Əsas Səhifə > Hadisə, Manşet > Gəncədə əsəb xəstələri dövlətin qayğısını niyə hiss etmirlər...
Gəncədə əsəb xəstələri dövlətin qayğısını niyə hiss etmirlər...1-08-2015, 15:23 |
Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Gəncə şəhər Psixonevroloji Dispanserinin fəaliyyətində yer almış neqativ hallardan bəhs olunur. Bildirilir ki, müəssisənin baş həkimi Yaşar Əliyevin öz işində yol verdiyi vəzifədən sui-istifadə halları, rüşvətxorluq və digər ciddi qanun pozuntuları dispanserdə müalicə alan xəstələrin vəziyyətini dözülməz hala salıb. Eyni zamanda da mənbələr israrla bildirirlər ki, bu gün artıq sadəcə burada müalicə alan insanlar deyil, həmçinin dispanserin tibbi personalı da baş həkimin qanunsuz əməllərindən beziblər. İlk növbədə məlumatlarda vurğulanır ki, Gəncə Psixonevroloji Dispanserinin fəaliyyətində bu gün saxta arayışların verilməsi xüsusunda daha çox qanun pozuntularına rast gəlmək mümkündür. Mənbələr bildirirlər ki, Yaşar Əliyevlə razılığa gələn sağlam şəxslər bu dispanserdən hətta “dəlilik kağızı” da ala bilirlər. Saxta yolla əldə edilən “dəlilik kağızı” isə bir çox məqamlarda daha təhlükəli fəsadlara yol açılmasında vasitə rolunu oynayır. Həmçinin daxil olan məlumatlarda, dispander rəhbərliyinin buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncə şəhərində və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Lakin bütün bunlarla yanaşı, məlumatlarda daha acınacaqlı hal kimi diqqəti çəkən məqamlardan biri məhz müəssisədə müalicə alan xəstələrə qarşı nümayiş etdirilən yolverilməz davranış tərzi ilə bağlıdır. Belə ki, iddialara görə, dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara və hətta istismara məruz qalırlar. Bu xüsusda məlumatlarda bildirilir ki, burada xəstələr müxtəlif fiziki işlər görməyə məcbur edilirlər. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və hətta müəyyən tikinti işlərində istifadə edir. Digər tərəfdən isə, təqdim olunan açıqlamalarda Yaşar Əliyev dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verməkdə də ittiham edilir. Bildirilir ki, sözügedən səhiyyə ocağının saxlanılması məqsədilə hər il büdcədən külli-miqdarda vəsait ayrılır. Lakin bu vəsaitin böyük bir hissəsi baş həkimin şəxsi büdcəsinə “mədaxil” olunur. Və yalnız cüzi bir hissəsi dispanserin və xəstələrin ehtiyaclarına xərclənir. Bu xüsusda məlumatı təqdim edən mənbə vurğulayır ki, dispanserə guya ki, ərzaq məhsullarının, tibbi və hətta dəftərxana ləvazimatlarının alınması adı ilə hər il budcədən külli-miqdarda vəsaitlər ayrılır. Həmçinin dispanserin binasının cari təmir işlərinə də heç də az məbləğdə pullar ayrılmır. Lakin bu vəsaitlərin böyük bir hissəsi bir qayda olaraq, müxtəlif saxta şirkətlərin hesablrına köçürülərək nağdlaşdırılır və sonrdan dispanserin rəhbərliyi tərəfindən mənimsənilir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd emişdik ki, respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi rayon və bölgələrimizdə ayrı-ayrı səhiyyə müəssisələrinin durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. O cümlədən bu gün Gəncə şəhər Psixonevroloji Dispanserinin fəaliyyəti də bir çox nöqsanlarla diqqəti cəlb etməkdədir... Geri qayıt |