Əsas Səhifə > Partiya, Güney Press > Onlar niyə YAP-a birləşmək qərarı verdi?
Onlar niyə YAP-a birləşmək qərarı verdi?9-03-2021, 12:08 |
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında 6 partiya- Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası hakim partiyaya birləşib. Maraqlıdır, birləşmə qərarı hansı zərurətdən irəli gəlib? Bununla bağlı Sfera.az hakim partiya ilə birləşmək qərarı vermiş partiyaların sədrlərinin fikirlərini öyrənməyə çalışıb. Azərbaycan Yurddaş Partiyasının sədri Gülayə Səfərova saytımıza açıqlamasında YAP-a birləşmək üçün ilk müraciət edən partiya olduqlarını vurğulayıb: "Sədrimiz Mais Səfərli dünyasını dəyişəndən sonra onsuz da mart ayında qurultayımız olmalı idi. Yerli təşkilatlarımızın yığıncaqları keçirilirdi, oradan belə bir təklif gəldi ki, bizim məqsəd və məramımız eynidir, siyasi baxışlarımız üst-üstə düşür. Həm də cənab prezidentə etimad onsuz da var idi, biz hər zaman onun kursunu dəstəkləyirdik. Amma Vətən Müharibəsindən sonra prezident kiçikdən-böyüyə hər kəsin etimadını qazanıb. Biz də düşündük ki, Qarabağı qaytaran, arzularımızı həyata keçirən, həsrətimizə son qoyan belə bir liderin rəhbərlik etdiyi partiyaya birləşək. Bilirsiniz, Vətən Müharibəsini şərtləndirən amillərdən biri də milli birliyimiz, həmrəyliyimiz olmuşdu. Düşündük ki, bu birliyi davam etdirək və YAP-a birləşərək fəaliyyət göstərək”. G.Səfərova digər partiyalara da səslənib: "Ayrı-ayrı partiyalarda fəaliyyət göstərməkdənsə, məqsədimiz eynidirsə, birləşək. Biz müharibənin bitdiyini deyirik, amma düşmənimiz hələ məhv olmayıb. Ölkə başçısının dediyi kimi düşmənin başını "dəmir yumruq”la əzmişik. Lakin bu gün düşmənin əzilmiş başına məlhəm qoyan beynəlxalq təşkilatlar, ölkələr var. Düşmən hələ tam məhv edilməyib. Bu baxımdan birliyimizi saxlamalıyıq ki, gələcəkdə də quruculuq işlərimizi davam etdirək”. Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan bildirib ki, YAP-a birləşmək qərarı bir neçə səbəbdən irəli gəlib: "Birini xüsusilə vurğulamaq istəyirəm. Fikrimizə görə, Azərbaycan erməni dövlətinin vurduğu mənəvi ziyanı hesablayıb şikayət məktubu ilə beynəlxalq məhkəmələrə müraciət etməlidir. Yəni, Ermənistan müstəqil dövlət kimi fəaliyyət göstərməməlidir. Bunu da yalnız dövlət edə bilər, hakim partiya isə YAP-dır. Biz neçə illərdir, bir partiya olaraq bu istiqamətdə bəyanatlar veririk, lakin dünya dövlətin verdiyi sənədi qəbul edir. Bu, YAP-a qoşulma qərarlarından biridir. Eyni zamanda onlarla məsələ var ki, bu gün Azərbaycan onu həll etməlidir. Yorğunluqdan çıxmaq istəyiriksə, Ermənistan müstəqil olmamalıdır. İstəyirlər Gürcüstanın, Azərbaycanın, istəyirlərsə də Türkiyənin tərkibində fəaliyyət göstərsinlər. Ona müstəqil dövlət statusu vermək insanlıq üçün böyük günahdır”. Partiya sədri qeyd edib ki, birliyin olması yaxşıdır: "Prezident qurultayda 3 ay müddətində YAP-ın proqramında dəyişikliklərin edilməsini və qəbul olunmasını bildirdi. İnanıram ki, 3 ay müddətinə birləşmə məsələsi də müəyyən axara düşər. Amma mənim birlik olması üçün canfəşanlıq etməyimin səbəbi dövlətin beynəlxalq nüfuzudur. Partiyalar öz missiyasını yerinə yetirib. İndi dünyada dövlət əhəmiyyətli güclü qurumlara, təşkilatlara ehtiyac var”. Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov saytımıza açıqlamasında deyib ki, hazırda ölkədə mövcud olan birlik və həmrəyliyi qorumaq naminə birləşmək qərarı qəbul edilib: "Eyni zamanda bu gün 30 ildən sonra böyük həsrətə son qoyulub, Azərbaycanın müharibədə qətiyyətli qələbəsi təmin olunub, Ermənistanın kapitulyasiya aktına imza atmasına məcbur edilib. Bütün bunlar, əlbəttə, bizi YAP-a qoşulmağa sövq etdi. Partiyanın 3 ay müddətində yeni proqramının hazırlanması ilə bağlı tapşırıq verildi. Təbii ki, nəzərdə tutulan proqramın həyata keçirilmə işlərində biz də fəal iştirak etməyə çalışacağıq”. Geri qayıt |