Əsas Səhifə > Hadisə, Manşet > Bir bələdiyyə bütün ölkənin başağrısına çevrilib... - Sakinləri dinləyən yoxdur

Bir bələdiyyə bütün ölkənin başağrısına çevrilib... - Sakinləri dinləyən yoxdur


11-11-2014, 10:28
Bir bələdiyyə bütün ölkənin başağrısına çevrilib... - Sakinləri dinləyən yoxdur
Hazırda bələdiyyələrlə bağlı redaksiyamıza saysız-hesabsız şikayət ərizələri daxil olur. Sözügedən qurumların fəaliyyətsizliyi vətəndaşların narazılığına səbəb olur. Bu bələdiyyələrdən biri Qaraçuxur bələdiyyəsidir. Əldə etdiyimiz məlumata görə, hazırda Qaraçuxurda yollar bərbad durumdadır. Son bir neçə gündə yağan yağış Qaraçuxurun yollarını pis hala salıb. Sözügedən qəsəbənin yollarında gəzmək mümkün deyil.

Sakinlərin sözlərinə görə, işə gedib-gəlmək mümkün deyil: "Böyüklər bir tərəfə qalsın, məktəblilər bu yolları gedib-gələ bilmirlər. Palçıq az qala dizə qalxsın. Yollara baxan yoxdur. Yolların düzəldilməsi üçün dəfələrlə bələdiyyəyə müraciət etmişik. Amma bizi qəbul edən yoxdur. Yazılı şikayət edirik şikayətə baxan da yoxdur.

Qeyd edək ki, Qaraçuxur bələdiyyəsinin sədri Əvəz Mirzəyevdir. Bizə verilən məlumata görə Mirzəyev vətəndaşların problemləri ilə maraqlanmır. Vətəndaşlar nə vaxt şikayət etməyə gəlsələr, sədri yerində tapa bilmirlər. Bu səbəbdən də vətəndaşlar problemlərini həll etməyə adam tapmırlar. Ümumiyyətlə, Əvəz Mirzəyev bələdiyyə sədri postuna əyləşdiyi gündən, "Bələdiyyələr haqqında" Qanunun tələblərini bir kənara qoyub, ancaq özünün müəyyən etdiyi qaydalarla hərəkət edir. Əvəz Mirzəyev Qaraçuxur bələdiyyəsinə rəhbərlik etməsinə baxmayaraq, hələ də başa düşmür ki, bələdiyyələr vətəndaşa aid sosial məsələlərlə məşğul olmalı, imkan daxilində onların həllinə çalışmalıdır. Rayondakı bəzi problemlərlə bağlı bələdiyyəyə müraciət edən zaman, bələdiyyə işçiləri sakinləri kobud qarşılayır, onlara heç bir köməklik edə bilməyəcəklərini söyləyərək, onları yola salırlar.

Bundan başqa bütün bələdiyyələrə olduğu kimi Qaraçuxur bələdiyyəsinə də hər il dövlət büdcəsindən dotasiya ayrılır. Lakin görünən budur ki, Qaraçuxur bələdiyyə sədri dövlətin büdcəsini şəxsi büdcəsi kimi istifadə edir. Qəsəbənin problemləri həddən artıq çoxalıb. Əhali bu durumdan artıq cana yığıldığını bildirir. Nəinki piyada, heç avtomobillə də Qaraçuxurun yollarında getmək mümkün deyil. Dəfələrlə sakinlər bu vəziyyətlə bağlı müvafiq orqanlara müraciət etsələr də, vətəndaşların probleminə məhəl qoyan yoxdur. Heç kəs bu məsələyə diqqət ayırmır. Ümumiyyətlə, Qaraçuxur tamamilə bərbad haldadır. Bələdiyyənin balansında olan park və yollar istifadəyə yararsız vəziyyətdədir. Sədrin başı torpaq alverinə qarışdığı üçün bələdiyyənin səlahiyyətində olan əsas məsələlərlə məşğul ola bilmir. Vətəndaşlar bildirir ki, nə vaxt bələdiyyə sədrinə müraciət etsələr, yalnız bir cavab alırlar. O da büdcədə vəsaitin olmamasıdır: "Qaraçuxur məhəlləarası yolları pis gündədir. Qış aylarında zülm çəkirik. Bələdiyyənin asfalt çəkməyə imkanı yoxdur? Var, sadəcə, pulu başqa işlərə xərcləyirlər. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkiyə bir neçə həftə qalmış bələdiyyə rəhbəri bəzi işlər görəcək ki, vətəndaşlar ona səs versin. Hazırda Qaraçuxur bələdiyyəsi fəaliyyətsiz bir quruma çevrilib. Bələdiyyə yerli sosial məsələlərin həlli ilə məşğul olmalıdır. Bələdiyyə üzvləri vətəndaşlarla görüşlər keçirməli, bu və digər məsələlərlə bağlı müzakirələr aparıb, o müzakirələrə uyğun işlərini qurmalıdırlar. Lakin Əvəz Mirzəyev və bələdiyyənin üzvləri vətəndaşlarla görüş keçirib onların şikayətinə qulaq asmırlar".

Bundan başqa şikayətçilər qaz, su, işıq və kanalizasiya problemindən gileylənirlər. Ümumiyyətlə, qəsəbədə su tapılmır. İşığa, qaza gəldikdə isə tez-tez kəsilir. Vətəndaşlar vaxtlı-vaxtında işıq pulunu ödəsələr də, işıq üzünə həsrət qalırlar.
\\ gundelik-baku.com \\
Geri qayıt