Əsas Səhifə > Partiya, Güney Press > “3+3” platforması:“Regionun taleyində dəyişiklik olacaq”

“3+3” platforması:“Regionun taleyində dəyişiklik olacaq”


4-03-2021, 07:25
“3+3” platforması:“Regionun taleyində dəyişiklik olacaq”
Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfranı keçirib. Görüş zamanı altılıq platforması barədə də danışılıb. Çavuşoğlu bildirib ki, Azərbaycanın təklif etdiyi “3+3” platforması regionda sülhü dayanıqlı etmək üçündür.
Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.
“Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Aydın məsələdir ki, tərəflərdən dördü- Azərbaycan, Türkiyə, Rusiya və İran bu platformanı yaratmaq istəyirlər. Əlbəttə, region güclərilə müttəfiq olmaq Ermənistanın da ürəyincədir. Bunun üçün sadəcə “ağlını başına yığmalıdır”. Ən çox tərəddüd edən Gürcüstandır. O, torpaqlarını işğal edən Rusiya ilə eyni layihədə yer almaq istəmir. Türkiyə isə israrlıdır...Belə bir vəziyyətdə məsələnin necə həll olunacağı çoxlarını düşündürür.

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “3+3” platformasına dair “Sherg.az”a danışarkən layihənin üstünlüklərini açıqladı:

“Azərbaycan prezidenti platforma barədə təklif edəndə söyləmişdi ki, beş dövlət birləşsin və əgər Ermənistan da işğalçılıq siyasətindən əl çəkərsə, “altılıq” yaranar. Əlbəttə, təşəbbüs reallaşacağı təqdirdə regionun taleyində mühüm dəyişiklik olacaq.

Hətta platformanın təsiri bölgə miqyasından kənara da çıxa bilər. Ümumiyyətlə, 3+3 formatı son illərdə ən əhəmiyyətli regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq layihəsidir. O, ciddi geosiyasi və geoiqtisadi əməkdaşlıq vəd edir”.

P.Hüseyn, həmçinin Gürcüstanın məsələyə münasibətindən də söz açdı:

“ “Qafqaz eli” ideyası keçən əsrdən var idi. Sadəcə təcrübə göstərdi ki, böyük dövlətlərin iştirakı olmadan məsələni reallaşdırmaq qeyri-mümkündür. Həmin təklifin məhz “altılıq” platforması şəklində baş tutması regional əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.

Beləliklə, fərqli geosiyasi mənzərə yaranacaq, böyük iqtisadi bazar formalaşacaq. Belə bir halın rəsmi Tbilisinin də maraqlarına cavab verməsi şübhəsizdir.

Düzdür, NATO və ABŞ-la əlaqələri inkişaf etdiyinə görə, Gürcüstan konkret qərar verməkdə çətinlik çəkir. Ancaq, məncə, Gürcüstanın da iştirakı ilə“altılıq” platformasının yaranması ehtimalı daha çoxdur”.
Geri qayıt