Əsas Səhifə > Partiya, Güney Press > “Ruspərəst və qərbpərəstlərin açıq savaşı gedir”

“Ruspərəst və qərbpərəstlərin açıq savaşı gedir”


3-03-2021, 09:39
“Ruspərəst və qərbpərəstlərin açıq savaşı gedir”
“Nikol Paşinyan istefa verməsə Rusiya başda olmaqla, onu zorakı yolla devirməyəcəklər. Çünki qeyri-qanuni və legitim olmayan hakimiyyətlə əməkdaşlıq etmək çox çətin olacaq. Rusiya arzu edir ki, Paşinyan özü istefa verərək hakimiyyəti tərk etsin. Nikol Paşinyan da qərb tərəfindən dəstəklənir və hakimiyyətdən asanlıqla əl çəkməyəcək. Üstəlik, onun erməni cəmiyyətində kifayət qədər nüfuz və dəstəyi var. Hər halda Yerevandakı Azadlıq meydanında keçirdiyi mitinq bunu deməyə əsas verir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reyting.az-ın əməkdaşı ilə söhbəti əsnasında Ermənistanın qərb və Rusiya qarşısında əsas savaş məkanı olduğunu bildirib.

S. Cəlaloğlunun fikrincə, Ermənistandakı proseslər əslində Rusiya ilə qərb arasındakı mübarizənin təzahürüdür: “Ermənistan daxilində siyasi qüvvələrin tərkibinə baxdıqda belə nəticə çıxarmaq olur ki, orada ruspərəst və qərbpərəst qüvvələr arasında savaş gedir. Bunu başqa formada da qeyd etmək olar: Ermənistanın müstəqil olması ilə bu ölkənin Rusiyanın bir quberniyasına çevrilməsinin tərəfdarları arasında amansız mübarizə başlayıb. Bu baxımdan Nikol Paşinyana erməni xalqının ciddi dəstəyi var. Üstəlik, ABŞ, Avropa və Türkiyə Paşinyanın qanunsuz yolla devrilməsinə qarşıdır. Çünki Ermənistanda dövlət çevrilişi ilə hakimiyyət dəyişəcəksə, bu, bütövlükdə Cənubi Qafqazda destablizasiya yaradacaq. Bunu isə heç kəs arzulamır”.

ADP sədrinin sözlərinə görə, ötən gün keçirilən mitinq göstərib ki, N. Paşinyan siyasi fiqur olaraq erməni siyasi elitasında bir nömrədir.

Geri qayıt