yerli sakinlər də ictimai tualetin yoxluğundan şikayətlənirlər. Şəhərətrafı kəndlərin birində yaşayan İbrahim Qurbanov deyir ki, şəhərdə gəzərkən, zəruri ehtiyacını ödəmək üçün bir neçə dəfə tanımadığı həyətlərin qapısını döyüb:
“Böyrəklərim xəstədir deyə, tez-tez „su başına” çıxmalıyam. Bayramlarda ailəlikcə şəhərə gəzintiyə çıxırıq. Mən də çıxmasam olmaz. Əvvəl şəhərin 3-4 yerində səyyar tualetlər var idi. Bayramlarda, tədbirlərdə də insanlar harda çox idisə, ora gətirilirdi. İndi isə onları qadağan ediblər ki, Talıbovlarındı, olmaz. Özləri də yenisini tikmirlər. Sağlam adam özünü birtəhər 1-2 saat saxlaya bilir. Mənim kimi xəstələr isə, məcbur bir yol tapmalıdır. İki dəfə çətin vəziyyətə düşmüşəm, məcbur qalıb tanımadığım qapıları döyüb, vəziyyəti izah edib, tualet istəmişəm. Axı, bu böyüklükdə şəhərdə 2-3 tualet tikmək nə çətin işdir?”
İctimai tualetlərin olmamasından daha çox əziyyət çəkənlərdən bir də taksi sürücüləridir. Sürücülərdən Şahin Məmmədov deyir ki, özləri bir yana qalsın, şəhərə qonaq gələn turistlər onlardan tualet soruşanda nə deyəcəklərini bilmirlər:
“Bəzən şəhərə gələn qonaq tualet soruşur. Utandığımızdan yoxdur deyə bilmirik. Məcbur qalıb, kafelərin birinə aparırıq. Kafelərin çoxu da tualetdən istifadəyə icazə vermir. Deyirlər ki, heç olmazsa bir çaynik çay almalısan ki, tualetdən istifadə edə biləsən. Biz də qonağı çay içmək adı ilə kafeyə aparırıq ki, orada zəruri ehtiyacını yerinə yetirə bilsin. Bir neçə dəfə şəhər icra hakimiyyətinə şikayət etsək də nəticəsi olmayıb. Heç olmazsa şəhərə turist kimi gələn xarici qonaqlardan utansınlar“.

„Gündəlik Naxçıvan”


Geri qayıt