Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli dəstəsinin facebook davasında yeni pərdə

Əli Kərimli dəstəsinin facebook davasında yeni pərdə


5-03-2016, 10:46
Əli Kərimli dəstəsinin facebook davasında yeni pərdə
AXCP sədri Əli Kərimli və REAL-ın rəhbərlərindən olan, iqtisadçı Natiq Cəfərli arasında söz savaşı səngimək bilmir. Hər şey iqtisadçının Ə.Kərimlini yazdığı məlum statusa görə tənqid etməsi ilə başlayıb.

Azərbaycanda insanlara şər-böhtan atmaqda, insanları qaralamaqda ad çıxarmış Ə.Kərimli tərəfdarları sosial şəbəkələrdə N.Cəfərli başda olmaqla, REAL-çıların üzərinə ən ağır küçə söyüşləri ilə hücuma keçiblər. Cəbhəçilər indiyə qədər istifadə etdikləri ən asan taktikaya yenə də üstünlük veriblər. İqtisadçı və onu müdafiə edən REAL-çıları Ə.Kərimli dəstəsi “hakimiyyətə işləməkdə”, “hakimiyyətin sifarişini yerinə yetirməkdə” suçlayırlar. Maraqlıdır ki, REAL-çılar prosesi dayandırmağa çalışsalar da, kərimçilər dayanmaq bilmir. Səbəb isə çox sadədir. AXCP sədrini tənqid edən istənilən şəxs cəbhəçilərin gözündə xain, satqın olur. Ən yaxın dostlar belə... Kərimli tərəfdarları nə edirsən et, bircə Kərimliyə toxunma, prizmasından çıxış edirlər. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər.

Bütün bunlara dözməyən deputat Fazil Mustafa da facebook profilində məsələyə münasibət bildirib: “Bu debil, qaragüruh sürüsü adını qoyub ki, Natiq Cəfərli hakimiyyətə işləyir. Mən elə bilirdim ki, bunlar əsasən bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə, kim ki nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda görürsən ki, ”hakimiyyətə işləmək" meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə Natiq Cəfərli, nə İsa Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını bu yaxınlarda YAP iqtidarının təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar. “Hakimiyyətə işləyən” REAL təşkilatının rəhbəri illərdir həbsdədir, hakimiyyətlə savaşan AXCP təşkilatının rəhbərinin illərdir həbs olunmama qarantiyası var... Ona görə də el arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz. İfadəni üzürlü sayın, yerinə düşdüyünə görə yazmaq məcburiyyətində qaldım".

Bu statusdan sonra cəbhəçilər hücum hədəfini dəyişərək, F.Mustafanın üzərinə gediblər. Deputat açıq şəkildə təhqirlərə məruz qalıb.

Zaman-zaman AXCP barədə yazdıqlarımız hər keçən gün öz yerini tutmaqdadır. Xüsusilə REAL-la yaranan qarşıdurma illər öncə dediklərimizi əyani şəkildə ortaya qoydu. Belə ki, vaxtilə REAL-la bəzi qurumlarda təmsil olunan, Natiq Cəfərli başda olmaqla, REAL rəhbərliyini hakimiyyəti tənqid edən tərəf kimi göstərən AXCP indi bu şəxsləri bir anda hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər. Mahiyyət ortadadır...

Bütün bunlar özlərini yeganə müxalif qurum kimi qələmə verən AXCP-nin demokratik düşərgəyə vurduğu zərbənin göstəricisidir. İş o yerə çatıb ki, həbsdəki vicdan məhbusu Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova twitter səhifəsində cəbhəçilərin iyrəncliklərindən bezdiyini belə dilə gətirib: “Əli Kərimli hakimiyyətə gəlsə, mühacirət edərəm...”

Yeni AXCP-nin sədri Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında Kərimli dəstəsi barəsində zamanında dediyi sözlərin nöqtəsindən vergülünə qədər həyata keçdiyini qeyd etdi: “Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Əli Kərimlinin dayandığını açıq şəkildə dediyimiz zamanlarda bizə haqq qazandıranlar olsa da, heç bir siyasətçi özündə cürət tapıb, fikrini ortaya qoymadı. Bizi açıq müdafiə edən də olmadı. Çünki onlar Kərimlinin ətrafına yığdığı ”zombi"lərin söyüşündən çəkindilər. Bu gün bir partiya rəhbəri, iqtisadçı təhqir olunursa, sabah hər kəs bu halla üzləşə bilər. Ona görə də Azərbaycan siyasətini bu cür insanlardan təmizləmək yolunu tutmuşuq. Hər kəsdən dəstək gözlədik, amma gəlmədi. Bizə dəstək olmayan şəxslər bu gün Kərimlinin “zombi”lərinin təhqirləri ilə üzləşirlər. REAL Azərbaycanda öndə olan müxalif qurumlardan biridir. Bu hərəkatın rəhbəri İlqar Məmmədov neçə ildir məhbus həyatı yaşayır. O, bir çoxlarından fərqli olaraq, tutduğu yoldan dönmədiyinə görə həbsdədir. Amma onun hərəkatına qarşı çirkin kampaniyaya start verənlər azadlıqdadır. Kərimli və ətrafındakılar daha yaxşı həyat yaşayırlar, daha yaxşı maşınlarda gəzirlər, daha çox siyasi divident qazanıblar, amma İlqar Məmmədov qədər siyasi iş görməyiblər. REAL-a qarşı indiki çirkin kampaniyanı birbaşa Kərimli və ətrafı təşkil edir. Sanki Kərimlinin dediyi bir cümləni belə tənqid etmək olmaz, bu sözlər qızıldan qiymətlidir. Bu cür yanaşma bütləşmə, şəxsiyyətəpərəstişdir. Bu hallar olan yerdə heç bir siyasi əqidədən söhbət gedə bilməz".

Politoloq Natiq Miri bildirdi ki, bu cür davranışların hakimiyyətin dəyirmanına su tökdüyünü Əli Kərimlidən yaxşı bilən yoxdur: “Əli Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir. Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Ə. Kərimli əgər belə çirkin kampaniyaların hakimiyyətə sərf etdiyini anlayırsa, demək, bu, hakimiyyətə işləməkdən başqa bir şey deyil. İndiki vəziyyətdə cəmiyyəti belə məsələlərlə iyrəndirmək kimin maraqlarına uyğundur? Belə həssas, islahatların aparılmasına ehtiyac yarandığı bir vaxtda ictimai diqqətin başqa bir səmtə yönləndirilməsi kimə xidmət edə bilər? Cəbhəçilər bu suala cavab versinlər. Onda biləcəklər ki, yaratdıqları vəziyyət hakimiyyətə xidmət edir. Belə çıxır ki, bu situasiyanın yaranmasının sifarişçisi hakimiyyətdir. Pulu kim verirsə, musiqi sifarişini də o verir. REAL-ı hakimiyyətə işləməkdə suçlamaqdansa, ortaya real iş qoymaq lazımdır. Amma biz bunu görmürük. Əvəzində iyrəndirici proseslər görürük. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 20 ildən artıqdır bu proses gedir”.

Geri qayıt