Əsas Səhifə > Partiya, Güney Press > "Ümid edək ki, dörd aydan sonra bu bəndlərin yerinə yetirilməsinin praktik həllinə başlanacaq"
"Ümid edək ki, dörd aydan sonra bu bəndlərin yerinə yetirilməsinin praktik həllinə başlanacaq"13-03-2021, 10:08 |
Xəbər verildiyi kimi dünən Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Məlumata görə hər iki tərəflə Dağlıq Qarabağla bağlı bir sıra məsələlər müzakirə olunub. Moderator.az Dağlıq Qarabağın nəzarət etmədiyimiz hissəsində yaranmış və cəmiyyətimizi narahat edən bir sıra məsələlər ətrafında mümkün dəyişikliyin olub-olmayacağı ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib. - Rusiya prezidentinin hər iki tərəflə telefon danışığından sonra Xankəndi və ətrafında müəyyən dəyişikliklərin baş verməsi mümkünmü? Azərbaycan rəsmən Dağlıq Qarabağda nə vaxt təmsil olunacaq? Telefon danışığı haqqında verilən informasiya ümumi xarakter daşıyır, detallı məlumat yoxdur. Bu təbiidir. Belə xəsisliklə verilən informasiyadan sonra, adətən bu istiqamətdə hər hansı dəyişiklik və ya proseslər başlanarsa, o zaman baş verənləri danışıqların nəticəsi kimi dəyərləndirmək, əlaqələndirmək mümkündür. İnformasiyada diqqəti cəlb edən bir ifadə var:” Dağlıq Qarabağla bağlı razılaşmanın realizasiyası üçün praktik aspektlər nəzərdən keçirilib”. Praktik aspektlərin nəzərdən keçirilməsi müəyyən proseslərin başlanmasına bir işarə ola bilər. Məsələn, 10 Noyabr razılaşmasında nəzərdə tutulan bir neçə bənd yerinə yetirilməyib. Ümid edək ki, dörd aydan sonra bu bəndlərin yerinə yetirilməsinin praktik həllinə başlanacaq. Burada Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən son nəfərədək çıxarılması, Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının geri qaytarılması, sülhməramlıların nəzarət etdiyi ərazilərdə yolların hər iki tərəf üçün işlək və təhlükəsiz vəziyyətə salınması və sairə nəzərdə tutulur. Bölgədə sülh yaratmaq problemin konservləşməsində deyil və hər üç tərəf bunu artıq 27 ildə yaşayıb. Yuxarıda qeyd edilən bəndlər tədricən həyata keçirilməli və nəticədə beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyü və əraziyə nəzarət, məlumatda deyilən kimi, praktik realizasiya mərhələsinə keçməlidir. Qeyd edilən məsələlərin “praktik realizasiyası” digər məsələlərin də həllini sürətləndirəcək və xüsusi problemlər, gərginlik yaşanmayacaq. Problemlərin praktik həyata keçirilməsinə start veriləndə məsələlərin detallı şəkildə müzakirələri aparılmalı və cəmiyyətdən heç nə gizli saxlanmamalıdır. - Qeyd etdiyiniz problemlərin həyata keçirilməsi öz praktik həllini yaxın vaxtlara tapmazsa o zaman bu telefon danışıqlarının növbətçi xarakter daşıdığını söyləmək olarmı? Ola bilsin ki, nəzərdə tutduğumuz problemlərin heç birinin həyata keçirilməsinin yaxın vaxtlara şahidi olmayaq. Razılaşmadan 4 ay keçib və bu müddətdə müşahidə etdiyimiz sülhməramlıların yerli ermənilərə xüsusi qayğısı, Ermənistan vətəndaşlarının rahat şəkildə Qarabağa maneəsiz giriş-çıxışı və atəşkəsə nəzarətdir. Ona görə də, növbəti 4 ayda da bu mənzərənin davam edəcəyi təəccüblü olmayacaq, amma bu sülhün möhkəmlənməsinə yox, gərginliyin artmasına səbəb ola bilər. Bu, hər üç tərəfin, xüsusilə Rusiya və Azərbaycanın fərqində olduğu bir durumdur. Bu mənada hesab edirəm ki, mövcud vəziyyətin yaratdığı bir sıra problemlər bu danışıqların predmeti olub və onların həlli ətrafında danışıqlar aparılıb. Hər halda münəccimlik etmədən prosesləri təqib edək və yaxın vaxtlara güman etdiyimiz və bilmədiyimiz nələrsə özünü göstərəcək. Geri qayıt |