Əsas Səhifə > Hadisə, Manşet > RAMİL USUBOV NAMIQ ABBASOVLA GÖRÜŞDÜ
RAMİL USUBOV NAMIQ ABBASOVLA GÖRÜŞDÜ14-09-2011, 17:49 |
KEÇMİŞ MTN ŞEFİ İLƏ GÖRÜŞ ÖZBƏKİSTANDA BAŞ TUTUB Özbəkistanda səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov özbəkistanlı həmkarı Bahadur Matlyubov ilə birlikdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. AzərTac xəbər verir ki, Azərbaycanın və Özbəkistanın daxili işlər nazirləri Heydər Əliyevin mərkəzin yerləşdiyi binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyublar. Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzi haqqında məlumat verib, burada fəaliyyət göstərəcək dərnəklər barədə danışıb. Bildirilib ki, H. Əliyevin adını daşıyan mərkəzdə təntənəli mərasimlər, eləcə də sərgi və konsert salonları, kitabxana yaradılıb. Sonra qonaqlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, həmçinin Azərbaycan və Özbəkistanın Müştərək Tarixi Muzeyi ilə tanış olublar. Ramil Usubov burada Azərbaycan diasporunun üzvləri ilə görüşüb söhbət edib. Nümayəndə heyəti Buxara və Səmərqənddə də olmuş, bu şəhərlərdəki qədim abidələrə baxıblar. Azərbaycan nümayəndə heyətinin Buxara və Səmərqənd vilayətlərinin hakimləri Samoyiddin Xusenov və Zair Mirzayev ilə görüşlərində qonaqlara bu qədim şəhərlərdə tarixin yadigarı olan abidələrin bərpası sahəsində görülən işlər, yeni tikintilər haqqında məlumat verilib. Ramil Usubov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində deyib: "Dost ölkəyə səfərimin gedişində bir daha əmin oldum ki, əlaqələrimiz yüksək səviyyədədir, Azərbaycanın və Özbəkistanın dövlət başçıları İlham Əliyev və İslam Kərimovun siyasi iradəsi nəticəsində bu əməkdaşlıq daha da inkişaf edəcəkdir. Mən burada yaşayan azərbaycanlılara göstərilən dostluq və qardaşlıq münasibətinin şahidi oldum. Bu dostluq tellərinin tarixi əsası vardır. Dinimiz birdir, dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz oxşardır. Elə ona görə də burada doğmalıq gördüm. Mən dost özbək xalqına firavanlıq arzulayıram". Geri qayıt |