Əsas Səhifə > Hadisə, Manşet > Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur...
Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur...9-04-2015, 10:51 |
Sumqayıtın və şəhər sakinlərinin uzun illərdən bəri həll olunmamış qalan problemləri hər ötən gün daha kəskin xarakter alır. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə mövcud nöqsanları aradan qaldırmaqda maraqlı görünmür. Çünki, o əhatəsində olan şəxslərlə - Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasovla birgə abadlıq, yenidənqurma adı altında şəxsi maraqlarını təmin etməyə çalışır. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin bildirdiyinə görə, Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin olunduqdan bir qədər sonra əksər qurumların fəaliyyətində canlanma hiss olundu və yaşıllıqların qorunması məqsədi ilə ağaclara qulluq edildi, küçə ticarəti yığışdırıldı. Lakin bu kampaniya xarakterli olduğundan bu gün hər şey əvvəlki vəziyyətinə qayıdıb: "Sumqayıtlılar inanırdılar ki, Eldar Əzizovun gəlişi ilə hər şey müsbətə doğru dəyişəcək. Düzdür, icra başçısı təyin olunduqdan sonra o müəyyən işlər gördü. Ancaq bu uzun çəkmədi. Yəni indi hər şey əvvəlki kimi qalmaqdadır. Görünür Eldar Əzizov qısamüddətli abadlıq, quruculuq işləri ilə özünü göstərməyə, ictimai nüfuz qazanmağa çalışırmış. Artıq o özünə yer etdiyindən buna ehtiyac qalmayıb. Odur ki, bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti "köhnə hamam, köhnə tas" prinsipi ilə işləyir. Belə ki, icra başçısının himayəsinə arxalanan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasov yalnız şəxsi maraqları barədə düşünür, bunun üçün əllərindən gələni edirlər. Heç kim də onlara "gözün üstə qaşın var" deməyə cəsarət etmir". Mənbənin sözlərinə görə, Eldar Əzizov Sumqayıtı abad şəhərə çevirəcəyinə söz versə də, ortada abadlıqdan əsər-əlamət yoxdur: "Hanı o abadlıq ki, şəhər sakinləri onu görmürlər. Sumqayıtın hansı küçəsinə, hansı dalanına baxırsansa çala-çuxurdur. Belə də abadlıq olar?.. İcra başçısı əhaliyə verdiyi vədə xilaf çıxdı. Eldar Əzizova qədər şəhərin yollarının vəziyyəti bundan daha yaxşı idi. 1946-cı ildən şəhər statusu alan və "gənclik şəhəri" adlandırılan Sumqayıt artıq bir sıra yerli məmurların, əsasən də Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasovun əlində əsir-yesir olub". Son dövrlər Sumqayıtda ağacların kütləvi şəkildə məhv edildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, yaşıllıqların yerində müxtəlif biznes və ticarət obyektlərinin inşa edilməsi artıq adət halını alıb: "Bu proses icra başçısının razılığı ilə şəhərin memarlıq idarəsinin rəisi Həsən Həsənov vasitəsi ilə həyata keçirilir. Onu da nəzərinizə çatdırım ki, şəhərin baş memarı öz vəzifəsində formal şəxsdir və bütün bu işləri icra başçısı ilə yaxın olan iş adamı Aslan Abbasov, həmçinin Kamil adlı şəxs koordinasiya edir. Ümumiyyətlə, istər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin demək olar ki, hamısı mənimsənilir. Az-çox görülən işlər isə, məhz Sumqayıt sahibkarlarının hesabına həyata keçirilir. Şəhərdə biznes fəaliyyəti ilə məşğul olanlar yerli rəhbərliyin "xərac siyasəti"ndən həddindən artıq narazı olsalar da, Eldar Əzizovun qəzəbinə düçar olmamaq və müflisləşdirilmək riski ilə qarşılaşmamaq üçün susmaq məcburiyyətində qalırlar. Ancaq bu proses uzun müddət davam edə bilməz. Odur ki, gec-tez Sumqayıtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də ayaqlana bilərlər. Bunun isə ağır sonluqla yekunlaşmaq ehtimalı heç də az deyil". Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ GünBakı \\ Geri qayıt |