Əsas Səhifə > Hadisə, Manşet > Şamaxı sakinləri prezidentə müraciət ünvanladılar: Rayonun kənd təsərrüfatı sistemi məhv edilib
Şamaxı sakinləri prezidentə müraciət ünvanladılar: Rayonun kənd təsərrüfatı sistemi məhv edilib2-02-2015, 11:26 |
DİA.AZ: - «Şamaxı rayonu icra hakimiyyətinin başçısı Asif Ağayev yerli sakinləri hakimiyyətə qarşı kökləməkdədir. Bu gün Şamaxı əraziləri ayrı-ayrı məmurlara necə gəldi satılır. Rayon sakinlərinin əkməyə yeri qalmayıb. Əvvəllər kənd təsərrüfatı rayonu hesab olunan Şamaxının sakinləri bu gün kənd təsərrüfatı məhsullarını satın almalı olurlar. Bu biabırçılıqdır». Bu sözlər DİA.AZ-a ünvanlanan bir qrup Şamaxı sakini adından imzalanmış müraciətdə yer alıb. Sakinlər bildirirlər ki, yerli icra hakimiyyəti kəndli-fermer təsərrüfatının əsas qənimidir: «Onsuz da rayonda əkməyə torpaq sahəsi az qalıb. O da icra başçılarının yaxınlarının əlində və yaxud da hansısa məmurun. Bu gün Şamaxıda çox məmurun plantasiyası, ferması var». Narazı vətəndaşlar dia-az.life-a yazırlar ki, bu da azmış kimi kiçik əkin sahələrinin ümidinə qalan şamaxılıların güzəranı qara gəlib: «İcra başçısının adamları elə vəziyyət yaradıblar ki, əkin əkmək sərf eləmir. Həm texnika bahalıdır, həm də əkdiyinə şərik çıxan Asif Ağayevə əlində olan-qalanı da vermək zorunda qalırsan». Şamaxı sakinlərinin sözlərinə görə, onlar prezident İlham Əliyevə hər zaman dəstək olublar: «Şamaxı sakinləri cənab prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adını hər zaman ucada tutub və hər zaman bu hakimiyyətinin yanında olub. Amma Asif Ağayev kimi icra başçıları elə şərait yaradırlar ki, xalq narazı düşsün. Biz dia-az.life vasitəsilə prezidentimizdən xahiş edirik ki, Şamaxıda sahibkarlara, kəndli və fermerlərə divan tutan icra başçısı ilə bağlı ölçü götürsün». İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |