Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümovun işçisi ilə bağlı ilginc iddialar

Səlim Müslümovun işçisi ilə bağlı ilginc iddialar


28-05-2015, 11:29
Səlim Müslümovun işçisi ilə bağlı ilginc iddialar
34 saylı Saatlı-İmişli Regional TSEK-in sədri Ərkinaz Məmmədovanın iddiası əsasında Saatlı Rayon Məhkəməsində keçiriləcək növbəti iclas iyun ayının 5-nə təyin olunub. Artıq xəbər verildiyi kimi bir müddət əvvəl Saatlı rayonundan aldığımız dörd şikayət ərizəsində Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edilirdi. Rayonun Nərimankənd kənd sakini Fizuli Məmmədov, Qarabucaq kənd sakini Vüqar Pəncəliyev, Musalı kənd sakinləri Vidadi Səfərov və Nəbi Mirzəyev mətbuat vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova etdikləri müraciətlərində Ərkinaz Məmmədovanın onlara qarşı irəli sürdüyü pul tələblərindən xəbər vermişdilər. Ərizələrdən məlum olur ki, bu vətəndaşların hər biri artıq uzun müddətdir ki, müxtəlif səbəblərdən əmək qabiliyyətlərini itiriblər. Eyni zamanda da onların hər birinə müxtəlif dövlət tibb müəssisələri tərəfindən müvafiq sənədlər verilmişdir. Lakin bu vətəndaşlar həmin sənədlərlə 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikləri zaman, onlardan hər biri Ərkinaz Məmmədovadan eyni cavabı alıblar. Belə ki, bu məsələnin müəyyən xərc tələb etdiyini bildirən TSEK sədri, vətəndaşları Paşa adlı bir şəxsin yanına göndərmişdi. Bu zaman Ərkinaz xanım bildirmişdi ki, xərc ödəndikdən sonra Paşa ona xəbər verəcək və yalnız bundan sonra vətəndaşların təqaüd məsələsi də öz həllini tapacaq. Bu məlumatın əks olunduğu şikayət ərizələri mətbuata yol tapandan sonra isə Ərkinaz Məmmədova ondan şikayətçi düşmüş vətəndaşlara qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Lakin bir neçəgün bundan öncə, daha dəqiq desək mayın 19-da baş tutmuş hazırlıq iclasından sonra TSEK sədri şikayətçilərə qarşı əvvəldən sərgilədiyi sərt mövqeyini bir qədər yumşaltmalı olub. Belə ki, mənbənin bildirdiyinə görə Ərkinaz xanım cavabdeh qismində məhkəməyə cəlb etdiyi vətəndaşlara “barışıq” təklif edib. Bu barışığın şərtlərinə görə vətəndaşlar öz şikayətlərindən imtina etməlidirlər. Bunun müqabilində isə Ərkinaz Məmmədova həmin vətəndaşların pensiya məsələlərini təmannasız həll etməyi boyun olub. Hələlik bu məsələnin barışıq yolu ilə həllini tapması imkanları tükənməyib. TSEK sədrinin şikayətçiləri razı sala bilməsi üçün hələ bir həftə vaxt var. Amma məsələ bundadır ki, Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar ölkə mətbuatında mütəmadi olaraq dərc olunur. Bu dörd nəfərin problemləri həll olunsa belə, digər çoxsaylı şikayətçilərin ərizələrində də bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var. Mənbələrin iddiasına görə, bu məqsədlə kimisi kredit götürür, kimisi də mal-qarasını və ya ev əşyalarını satıb əlillik dərəcəsi alır. Bildirilir ki, bu gün xəstəlik və əlillik səbəbindən təqaüdə çıxa bilmək üçün 34 saylı TSEK-də qadınlar üçün 2500-3000, kişilər üçün isə 4000 manat qiymət təyin olunub. Həm də bu yeni qiymətlərin məhz Ərkinaz xanım tərəfindən müəyyənləşdirildiyi İmişli və Saatlı sakinləri tərəfindən təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır.Buna görə də istənilən halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyalı qurumlar tərəfindən Ərkinaz Məmmədovanın əməllərinə son qoyulması istiqamətində konkret tədbirlərin görüləcəyi labüddür. Qeyd edək ki, bir müddət əvvəl nazirliyin aparatına ünvanlanan vətəndaş şikayətləri əsasında bir neçə Tibbi-Sosial Ekspert Komissiyalarının sədrləri, o cümlədən 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasın keçmiş sədri M.İbrahimov da vəzifəsindən kənarlaşdırılmışdı. Elə Ərkinaz Məmmədovanın da dörd vətəndaşın problemini həll etməklə bu aqibətdən yaxa qurtaracağı inandırıcı deyil...

Geri qayıt