Əsas Səhifə > Hadisə, Manşet > Əbülfəs Qarayev də Ağstafaya yoxlama göndərməlidir...
Əbülfəs Qarayev də Ağstafaya yoxlama göndərməlidir...31-07-2015, 10:54 |
Bu gün bölgələrdə mədəniyyət və turizm şöbələrinin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi hər kəsə bəllidir. Ümumiyyətlə, son zamanlar daxil olan şikayətlər onu deməyə əsas verir ki, Mədəniyyət və Turizm Nazirliyinin yerlərdəki şöbələrində vəziyyət kritik həddə çatıb. Belə ki, bəzi kadrların vəzifələrinə biganə münasibət bəsləməsi, sui-istifadə halları bir çox fəsadlara yol açmaqdadır. Qeyd etmək yerinə düşərdi ki, nazir Əbülfəs Qarayev bu sahədə mənfi halların üzə çıxmamasından ötrü müxtəlif tədbirlər görür və işinin öhdəsindən gələ bilməyənləri cəzalandırır. Və bu sahədə hansısa problemin yaranmaması üçün əlindən gələni edir. Lakin bütün bunlarla yanaşı, bu gün nazirliyin yerli şöbələrində kifayət qədər nöqsan və araşdırılmalı məqamlar var. Yeri gəlmişkən qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün bu gün əsas vasitəyə çevriliblər. Belə ki, kağız üzərində fəaliyyət göstərən bu "mədəniyyət ocaqları" hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldurlar ki, bu da haqlı olaraq vətəndaşların etirazı, şikayəti ilə nəticələnir. Əldə etdiyimiz məlumatlara görə, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov rəhbərlik etdiyi qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son bir neçə il ərzində kifayət qədər mənfəət əldə edib. Qeyd edək ki, rayonda 1 mədəniyyət evi, 3 muzey, 2 klub, 3 kitabxana, kənd mədəniyyət evləri, klubları, kitabxanaları fəaliyyət göstərir. Lakin sakinlərin dediklərinə görə, rayonun ərazisi tarixi abidələrlə zəngin olsa da, mədəniyyət və turizm şöbəsi həmin abidələrin qorunması yönümündə lazımi tədbirlər görməkdə maraqlı deyil. Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsində bir sıra neqativ halların müşahidə olunduğuna diqqət çəkən sakinlər rayon icra hakimiyyətinin bu sahədə olub-bitənlərə seyrci mövqe sərgilədiyini qeyd edirlər. Deyilənə görə, Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən kitabxanalar və mədəniyyət evlərində, eləcə də digər müəssisələrdə çoxsaylı neqativ halların yer almasına səbəb olur. Elə bu nöqteyi-nəzərdən deyə bilərik ki, artıq Ağstafa rayonunda mədəniyyət sahəsində baş verən özbaşınalıqlar əndazə tanımır. Hətta iş o həddə çatıb ki, dövlət büdcəsi tərəfindən ayrılmış pulları silmək üçün müxtəlif vasitələrə əl atılır. Əldə etdiyimiz məlumatlara görə, rayonun mədəniyyət şöbəsinin müdiri Gülgün Kərimov bu işləri təkbaşına həyata keçirmir. Yəni bu işində ona yardımçı olan şəxslər var. Sakinlər bildirirlər ki, rayondakı kənd klubları və mədəniyyət evləri hazırda Gülgün Kərimovun vəsaitsilmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da Gülgün Kərimovun "ölü canlarıdır". Daxil olan məlumatlarda o da deyilir ki, Gülgün Kərimovun əsas qazanc yerlərindən biri də, kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən, lakin olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçiləridir. Yəni kəndlərindəki mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzərində fəliyyət göstərir. Hətta bəzi kənd klubları heç çayxana olaraq da fəaliyyət göstərmir. O da deyilir ki, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq, hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda Gülgün Kərimov tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Sonda isə onu qeyd edək ki, bizlər sadəcə daxil olan şikayətlər və məlumatlar əsasında hərəkət edirik. Mövcud problemlərin həlli isə, aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir.\\gundelik-baku.com\\ Geri qayıt |