Əsas Səhifə > Partiya, Güney Press > “Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq"
“Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq"16-03-2021, 08:56 |
Dünyada və onun bir parçası olan Azərbaycanda COVİD-19 virusu ilə mübarizə davam edir. Bu pandemiyaya qarşı bir neçə şirkət tərəfindən vaksin hazırlansa da, vaksinasiya prosesi böyük sürətlə davam etsə də, yoluxma sayında artım davam edir. Hələ ki covidə qarşı dərman hazırlanmayıb. Lakin müxtəlif müalicə metodları sayəsində indiyə qədər dünyada 97 milyon 24 min 311 nəfər yoluxan sağala bilib. Bu, rəsmi rəqəmlər əsasında müəyyənləşən saydır. Təbii ki, qeyri-rəsmi rəqəmlər daha çoxdur. Ümumilikdə isə biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 120 milyon 478 min 621 nəfərdir. İndiyədək koronavirusdan 2 milyon 666 min 621 nəfər dünyasını dəyişib. Onu da qeyd edək ki, hələ koronavirus dünyada geniş yayılmadan öncə bir çox mütəxəssislər hesab edirdilər ki, bu virusdan ümumi ölənlər 3 milyondan bir qədər artıq olacaq. Həmin vaxt proqnozlara kimsə inanmırdı, lakin hazırda 3 milyona ciddi say qalmayıb... Proqnozlara görə, koronavirusun yayılması bu il ərzində davam edəcək. Lakin il sonuna doğru artıq xeyli adam vaksinasiyada iştirak edəcəyi üçün virusu idarə etmək asanlaşacaq. Azərbaycanı nə gözləyir? Azərbaycanda hazırda koronavirusa yoluxma sayı ötən həftələrlə müqayisədə artıb. Artıq növbəti həftədən bayram günləri başlayır. Qeyri-iş günləri ilə bağlı xaricə, rayonlara səfər etməyi planlayanlar var. Təkcə Azərbaycanda deyil, dünyada da insanlar sərt karantindən, qapalı şəraitdən beziblər. Lakin başqa çıxış yolu da yoxdur. Sosial məsafə azaldıqca, yoluxma artır... Məlum olduğu kimi, dünyada koronavirusun Britaniya, Braziliya ştammı kimi yeni növləri yayılır. Bu ştamlar mütəxəssislərin sözlərinə görə, insandan-insana daha sürətlə keçir. Bəs xaricə gedənlər ölkəyə bu ştamları daşıya bilərlərmi? “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanda hazırda sözügedən ştamların yayılıb-yayılmadığı bəlli deyil: “Kim deyə bilər ki, Azərbaycanda hazırda həmin ştamlar mövcud deyil? Bunu bilmək olmaz. Çünki bu istiqamətdə yoxlama, araşdırma aparılmayıb. Təbii ki, xaricə gedən varsa, ölkəyə yeni ştammların daşınması riski da mövcuddur. Ancaq indiki şəraitdə də Azərbaycanda epidemioloji vəziyyət yaxşı deyil. Pisləşmə müşahidə edilir. Əgər bu cür davam edərsə, bunun adını 3-cü dalğa qoymaq olar. Gedişat göstərir ki, artım davam edə bilər”. Bəs Azərbaycanda birdən-birə nə üçün artım baş verdi? Bir çox şəxslər hesab edirlər ki, ölkədə bu cür artımın baş verməsi insanların maskadan düzgün istifadə etməmələri, ictimai nəqliyyatda sıxlığın olması, iş yerlərinin açılması, ancaq nəqliyyatın bu yükü qaldıracaq səviyyədə çalışmaması ilə əlaqədardır. Elə professor da məsələ ilə bağlı oxşar fikirlər söylədi: “Bu, ictimai nəqliyyatdakı sıxlıqla da bağlı ola bilər. İnsanlar məsafə saxlamırlar və ya saxlaya bilmirlər. Nəticədə virus yayılır, epidemioloji vəziyyət pisləşir. Düşünürəm ki, indiki vəziyyətdə metronun fəaliyyətə başlaması doğru olmaz. Əksinə, əgər belə davam edəcəksə, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki başqa yol qalmır”. Adil Qeybulla bütün bunlara rəğmən hesab edir ki, bu ilin yay ayında virusa yoluxma xeyli azalacaq və vəziyyət idarəolunan hala gələcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə məsələ ilə bağlı bildirib ki, karantin rejimi ilə bağlı sərtləşmə və ya yumşalmaların olacağı barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. “Ölkədəki vəziyyətlə bağlı ən dolğun məlumatlar onlardadır. Mən müşahidəçi və vətəndaş olaraq subyektiv fikrimi söyləyə bilərəm. Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq. Yəni yenidən karantin rejiminin sərtləşdirilməsinə gedilməsin. İnsanlarımız psixoloji gərginlik keçirir, həm də iqtisadiyyatı düşünməliyik. Təklif edirəm ki, bayram günlərini bu qaydada keçirək. Aprelin 1-dən isə yumşalmalara gedilə bilər”. Komitə sədri hesab edir ki, indidən karantin rejiminin yumşaldılması tezdir: “Vaksinasiya tədbirləri davam edir. Səhiyyə işçisi olaraq insanlarımıza çağırış edirəm ki, peyvənd olunsunlar. Bu bəladan, çətinlikdən qurtulmaq üçün yeganə çıxış yolumuz budur. Əhalinin bir hissəsi vaksinasiya olunub, bir hissəsi olunmadıqda peyvəndin əhəmiyyəti, effekti də aşağı düşəcək. Aprelin 1-nə qədər vaksinasiya olunanların sayı bir qədər artar və yumşalmalara keçə bilərik”. M.Quliyev eyni zamanda Novruz bayramı ilə əlaqədar vətəndaşlara çağırış edib: “Bayram günləri ilə bağlı bütün vətəndaşlarımıza çağırış edirəm ki, karantin rejimini qorusunlar. Qəbir üstünə getmək, bayramlaşmaq kimi adətləri növbəti ilə saxlayaq, koronavirus bitsin, sonra edərik”. Geri qayıt |