Əsas Səhifə > Hadisə, Manşet > Ölkəmizdə lotereya oyunlarına qadağa qoyulmalıdır

Ölkəmizdə lotereya oyunlarına qadağa qoyulmalıdır


5-04-2024, 10:23
Ölkəmizdə lotereya oyunlarına qadağa qoyulmalıdır
Bir müddət əvvəl Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarı qəbul edilib. Qərarda maraqlı məqamlardan biri nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlirlə bağldır. Məsələn, əgər ər birgə yaşayış vaxtı hər hansı lotereya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək. Qayda ondan ibarətdir ki, sözügedən oyunlarda iştirak üçün verilən vəsait ər-arvadın ümumi əmlakından xərclənir. Bununla da gələcəkdə boşanma işlərində tərəflər bu məsələni də müzakirəyə çıxara bilərlər. Bundan əlavə, digər məsələ ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlıdır. Qərara əsasən, sözügedən əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də ər-arvadın birgə öhdəliyi sayılır. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir.

Sosioloq Elçin Bayramlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, yeni qərar mərc oyunlarının təbliğinə və stimullaşdırılmasına səbəb olacaq.

Onun sözlərinə görə, ümumilikdə formasından asılı olmayaraq, evlilik müddətində əldə olunan bütün gəlirlər və əmlaklar ailənin ümumi əmlakı sayılır: "Bu yanaşma ədalətli, məntiqli və düzgündür. Problem budur ki, kütləvi informasiya vasitələrində mərc və lotereya oyunlarının təbliğatına geniş yer verilir. Bu isə arzuolunan hal deyil. Çünki 95 faiz hallarda mərc oyunlarında uduzulur. Bu, ailənin ümumi əmlakından xərclənmiş vəsait sayılır. Ölkəmizdə mərc və lotereya oyunlarına qadağa qoyulmalı və ya cərimələr tətbiq olunmalıdır"

"Əksər hallarda bu oyunlar böyük faciələrə yol açır. Belə ki, bu oyunlara görə bütün əmlakın itirilməsi və ya evin oyuna qoyulması, kredit və ya sələm götürülməsi kimi hallar ailədaxili münaqişələrə, boşanmalara səbəb olur. Mərc oyunlarının nə dərəcədə şəffaf keçirilməsi isə sual altındadır. Nəzərə almaq lazımdır ki, mərc oyunları və lotereya qumar sayılır. Qumar dini, sosial-iqtisadi, hətta mənəvi baxımdan da təqdirəlayiq deyil", - o əlavə edib.

Geri qayıt