Əsas Səhifə > Partiya, Güney Press > “Zəiflədilən klan elə-belə can verməyəcək”

“Zəiflədilən klan elə-belə can verməyəcək”


12-02-2021, 10:13
“Zəiflədilən klan elə-belə can verməyəcək”
Ölkədə korrupsiyaya qarşı mübarizənin, korrupsiyaya görə həbslərin əhatəsi genişləndikcə, bir sıra məmurların, həmçinin sabiq komanda üzvlərinin dövlət çevrilişi həvəsinə düşdüyü barədə fikirlər, iddialar meydana gəlir. Özü də maraqlıdır ki, bu cür iddiaları kifayət qədər ciddi simalar dilə gətirirlər. Eyni zamanda mətbuatda da bu cir fikirlər yayılır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə bu cür məsələrdən danışanların özünü suçlayıb: “Xalqımız Prezidenti müdafiə edir və onun qarşımızda duran problemləri həll edəcək islahatları uğurla həyata keçirəcəyinə inanır. Artıq bu istiqamətdə real addımların atılması üçün ciddi hazırlıq işləri görülür. Çevriliş barədə danışanların isə hər birinin öz marağı var.

Biri yalnış olaraq düşünür ki, bununla iqtidara kömək edir, eyni zamanda diqqəti özünün təxribatçı əməllərindən yayındırır. Digəri fikirləşir ki, bu yolla iqtidar daxilində parçalanma yarada bilər.

Bir başqası bu tipli şayiələr yayıb başqasına etimadsızlıq yaratmaq istəyir. İnkişafın qarşısında kötüyə çevrilmiş başqa biriləri düşünürlər ki, bu tipli şayiələr yaymaqla Prezidenti təhdid edib islahatlardan çəkindirmək olar və s. Amma bu barədə danışanların hər biri ayrılıqda başa düşür ki, Azərbaycanda antikonstitusion yolla hakimiyyət dəyişikliyi dövrü çoxdan başa çatıb və xalqımız onların dediklərini ciddi qəbul etmir”.

Bəs müxalifət düşərgəsi bu barədə hansı fikirdədir? Ölkədə “çevriliş planları” qəsdən mediaya sızdırılır, yoxsa doğrudan da “çevriliş” planları ola bilər?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, deputatların fikirlərini şərh eləmək istəmir. Amma özünün şəxsi qənaətləri var: “Vahid Əhmədov sıradan bir deputat deyil. Təcrübəli, məlumatlı, dövlət idarəçiliyi vərdişləri olan bir adamdır. Eyni zamanda mənim müşahidələrimə görə, çox ehtiyatlı adamdır. Əgər Vahid müəllim nəsə deyirsə, deməli, deyilənlərdən dolayı onun hansısa məlumatı, ya da ehtiyatlanması var. Əslində son dövrdə daha bir neçə hadisələr baş verib. Onları diqqətdən kənarda saxlamaq olmaz. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Moskva səfəri diqqətdən kənarda saxlanılmamalıdır. Çox hörmətli, çox sevidiyim xalq artisti Flora Kərimovanın açıqlamaları diqqətdən kənarda qalmamalıdır. ”Space" televiziyasında baş verənlər hökumətin daxilində ola biləcək müəyyən məsələlərdən də xəbər verə bilər. Səlim Müslümovun həbsi, Ziya Məmmədovun açıqlamaları və istintaqa çağırılması ilə bağlı mediaya sızdırlan informasiya, Ramiz Mehdiyevlə bağlı son vaxtlar baş verənlər də bir çox məsələlərdən xəbər verir. Görünən odur ki, zəiflədilən klan elə-belə can vermək istəmir və yəqin ki, verməyəcək. Sonda necə olacağını proqnoz vermək çətindir. Amma hər halda, ağıllı adamlar heç bir variantı istisna etmirlər. Mən sakitləşdirici bəyanatları da cəmiyyətin yanlışa doğru yönləndirilməsi nöqteyi-nəzərdən qiymətləndirirəm. Siyasətdə “heç vaxt heç vaxt” deyilməməlidir. Yəni hər şey ola bilər, siyasətdə heç nəyi istisna eləmək olmaz".

Əli Əliyev qeyd etdi ki, cərəyan edən prosesdə, ehtimal kimi səslənən məsələlərdə müxalifətin də davranışları diqqətdən qaçırılmamalıdır: “Mən öz fikrimi deyə bilərəm, bütün müxalifət adından danışa bilmərəm. Çünki Ramiz Mehdiyevin müxalifəti var, hazırkı administrasiyanın müxalifəti var, xarici qüvvələrin müxalifəti var, neytral və heç bir tərəfdən idarə olunmayan müxalifət var. Bunların hərəsinin davranışı bir cür ola bilər. Öz adımdan onu deyə bilərəm ki, mən hakimiyyətin siyasətinin bir sıra məqamlarını bəyənməsəm də, Moskvadan gətiriləcək hər hansı bir yeni adamın, yeni komandanın Azərbaycana ziyanlı ola biləcəyi qənaətindəyəm. Ona görə də bizim üçün dövlət və millət olaraq ideal variant Prezident İlham Əliyevin islahatlarının dərinləşdirilməsi və ölkənin təhlükəli tendensiyalardan qorunmasıdır. Əgər bu gün mənə seçim versələr ki, köhnə komanda ilə İlham Əliyev arasında seçim et, mən təbii ki, İlham Əliyevi seçərəm”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, ölkədə bəzi məmurların çevriliş cəhdində buluna biləcəyi ilə bağlı deputat Vahid Əhmədov mövqe bildirib. Qüdrət Həsənquliyevin bu mövzuda söylədiklərini Vahid Əhmədova cavab kimi də qiymətləndirmək olar: “Ola bilsin ki, kimlərsə ya informasiya, ya təhlilləri əsasında bu qənaətə gəlirlər. Düşünmürəm ki, dövlət çevrilişi söhbətlərini kimsə qəsdən ortaya atır və ya mətbuata sızdırır. Şəxsən mənim fikrimcə, mövcud reallıqda kimlərinsə çevriliş cəhdində bulunması və uğur qazanması inandırıcı deyil. İndi o zamanlar deyıl, çevriliş dövrləri arxada qaldı. Amma korrupsiyaya bulaşmış, külli miqdarda dövlət əmlakını mənimsəyən yüksək rütbəli vəzifə daşıyanların hərəkətlərindən cəmiyyətdə ciddi narazılıq yaranması sirr deyil. Bu da ölkədə əlavə gərginlik yaradır. Belə adamlar azadlıqda gəzdikcə, vəzifədə qaldıqca cəmiyyətdə narazılıqlar artır. Ona görə də düşünürəm ki, növbəti müharibə ölkəni caynağına alan korrupsiyaya, korrupsionerlərə qarşı aparılmalıdır”.
“Yeni Müsavat”

Geri qayıt