Əsas Səhifə > Partiya, Güney Press > Birlik tendensiyası: YAP-dan sonra müxalifət?

Birlik tendensiyası: YAP-dan sonra müxalifət?


9-03-2021, 16:33
Birlik tendensiyası: YAP-dan sonra müxalifət?
44 günlük Vətən savaşında əldə olunan böyük zəfər cəmiyyətdə konsolidasiya meyllərini gücləndirib.

Müxalifətdə təmsil olunan 6 partiyanın Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi bu istiqamətdə müsbət meylləri gücləndirib.

Birləşmə prosesi müxalifət partiyaları arasında da baş tutacaqmı?

“Siyasi ideologiyası yaxın olan partiyalar birləşəcək”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, perspektivdə müxalifət düşərgəsində də proqramı və siyasi ideologiyası yaxın olan partiyalar birləşəcək:

"Partiyaların təmərküzləşməsi getməli, ideologiyasına görə, sağ partiyalar bir tərəfdə, sol partiyalar digər tərəfdə olmalı və tərəflərin öz daxilində birləşmə getməlidir. Azərbaycanda demokratik seçki keçirilmədiyi üçün indiyədək partiyaların birləşməsi baş verməyib. Hesab edirəm ki, bundan sonra birləşmə prosesi baş verəcək. Demokratik seçki olanda, siyasi təşkilatlar parlamentdə təmsil oluna bilirsə, olunur. Oluna bilməyəcəyi təqdirdə ya sıradan çıxır, ya da birləşmək məcburiyyətində qalır. Bizdə belə seçim olmayıb. Amma siyasi təşkilatların birləşməsi müsbət haldır. Əgər ölkədə bircə dəfə demokratik seçki keçirilsə, siyasi təşkilatların təmərküzləşməsi prosesi sürətlənəcək və müxalifət düşərgəsində də partiyalar birləşəcək. Dünya bu yolu keçib".

“Partiyaların bəlkə də 90 faizi gücünü itirib”

Ağ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, siyasi maraqlar uzlaşarsa birləşmə mümkündür:

"Partiyaların birləşmələri, yaxud ayrılmaları maraqlar üzərində baş tutur. Yəni hansısa siyasi, maddi, şəxsi və digər maraqlar üzərində partiyalar birləşə, yaxud ayrıla bilir. Hansısa partiya səbəbsiz yerə özünü ləğv edib, digər partiyaya birləşmir. İqtidarın partiyalarla bağlı bugünədək yürütdüyü yanlış siyasəti nəzərə alsaq, siyasi partiyaların bəlkə də 90 faizi güc itiriblər. Ona görə də, bu təmərküzləşmə prosesi çoxdan baş verməli idi. Amma bunu aydınlaşdıran normal şərait yoxdu deyə, partiyaların hamısı özünü bərabərgüclü hesab edir. Əgər bir dəfə demokratik seçki keçirilsə, siyasi səhnə aydınlaşacaq və partiyalar da öz güclərini biləcəklər. Nəticədə təmərküzləşmə prosesi sürətlənəcək".

“62 zəif partiyadansa, 10 güclü təşkilatın olması daha yaxşıdır"

Tural Abbaslı deyib ki, müxalifət partiyalarının içərisində digərlərinin maraqlarını təmin edə biləcək partiya olmadığı üçün, heç kim birləşməkdə maraqlı olmur:

"Azərbaycanda qeydiyyata alınmış 62 partiya var. Lakin parlament seçkilərində onlardan, təxminən 15-i iştirak edib. Hətta partiyalar var ki, sadəcə sədrləri tanınır. Amma birləşmirlər. Çünki birləşməkdə də bir maraq yoxdur. YAP-a 6 partiyanın birləşməsində hansısa məntiq var. Yəni onlar maraqları YAP-da təmin olunacaq. Amma müxalifətdə elə bir partiya yoxdur ki, digər kiçik partiyaları ətrafında birləşdirib, onların bütün maraqlarını təmin edə bilsin. Bunun üçün müxalifət partiyalarının maddi bazaları da imkan vermir. Ümumi olaraq, partiyalar artıq sıradan çıxır. Dövlət bu istiqamətdə addımlar atmalıdır. Partiyaların birləşməməsi, onların ideologiyasındakı fərqliliklə bağlı deyil. Çünki Azərbaycanda demək olar ki, partiyaların 90 faizinin ideologiyası eynidir və bu yaxşı hal deyil. Mən də razıyam ki, 62 zəif partiyadansa, 10 güclü təşkilatın olması daha yaxşıdır".

“Birləşməyə inanmıram”

Partiya sədri hesab edir ki, şəxsi maraqlara görə, perspektivdə müxalifət partiyalarının birləşməsi mümkün görünmür:

"Real səhnədə olan müxalifət partiyalarının birləşəcəyinə inanmıram. Buna nə istək, nə də şərait yoxdur. İstək ona görə yoxdur ki, partiya sədrləri düşünür partiyası var, möhürü var. Belə olan təqdirdə onunla eyni sırada olan digər partiyaya niyə birləşsin ki? Heç olmasa, arada sədr, filan deyirlər. Şərait də ona görə yoxdur ki, partiyalar güclərini anlaya bilmir. Yəni ədalətli seçki sisteminin olmaması, onların öz güclərini görməsinə mane olur. Ona görə də gələcəkdə müxalifət partiyalarının öz aralarında birləşəcəyinə inanmıram".

Geri qayıt