Əsas Səhifə > Partiya, Güney Press > “...Dağlıq Qarabağ münaqişəsi təftiş oluna bilməz”

“...Dağlıq Qarabağ münaqişəsi təftiş oluna bilməz”


13-01-2021, 10:54
“...Dağlıq Qarabağ münaqişəsi təftiş oluna bilməz”
“Hesab edirəm ki, Moskvada keçirilən üçtərəfli görüşdə bütün məsələlər müzakirə edilib. Sadəcə, razılaşma 10 noyabr sazişinin 9-cu maddəsi ətrafında olub. Bu, həm də Rusiyanın marağındadır. Eyni zamanda Mehri dəhlizi vasitəsilə Ermənistan həm Rusiya ilə əlaqələr qura bilər, həm də Türkiyənin bu məsələdə marağı var. Sözsüz ki, bizim də əsas marağımız Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinə sahib olmaqdır”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin İnsan hhüququları komitəsinin sədr müavin Tahir Kərimli “Niyə Moskvada məhz üçtərəfli sazişin 9-cu maddəsi müzakirə edilib” sualına cavabında deyib.

T. Kərimli xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti Moskvada çıxışı zamanı digər qonşu ölkələrin də adını çəkib, bu dəhlizdən Azərbaycanla yanaşı İran, Türkiyə, Rusiya, Gürcüstanın da faydalana biləcəyini qeyd edib: “Hesab edirəm ki, üzə çıxan Mehri dəhlizinin açılması məsələsi idi və onunla bağlı da işçi qrupu yaradıldı. Amma şübhə yoxdur ki, bütün məsələlər müzakirə edilib”.

Deputat ehtimal edir ki, Moskvada ən çox müzakirə ikitərəfli görüşlər zamanı aparılıb: “Çünki ikitərəfli görüşlərdə daha çox iqtisadi məsələlər müzakirə olunub. Amma Moskva görüşündən əvvəl Putinin sədrliyi ilə Rusiya hüquq-mühafizə, xarici işlər nazirlikləri rəhbərliyinin iştirakı Təhlükəsizlik Şurasının iclası keçirilib. Sözsüz ki, bu da görüşə hazırlıq məqsədi daşıyırdı və Qarabağla bağlı idi. Görünür detallar tam açıqlanmayıb. Fikrimcə, görüşdə müzakirə edilən məsələlərlə bağlı detallar açıqlansaydı, böyük ehtimalla Nikol Paşinyan Ermənistana qayıda bilməzdi. Onsuz da Paşinyan Moskvaya gedəndə onun yolunu Yerevanda kəsmişdilər, səfərinə imkan vermək belə istəmirdilər. Çünki erməni ictimaiyyətinə məlumdur ki, Paşinyan Moskvaya 10 noyabr razılaşmasının detallarını müzakirə etməyə gedirdi. Fərziyyəm odur ki, müzakirələrin bütün detalları razılaşmaya əsasən aydınlaşmayıb. Biz hələ 10 noyabr razılaşmasında gördük ki, Türkiyə tərəfinin adı çəkilmədiyi təqdirdə sonradan türk-rus birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında məsələ ortaya çıxdı və razılaşdırıldı. Şübhəsiz ki, Moskva danışıqlarında gömrük, sərhəd postlarının qoyulması, Laçın dəhlizindən Azərbaycan ərazisinə qanunsuz daxilolmaların qarşısının alınması, Azərbaycan yuridiksiyasının getdikcə təmin edilməsi məsələsi olub. Güman edirəm ki, sülhməramlılara aid olmayan işlərə müdaxiləsi də müzakirə olunub”.

T. Kərimlinin sözlərinə görə, Azərbaycan prezidenti Moskvada açıq bəyan edib ki, Dağlıq Qarabağın heç bir statusundan söhbət gedə bilməz: “Yəni Dağlıq Qarabağ münaqişəsi artıq geridə qalıb. Prezident bunu təkcə Azərbaycan və erməni ictimaiyyətinə demədi. Bu mövqe həm də proseslərə nəzarət edən Putinin qarşısında elan olundu. Bir daha dünyaya nümayiş etdirildi ki, Dağlıq Qarabağ münaqişəsi təftiş oluna bilməz. Buna cəhd edilsə, Azərbaycan üzərinə düşən funksiyasını yerinə yetirəcək”.

T. Kərimli sonda tövsiyə edib ki, proseslərin inkişafı baxımından bir qədər səbrli olmaq lazımdır: “Bir qədər gözləyək. Hesab edirəm ki, praktik addımlar atılacaq. Praktik addımlar nəticəsində biz biləcəyik ki, hansı addımlar, razılaşmalar olub. Elə razılaşmalar var ki, əgər onlar açıqlansaydı, Paşinyan Ermənistana qayıtmamalı idi. Lakin Paşinyan özündən başqa Azərbaycan və Rusiyaya lazımdır ki, hakimiyyətdə qalsın, imza atdığı razılaşmaların yerinə yetirilməsi funksiyasını icra etsin”.

Geri qayıt