"Saytist, youtubust, blogger və jurnalisti fərqləndirmək lazımdır. Jurnalist, ayrıca peşə ixtisası, yaxud da uzun illər bu peşədə təcrübə qazanmış savadlı şəxs olaraq anlaşılır. Podkast “Otuz+” adlanan youtube kanalında Elnurə Nağıyeva adlı bir savadsız youtubist mənəviyyatsız bir saytistlə mənim adımdan sual icad edib müzakirə aparır".
Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində qeyd edib. Millət vəkili sözünə davam edərək bildirir:
"Müzakirənin də predmeti budur ki, guya Fazil Mustafa deyib ki, oğlanlarla qızların bir yerdə təhsil alması yanlışdır. Bu xanımın azacıq jurnalist savadı olsaydı, hansısa mənbə göstərib belə bir fikrin olduğunu dəqiq ifadə edərdi".
F.Mustafa qeyd edir ki, hər zaman olduğu kimi qaragüruhçular sosial şəbəkədə onun fikirlərini təhrif etməklə dəfələrlə bu cür məqsədyönlü təbliğat kampaniyası aparıblar:
"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam, oğlanlarla qızların bir yerdə oxumasını da normal qəbul edirəm. Lakin eyni zamanda təhsildən bu və ya digər səbəbdən uzaq salınmış qız uşaqları üçün Xanım Qızlar Kolleclərinin açılmasını da alternativ variantlardan biri kimi təklif edirəm".
Millət vəkili vurğulayır ki, ideyanın əsas hədəfi ölkəmizdə bu və ya digər səbəbdən orta təhsil almayan hansısa qız övladımızın qalmamasıdır. Həm də bütün hallarda dünyəvi təhsildən söhbət gedir. Bu qədər sadə:
"Opponent olaraq seçdiyi mənəviyyatsız saytist də müdrik görkəm alıb guya Fazil Mustafanın cavabını vaxtında verdiyini ədəbsiz formada ifadə edir. Anlamır ki, bədnam Beynəlxalq Universitetdən çırpışdırılan diplomla özünü bilikli sayıb hələ bundan sonra da idrak edə bilməyəcəyi mövzularda bizə cavab vermək üçün xeyli çalışması lazımdır".