Əsas Səhifə > Partiya, Güney Press > "Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki..."
"Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki..."5-03-2021, 09:44 |
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Fazil bəy, ötən günlərdə Qarabağa gizlin yollarla mülki geyimdə, mülki maşınlarda erməni əsgərlərinin göndərilməsi ilə bağlı faktlar ortaya çıxdı. Bu addımların 10 noyabr razılaşmasına təsirini ümumi necə şərh etmək olar? - Bu məsələlər hər kəs üçün açıqdır. O ərazilərə qanunsuz olaraq gələn hər bir şəxs Azərbaycan üçün terrorçu statusundadır. Bu cür terrorçuların da zərərsizləşdirilməsi üçün hər an antiterror əməliyyatları keçirilə bilər. Həmin ərazilərə Azərbaycanın iradəsindən kənar, hətta sülhməramlıların vasitəsi ilə gələnlər belə terrorçu kimi tanınır. Ona görə də bu ərazilərə gələnlər onlara qarşı antiterror əməliyyatlarının olacağını da bilməlidirlər. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Buna başqa cür də bir ad vermək olmaz. Başqa formada bu cür hallara göz yumulması mümkün deyil. - Məğlub ölkə olan Ermənistanda siyasi gərginlik hökm sürür. Sizcə, proseslər necə nəticələnək? - Ermənistanda yeni bir dalğa - müharibə dalğasıdır. Müharibə dalğasının da davam etməsi Ermənistan cəmiyyəti üçün arzuolunan deyil. Çünki birmənalı olaraq məğlubiyyətdən sonra ikinci - daha bir ağır məğlubiyyəti yaşamaq riskləri olduqca böyükdür. Bunu Ermənistanda anlayırlar. Ona görə də buna münasibət bir az fərqlidir. Amma nə olmasından asılı olmayaraq, biz öz işimizi görməliyik. Qarabağın hər hansı bir şəkildə Ermənistanla əlaqəsinin yaranmasına imkan tanınmamalıdır. Bunun üçün də sərt tədbirlər görülməlidir. - Cənab Prezident Zəngəzur dəhlizi ilə bağlı xüsusi bir mesaj verdi. Bu layihənin hədəflərini necə qiymətləndirirsiniz? - Bundan sonra hədəflər odur ki, bəyanatda nəzərdə tutulan müqavilə şərtlərində yer alan məsələlər burada öz təsbitini tapsın. Ermənistan bu sənədə imza atıb. İmza atıbsa da, əməl etməlidir. Əgər bundan imtina olarsa, bütün razılaşmanın pozulması anlamı gündəmə gəlir. Bunun qarşısında kimsə dura bilməz. Ona görə də Azərbaycan artıq addım-addım öz iradəsini həyata keçirir. Zəngəzurla bağlı da koridor açılmalıdır. Buna da Rusiya tərəfi təminat verir. - Ermənistanın sabiq prezidentləri Moskvadan dəstək ala bilmədi. Əksinə Paşinyan isə son zamanlar Rusiya ilə bağlı fikirlərində ciddi dəyişikliklər edir. Proseslərin gedişində daha hansı reallıqlar ortaya çıxara bilər? - Paşinyanın burada hər hansı bir yolu izləməsi onun məcburiyyətindən qaynaqlanır. Çünki onun indiki reallığı dəyişmək imkanı yoxdur. O artıq Rusiyayönümlü bir referans götürmək məcburiyyətindədir. İmzalanan müqavilənin davam etdirən, onun şərtlərinə əməl edən iqtidar lazımdır. Bu olmasa problemlər daha çox böyüyə bilər. Bu baxımdan Paşinyanın üstünlüyü həm də Rusiyanın dəstəyi ilə bağlıdır. Çünki Rusiya Paşinyanın getməyini istəsə, tamam fərqli trayektoriya cızardı. - Moskvada ötən günlərdə baş nazirlərin müavinləri səviyyəsində növbəti görüş oldu. Yeni əməkdaşlıq üçün bu görüşlərin əhəmiyyəni necə dəyərləndirmək olar? - Müqavilənin şərtlərinə əsasən bu görüşlər davam edir. Azərbaycanın əməkdaşlıqla bağlı fəaliyyəti imzaladığı bəyanata əsaslanır. Bəyanatda nəzərdə tutulan bütün müddəalar icra olunmalıdır. Bunun davamında Zəngəzur yolu açılmalıdır. Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki, Laçın dəhlizi bağlanacaq. Bununla da rus sülhməramlılarına da xəbərdarlıq olunacaq ki, bəyantın bir bəndi icra olunur. Digər bəndi isə icra olunmur. Ona görə də bu məsələdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoymalıdır. Geri qayıt |