AYB-də o qədər istedadsız adamlar var ki... – Hüseynbəyli
Tarix: 20-02-2024, 08:38 | Çap et
dia-az.life kult.az-a istinadla Azərbaycan Yazıçılar Birliyin katibi, yazıçı Elçin Hüseynbəyli ilə müsahibəni təqdim edir:
- Elçin bəy, bu gün Azərbaycan Yazıçılar Birliyi Azərbaycan yazıçısına nə vəd edir, hansı prespektivləri var?
- Azərbaycan Yazıçılar Birliyi icma təfəkkürünə əsaslanan bir qurumdur. Biz burada birik, bir də olmalıyıq. Bura qələm qardaşlarının toplandığı yerdir, amma özünü təsdiq yeri deyil. Yəni mən bura üzv olum, onunla da istedadlı bir yazıçı-şair kimi təsdiqlənim, belə şey yoxdur. Bura yeganə qurumdur ki, hər gələnə “burada nə gəzirsən?” demirik, “nə istəyirsən, nə qulluq?” deyirik. Buraya üzv olmaq həm də imtiyazlardan yaxşı mənada yararlanmaq vəd edir.
- Gənc yazıçıların tez-tez təndiqləri olur ki, hər şey üzvlərə verilir…
- Belə deyim, Azərbaycanda Atıcılıq Klubu var. Bu qurumun üzvü olmayana hansı mükafat düşür, niyə düşməlidir? Qıraqdakına versinlər, üzvlər qalsın? Ola bilsin ki, üzv olmayıb, yaxşı atıcı olanlar da var. Yəni AYB-yə üzv olmayıb, gözəl yazıçı olan nə qədər adam var. Məsələ budur, mükafat, pul quruma ayrılır, qurumun üzvləri yararlanmalıdır. Prezidentin sərəncamında yazılıb ki, Birliyin üzvlərinin stimullaşdırılması üçün bu mükafat verilir. O ki qaldı mükafatların istedadsızlara verilməsi, bunu mübahisə, müzakirə etmək olar. Bu da subyektivdir. Dünyanın hər yerində belədir, qızıl orta tapmaq mümkün deyil. Birinə Nobel verirlər, yenə də “o kimdi, o nə yazıçıdır, nə yazır, nə sənətçidir?” kimi sözlər deyilir.
- İstedadsıza verilib, istedadlıya verilməməsi düzgündürmü?
- Yenə də deyirəm, AYB-də kifayət qədər istedadsız adam var. Bura mühafizəkar bir təşkilatdır. Çox adam mühafizəkarlığı da səhv başa düşür. Minlərlə də üzv var, bunlar üzvdürsə, mükafat da veriləndə almalıdır. İndi biri çox istedadlıdır, biri az, bu da başqa məsələdir. Yazıçılar Birliyi istedadlılar birliyi deyil, ümumi olaraq yazıçı-şairlərin üzv olduğu yerdir.
- Təqaüd demiş, heç vaxt bu siyahı açıqlanmır. Belə təsəvvür yaranır ki, çox vaxt dost-tanışa verilir.
- O, mənim səlahiyyətimdə deyil. Daxili qərara əsasən olur, amma məndən olsa, açıqlansın. Burada problem yoxdur. Heç bir işimiz gizlin deyil.
- Yazıçılar Birliyi bu il ev verəndə adınız hallansa da, xəbər yalan çıxdı. Sizə niyə ev vermədilər?
- Mənə, əslində, ev düşürdü. Rəsmi olaraq ev növbəsində idim. Təkrar ev alanlar da oldu bu dəfə, hamıya məlumdur.
- Düşünürsünüz ki, haqqınıza girdilər?
- “Haqqıma girdilər” demək düzgün deyil, amma mənim də haqqım idi. Anar müəllimin də bir bildiyi var hər halda.
- Təsərrüfat işçisi də ev aldı…Sizə qarşı qərəz yoxdur ki?
- Düşünmürəm ki, qərəz var. Mən vaxtı ilə üç evdən imtina etmiş adamam. Bir evimə qaçqınlar girib, indiyənə qədər də oradadırlar. Görünür, belə düşünüblər, məsləhət belə olub. Yəqin ki, gələcəkdə bir də olanda mənə də ev düşər.
- Yaşınızı, yaradıcılığını, siyasi baxışınızı nəzərə alsaq, sizə fəxri ad da verilməli idi. Məsələn, xalq yazıçısı. Deyəsən, Anar müəllim sizi diqqətdən kənarda saxlayır…
- Altmış illiyimdə Anar müəllim məni xalq yazıçısı olmağa təqdim edib, amma müddət keçməlidir. Yaxınlarda 90 illiyimiz olacaq, yəqin ki, ad da verilər. Amma deyim ki, fəxri adın arxasınca qaçmaq adamı dəli edər. Mən heç vaxt bu adların dalınca xüsusi qaçmamışam.
- Bu adlar çoxmu vacibdir?
- Varsa, niyə də almayasan? Müdrik yazıçılardan biri mənə demişdi ki, bir şeyi alırsansa, gərək vaxtında alasan. İlyas Tapdığı hamı xalq şairi bilirdi, amma ad verilməmişdi. Özü zarafatla deyirdi, yuxarılar da elə bilirlər ki, mənə ad verilib…
- Elçin müəllim, haqqınızda təsirlənmə iddiaları da var idi. Deyirdilər ki, Semuel Bekketdən götürüb uyğunlaşdırırsınız.
- Bir əsərin üzünün köçürülməsi plagiatdır. Orhan Pamuka sual vermişdilər ki, Ekodan təsirlənirsiz? Demişdi, nəinki təsirlənmək, hətta oğurlayıram da. Nə yaxşı mənə deyirlər ki, Bekketdən təsirlənirəm. Təsirlənmək istedadlı adamın işidir. O təsirlərin içindən bir Elçin Hüseynbəyli sivrildi çıxdı. Bernard Şounun bir sözü var. Deyir, mənim tənqidçilərim savadsızdır. Çünki onlar təsirləndiyim yeri bilmirlər. Hazırda “Gültəkin” romanını işləyirəm. Tarixçi deyiləm axı. Ha tərəfə fırlatdım, gördüm ki, istədiyim bütün sujetləri qurublar. Yəni, əslində, hamı bir yerdən təsirlənir. Hər şey deyilib, yazılıb. Əsas odur, necə təqdim edirsən.
- “İslam ölkələrinin əksəriyyəti avtoritarizma meyillidir”. Bunu siz demisiniz. İslamın üstünlük təşkil etdiyi ölkələrdən sayılırıq. Bunu AYB-nə aid etmək olar? Daha dəqiq, Anar avtoritardırmı?
- Bu, bilirsinizmi, seçimdir. Qurultayda demək olar ki, yekdilliklə sədr seçildi – cəmi iki nəfər əleyhinə oldu. Anarın nə günahı var? Burada məsələ budur ki, o da istəyir, ya yox? İndiyədək istəyirdi, amma daha özü deyir, növbəti qurultayda namizəd olmayacam.
- Anara qarşı olan tənqidləri normal qarşılayırsınız?
- Mən belə şeyləri tənqid yox, fərqli fikir sayıram. Biri demişdi, AYB bağlanmalıdır. Bəziləri dedi, onu AYB üzvlüyündən çıxaraq. Dedim, niyə? Onun fikridir də. Nə olacaq? O deməklə AYB-ni bağlayırlar ? Təndiqə dözümlü olmaq lazımdır.
- Anar özü dözümlüdürmü? Qıraqdan elə görünmür…
- Yaşlı adamdır, bəzi məsələlərdə bir az səbirsiz ola bilər.
- “Anardan sonra sədr kim olacaq” deyərkən, daha çox Rəşad Məcidin adı çəkilir, sizin adınızı az çəkirlər. Anardan sonra sədr olmaq istəyərdiniz?
- Yox, istəməzdim. Sədrlik başağrısıdır. Mən buranı idarə edə bilərəm, amma istəmirəm. Sədr olmağım üçün şərait də var. Nəzərə alaq ki, sədr olmaq bir az da siyasi məsələdir.
- “Rasim Qaraca, Həmid Herisçi mənə rəqib ola bilməzlər” demişdiniz. Yenə də elə düşünürsünüz?
- Nə mənada rəqib?
- Yəqin, yaradıcılıq baxımından…
- Onlar AYO-çular idi. AYO-nın yaranmağı yaxşı idi, mühiti sirkələyirdi. Mən də iştirak etmişdim. Amma onlar çox cığallıq edirdilər. Haqlı da olurdular, haqsız da.
- Harada haqsız idilər?
- AYO-nın yaradıcılarından biri gəldi, dedi ki, biz tanınmalıyıq. Dedim, necə? Dedi ki, bir-birimizi tənqid, təhqir edərək. Bu, mənlik iş deyildi. Əsər yazmaq lazımdır. İndi artıq məndən rejissorlar əsər istəyirlər, orta məktəb dərsliyində, rus bölməsində, ingilis dilində tədris olunuram. Universitetlərdə uzun illərdir imtahana düşürəm. Mənim nəyimə vurulublar? Sadə kənd oğluyam, pulum da yox. Yaxşı oxumuşam, intellektim, bacarığım, özümə inamımla bacarmışam hər şeyi. Demək, məsələ budur: Mətn yazmaq.
- AYO bunlara görə bacarmadı?
- Birtərəfli xətt tutdular. Məsələn, nizamnamələrində deyilirdi ki, burada AYB üzvləri çap oluna bilməz. Onlar demokrat oldu, biz antidemokrat? Amma AYB-nin mətbu orqanlarında üzv olmayanlar da çap oluna bilirdi, bilir də.
- AYB mətbu orqanında qonorarlar azdır, hətta qəpiklə verirlər. Məsələn, “Azərbaycan” jurnalında. Bu, təhqir deyilmi?
- Bəli, razıyam, azdır. Amma təhqir deməzdim. Biz dövlətdən maliyyəşirik. Hər şey bərabər bölünür, paylanılır. Xərclərimiz çoxdur. Ümid edək ki, daha da yaxşı olacaq.
- Əkrəm Əylisliyə Qarabağ müharibəsindən sonra münasibətiniz dəyişdimi? Yoxsa, hələ də sevmirsiniz?
- Mənim onunla heç bir problemim yoxdur. Əkrəmin “Daş yuxular” əsərini ilk növbədə yaxşı roman olmadığına görə bəyənməmişdim. O, romanı motivləşdirə bilməmişdi.
- Gənclərin çoxu bu gün də əkrəmvari dillə yazırlar…
- Əkrəmin təsirindən çıxmaq lazımdır. Onun şirin təhkiyəsi var, ilkin təsirlənmələrə pis baxmıram. Amma böyük yazıçı olmaq istəyən, gərək, təsirdən çıxa bilsin. Əkrəmlə əlaqəm lap əvvəldən dərin olmayıb. Bir dəfə “Balıq adam” əsərimdəki obraza görə incimişdi ki, orada məni yazmısan. Dedim, orada Əkrəm adını yazmışam? Kimsə bənzədirsə, mən nə edim?!
|