Əsas Səhifə > Hadisə, Manşet > ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi

ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi


22-05-2024, 10:09
ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi
Aktualinfo.org artıq bir aydır ki, Oğuz rayonun Mollalı kəndinin Bələdiyyə meşə fondundakı ərazinin 10 hektar sahəsində, payızda və cari ilin martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz, ağcaqayın tinglərinin hamısının traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsi barədə məlumatılar yayır. Qeyd edək ki, aprelin 27-də, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Verilən məlumatdan məlum olmuşdur ki, Rauf məşhur iş adamı olan Hacı İbrahim Nehrəmlinin oğlu ilə dostluq əlaqələrindən istifadə edərək yaşadığı ərazidə geniş biznes işləri görmək üçün biznes layihələr həyata keçirməyə başlamışdır. Əvvəlcə 2022-ci və 2023-cü illərdə Mollalı kəndinin meşə ərazisində 10 ha açıq meşə ərazisini maklerlər vasitəsilə zəbt edərək qarğadalı bitkisi yetişdirməklə məşğul olmuşdur.

2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ziyan vurmaqla ekoloji cinayət törətmişlər.

Oğuz Rayon İcra Hakimiyyətinin “Facebook” sosial şəbəkəsində baş vermiş hadisə ilə bağlı rəsmi arayışında qeyd edilir: Qeyd olunan hadisə ilə əlaqədar olaraq 15 saylı RMTM məlumatına əsasən bildiririk ki, 15 saylı RMTM-nin Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayının kvartal 95 bölmə 5. 6 da plan proqnoza uyğun olaraq 2024-cu ilin yaz mövsümündə 10 hektar sahədə 3x1m sxemində 33 330 ədəd ağcaqayın və göyrüc tingləri əkilmişdir.

Qeyd edilən 10 ha meşə əkininin 5 hektarını Oğuz rayon Mollalı kənd sakini Məmmədov Rauf Qalıb oğlu 27-28 aprel 2024-cü il tarixdə gecə vaxtlarında şumlamış nəticədə 16 665 ədəd ağcaqayın cinsindən tingləri məhv etmiş və əraziyə qarğıdalı səpmişdir. Bu barədə 29.04.2024-cu il tarixdə Mərkəz tərəfindən 003395 nömrəli akt tərtib edilmiş, ərazinin şumlanması və 16 665 ədəd tingin məhv edilməsinə görə Rauf Məmmədova 6071.45 manat ziyan hesablanmışdır. Toplanılmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Oğuz Rayon Prokurorluğuna, Polis şöbəsinə və Meşələrin İnkişafı Xidmətinə göndərilmişdir.

Yerli İcra Hakimiyyətinin rəsmi arayışından da göründüyü kimi 10 ha meşə fondunun 5 ha-da Rauf Məmmədov tərəfindən 16 665 ədəd ağac tinglərinin şumlanaraq məhv edildiyi və cəmi 6071 manat ziyan hesablanaraq cərimə aktı tərtib edilib. Amma qalan 5 ha meşə tingliyinin kim tərəfindən məhv edilməsinə dair məsələ açıq qalmaqdadır. Rauf Məmmədovun kənd sakinlərinə 10 ha-ın bir hissəsi ona, qalan hissəsi isə Hacı İbrahim Nehrəmliyə aid olduğunu bildirmişdir. Yəni, belə nəticəyə gəlirik ki, bu adamlar ortaq olaraq birlikdə qarğıdalı biznesi ilə məşğul olurlar. ETSN-nin 7 saylı Ekologiya İdarəsi isə yalnız bir nəfəri cərimələməklə kifayətlənib.

Tinglik üzrə mütəxəssislərin verdiyi rəylərə görə hər bir belə tingin 3 il ərzində ərsəyə gəlməsi üçün dövlət ən azı 6-7 manat xərc çəkir. Sonradan onun əraziyə köçürülməsi üçün şum və digər kultivasiya işlərinin görülməsi, gübrələnməsi, suvarılması, mühafizəsi, qulluq edilməsi, 3 m eni olan aralıqların ağac dibi üçün payız şumu edilməsi hamısı xərc tələb edir. Əgər 1 tingin hazırlanması və onun əkilməsi və qulluğu üçün ən azı dövlət büdcəsindən 8 manat sərf edilirsə bu elə təxminən 130 000 manat xərc deməkdir. ETSN 7 saylı Ekologiya İdarəsi mütəxəssilərinin isə tərtib etdiyi akt əsasında Rauf Məmmədov cəmi 6071 manat ziyan vuran kimi göstərilərək dövlət büdcəsinə dəymiş real zərərin ən azı 20 dəfə azaldılması kimi qeyd etmişlər.
Bu da onu deməyə əsas verir ki, yerli işbazlarla 7 saylı Ekologiya idarəsi əməkdaşları və onlara ETSN səviyyəsində göstəriş verənlər əslində meşələrin məhvi hesabına pul qazanmaqla məşğuldurlar. Dövlətin külli-miqdarda ziyana düşməsi isə məsuliyyətsiz işçilər üçün önəmli deyildir. Dünən Oğuz rayonundan verilən digər məlumatda isə qeyd edilir ki, Dövlət Əmlak Komitəsi yanında Oğuz rayon Torpaq və Kadastr İdarəsinin Elmar adlı işçisi sakinlərə bəyan etmişdir ki, mübahisələndirilən 10 ha ərazi pay torpağıdır və fiziki şəxslərə, az bir hissəsi də Bələdiyyə meşə fondu ərazisinə aiddir. O zaman təbii sual yaranır ki, madam ki, 10 ha ərazinin 90%-i pay torpaqlarıdırsa, o zaman Mollalı kənd camaatının son 28 ildə bundan niyə xəbəri olmayıb? Və niyə bircə nəfərə belə Torpağın Dövlət Aktı sənədi verilməyib? Yəni, Elmar müəllimin təcili surətdə ərazinin plan və ölçüsü haqında tələskənliklə bəyanat verməsi və sənəddə ənənəvi sürüşdürmə üsulu tətbiq edərək yeni sənəd ortalığa çıxarması onu təsdiq edir ki, torpaqşünas məmur pulunu alıb iş görüb. Və bunun da açması budur ki, narazı qalan kənd sakinlərinin etirazlarının qarşısını almaq və işi rəsmi qaydada rüşvət hesabına öz məcrasına yönəltməkdir.
Aktualinfo.org

Geri qayıt