Əsas Səhifə > Partiya, Güney Press > "Bu vəziyyət Ermənistanı daha da zəif düşürəcək"
"Bu vəziyyət Ermənistanı daha da zəif düşürəcək"17-03-2021, 08:41 |
Martın 17-də Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri olacaq. Səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Ötən il Vətən müharibəsi zamanı ölkədəki demək olar bütün siyasi partiyaların birgə bəyanata imza atmaları, milli birlik nümayiş etdirilməsi çox ciddi hadisə idi. Proses bu gün də davam edir və artıq siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş torpaqlarımıza birlikdə səfəri reallaşır. Bu səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hər kəs bir yerdə olacaq. Ermənistanda siyasi təlatümlər və iqtidar-müxalifət qarşıdurmasının yaşandığı bu günlərdə Azərbaycanda siyasi partiyaların birlik nümayiş etdirməsinin, işğaldan azad edilmiş ərazilərə birgə səfərinin hansı əhəmiyyəti var? Yeni siyasi kurs siyasi partiyaların cəmiyyətdə rolunun artırılmasına hesablanıb? Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, siyasi partiyaların rəhbərlərinin və təmsilçilərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfərinin təşkil edilməsinin bir sıra istiqamətlər üzrə ciddi əhəmiyyəti var. Bu cür səfərlərin dövlət tərəfindən yüksək səviyyədə hazırlanması partiyaların cəmiyyətdə nüfuzunun artmasına da təsirini göstərəcək. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hakimiyyət siyasi partiyaların cəmiyyətdə mövqelərinin daha da güclənməsində maraqlı olduğunu praktiki addımlarla nümayiş etdirir: “Azərbaycanda siyasi islahatların tərkib hissəsi olaraq siyasi partiyalarla hakimiyyət arasında uzun müddətdir dialoq gedir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunuverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyev cənab Prezidentin bu istiqamətdə tapşırıq və tövsiyələrini uğurla həyata keçirir. Azərbaycanda artıq elə bir uğurlu siyasi mühit formalaşıb ki, hakimiyyət təmsilçiləri, hakimiyyət partiyası ilə hakimiyyətə müxalifətdə olan partiyaların rəhbərləri istənilən an bir araya gəlib vahid mövqe nümayiş etdirə bilirlər, artıq işğaldan azad edilmiş ərazilərimizə birlikdə, eyni avtobusda səfər edirlər. Siyasi islahatlar öz müsbət nəticələrini verir. Çox gözəl bir işlək mexanizm ortadadır. Siyasi partiyaların rəhbərlərinin, təmsilçilərinin işğaldan azad olunmuş ərazilərimizə səfərinin təşkil edilməsi Azərbaycan cəmiyyətinə, həmçinin Ermənistana, bölgədə marağı olan qüvvələrə həm də bir mesajdır. Ermənistanda daxildə təlatümlər yaşanır, vətəndaş qarşıdurması, siyasi partiyaların bir-birini qırması prosesi gedir. Azərbaycanda isə müharibə zamanı siyasi qüvvələrin milli birliyi bu gün də davam edir və daha da güclənir. Qalib Azərbaycanın siyasi partiyaları siyasi mövqelərindən asılı olmayaraq Qarabağ məsələsində yenə bir yerdədirlər, Qarabağa birlikdə səfər edirlər”. AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, daxili siyasi sabitlik, milli birlik istənilən dövlətin daxili və xarici siyasətinə təsir eləyən əsas amillərdən biridir. Daxilindəki siyasi qüvvələrin öz aralarında konsensusu, dialoqu olmayan dövlətlər kənardan müdaxilə etmək istəyən qüvvələrə açıq olur: “Nəzərə alsaq Azərbaycan Ermənistan kimi uğursuz bir dövlətlə qonşudur, Azərbaycanın daxilində iqtidarlı-müxalifətli bütün siyasi partiyaların milli məsələlərdə bir yerdə olması, ölkədə milli birliyin, dialoq mühitinin olmasının əhəmiyyəti daha da artır. Azərbaycanda bütün amillərin mövcud olması Azərbaycanın gücünə güc qatır. Ermənistanda isə daxildə heç bir məsələ ilə bağlı siyasi partiyaların mövqeləri üst-üstə düşmür və bu vəziyyət ölkəni xaosa sürükləyir. Bu vəziyyət Ermənistanı daha da zəif düşürəcək. Azərbaycanda siyasi partiyaların sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərinin təşkil edilməsi də ciddi əhəmiyyət daşıyır. Biz bununla Vətən müharibəsi günlərində nümayiş etdirdiyimiz vahid mövqenin davam etdiyini nümayiş etdiririk. Eyni zamanda Ermənistana, dünyaya bir mesajdır ki, Qarabağ məsələsində Azərbaycanda siyasi baxışlarından asılı olmayaraq bütün siyasi partiyaların mövqeyi yekdildir, Qarabağ məsələsində bütün partiyalar vahid mövqedən çıxış edirlər". T.Abbaslı hesab edir ki, partiyaların cəmiyyətdə rolunun artırılması baxımından da bu cür birgə səfərlərin təşkilinin əhəmiyyəti var. Ölkədə çoxpartiyalı sistemin real olaraq işləməsinə təkan verilməsi dövləti gücləndirir, dövlətin immunitetini möhkəmləndirir. AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan xalqı həlledici anlarda dünyaya örnək olan birlik ortaya qoymağı bacaran xalqdır. Siyasi qüvvələr də xalqın içindən çıxıblar. Ona görə də milli məsələlərdə bir yerdə olmağı bacarırlar. Azad olunmuş torpaqlara birlikdə səfər birliyimizin növbəti nümayişidir: “Xalqımız Şərq müdrikliyindən qaynaqlanan böyük bir xəzinəyə sahibdir. O xəzinə ki, hər zaman mərhəməti və ədaləti özündə əks etdirib. Heç bir zaman başqasının malında, mülkündə, torpağında gözümüz olmayıb. Haqsızlığa və işğala məruz qaldıqda isə bir yumruq kimi birləşməyi bacarırıq və bunu 44 günlük savaşda bütün dünyaya sübut etdik. Birliyimiz böyük Zəfərin açarı oldu. Əlbəttə ki, bu həm də xüsusilə də son bir il ərzində formalaşmış iqtidar və müxalifət arasında yeni siyasi münasibətlər kontekstində mümkün oldu. Hesab edirəm ki, bu belə də davam etməlidir. Bundan sonrakı birliyimizlə tarixi torpaqlarımıza böyük qayıdışı təmin etməliyik. Eyni zamanda bölgədə təhlükəsizlik tədbirlərini gücləndirməliyik. Əvvəlkindən beş qat daha güclü və ayıq-sayıq olmalıyıq. Milli məsələlərdə hər zaman, dediyimiz kimi, iqtidar-müxalifət düşüncəsi bizim üçün əsas deyil, əsas olan belə hallarda bir vəhdət halında bir yerdə yürüməyimizdir. Ümid edirəm ki, belə də olacaq”. AMİP sədri onu da dedi ki, Azərbaycanla Ermənistanın daha bir fərqi ortadadır, bizdə milli birlik, siyasi qüvvələr arasında konsensus, Ermənistanda qarşıdurma hökm sürür: “Ermənistanda yaşanan hakimiyyət böhranı Azərbaycanın regionda yaratdığı yeni reallıqların nəticəsidir. Əslində erməni cəmiyyəti ən azından son 30 il ərzində Azərbaycan insanına yaşatdığı ağrı-acının bədəlini ödəyir və hələ uzun illər də ödəməkdə davam edəcək. Erməni toplumu sadə bir həqiqəti başa düşmək iqtidarında deyil ki, mübtəla olduğu xəstə təxəyyüllə heç bir halda üstün mövqeyə yiyələnə bilməz. Bu mənada hazırda Ermənistanda yaşananlar da iqtidar-müxalifət münasibətlərindən ortaya çıxan siyasi mübarizədən daha çox, hər iki tərəfin və bütövlükdə erməni toplumunun ağır məğlubiyyətindən doğan məntiqi nəticədir. Tarixi reallıqlar da onu deməyə əsas verir ki, sonuc olaraq bütün hallarda işğalçıların, başqa torpaqlarda gözü olanların və terrora və dağıdıcı siyasətə üstünlük verənlərin aqibəti belə olur. Nə yazıq ki, erməni siyasi isteblişmenti bu qızıl qaydanı heç zaman dərk etmək gücündə olmayıb. Çünki onların mayası belə yoğrulub. Bu səbəbdəndir ki, erməni toplumunda, iqtidar və ya müxalifət düşərgəsində olmasından asılı olmayaraq sağlam məntiqi qavramaq gücündə olan siyasətçiyə rast gəlmək mümkün deyil. Məhz buna görə erməni cəmiyyəti hələ uzun illər sonra da belə çalxalanmaqda davam edəcək”. “Yeni Müsavat” Geri qayıt |