Əsas Səhifə > Partiya, Güney Press > Qüdrət Həsənquliyevdən YAP-a sərf etməyən təklif
Qüdrət Həsənquliyevdən YAP-a sərf etməyən təklif10-03-2021, 09:47 |
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayına və burada müzakirə olunan məqamlara münasibət bildirib. BAXCP sədri bildirib ki, YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. “Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq, hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3-dən çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik” deyə, o bildirib. YAP deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, hazırkı parlament 1 ildir seçilib fəaliyyət göstərir və bu parlament xalqın iradəsini ifadə edən, çoxlu sayda siyasi partiyaların təmsil olunduğu parlamentdir. Bu baxımdan növbəti parlament seçkilərinə hələ xeyli vaxt var və növbəti parlament seçkilərində proporsional seçki sisteminə keçməklə bağlı bu gün dəqiq fikir söyləmək tezdir: “Bu cür məsələlərlə bağlı gələcəkdə hansısa fikir söyləmək daha düzgün olardı. Parlamenti xalq, seçicilər müəyyənləşdirir. Ona görə də hansı seçki sisteminin olması məsələsində də seçicilərin rəyi nəzərə alınır və alınmalıdır. Bir ildir Azərbaycan parlamenti formalaşıb və bu parlament majoritar seçki sistemi ilə formalaşıb və çox yaxşı fəaliyyət göstərib, cəmiyyət tərəfindən müsbət münasibət var. Ona görə də növbəti parlament seçkiləri ilə bağlı indidən fikir söyləmək məncə tezdir. İkincisi, Yeni Azərbaycan Partiyası proporsional seçki sisteminin mövcud olduğu dövrlərdə keçirilən seçkilərdə də xalqdan ən çox səs qazanan partiya olub. Yəni Yeni Azərbaycan Partiyasının nüfuzu hər iki seçki sistemində yüksək səs qazanmağa yetir, bizim bu sarıdan nigarançılığımız yoxdur. Topladığı səsdən asılı olmayaraq, hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3-dən çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır təklifinə gəlincə, seçkidə bir partiyaya xalq daha çox etimad göstərib onun namizədlərinə daha çox səs verirsə və nəticədə parlamentdəki yerlərin üçdə ikisinə həmin partiya sahiblənirsə, bunu necə nəzərə almamaq olar?”. Ana Vətən Partiyasının sədri, deputat Fəzal Ağamalı isə bildirdi ki, Qüdrət Həsənquliyevin bu təklifi zaman-zaman özünün aktuallığını önə çəkib: “Mənə belə gəlir ki, biz proporsional seçki sistemini tətbiq etməliyik. Ancaq mənim fikrimə görə, majoritar seçki sistemi də saxlanılmalıdır. Bizdə qarışıq sistem olmalıdır. Çünki hər seçki sistemin özünə məxsus üstünlükləri var. Proporsional seçki sisteminə keçid, bunun tətbiq olunması bu gün ölkə prezidentinin həyata keçirdiyi islahatların vacib tərkib hissəsi olan siyasi islahatlara və onun məntiqinə tamamilə uyğun olardı. Əlbəttə bu, birmənalı şəkildə qəbul olunmalıdır ki, siyasi partiyaların cəmiyyətin siyasi sistemində yerini və rolunu artırmaq üçün onun seçkili orqanlarda iştirakına geniş imkanlar açılmalıdır. Bu baxımdan təbii ki, Prezident seçkilərində və bələdiyyə seçkilərində istənilən partiya öz namizədi ilə gücünü sınayır. Parlament seçkilərində də əslində majoritar seçki sistemi olsa da dolayısı yolla siyasi partiyalara bu baxımdan imkanlar yaradılır. Ancaq Seçki Məcəlləsinə görə o qədər çətinliklər, o qədər sənədlərin çoxluğu ortadadır ki, sadəcə olaraq bunu həyata keçirmək son dərəcə çətin və mürəkkəbdir. Ona görə də məncə parlament seçkilərində qarışıq seçki sisteminin tətbiq olunması son dərəcə əhəmiyyətli olardı. Eyni zamanda belə bir islahat keçirilərsə millət vəkillərinin sayını da müəyyən dərəcədə artırmaq mümkündür. Düşünürəm ki, növbəti parlament seçkilərinə qədər bu məsələlər aktuallığını qoruyub saxlamalıdır, geniş müzakirə predmetinə çevrilməlidir və biz növbəti parlament seçkilərində qarışıq seçki sisteminə keçsək bu, Azərbaycanda siyasi proseslərdə siyasi partiyaların yerini və rolunu artırmaqda mühüm rol oynayar”. “Yeni Müsavat” Geri qayıt |