Əsas Səhifə > Partiya, Güney Press > "Ortada xüsusi bir həbsdə yatan, beynəlxalq dairələrin siyahısında yer alan kimsə yox idi"
"Ortada xüsusi bir həbsdə yatan, beynəlxalq dairələrin siyahısında yer alan kimsə yox idi"19-03-2021, 08:58 |
Martın 18-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bütövlükdə sərəncam 625 nəfərə şamil olunub. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib. Azadlığa çıxanlar arasında siyasi məhbuslar da var. Onlar Məhəmməd İmanlı, Orxan Baxışlı, Babək Həsənov və Elçin İsmayıllıdır. Bu şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. Ömürlük cəzaları 25 ilə endirilənlər Azər Aslanov, Araz Əhmədov və Vüqar Əliyev olub. “Report”un əldə etdiyi məlumata görə, bu şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur. Ona 2001-ci ildə hökm oxunduğu üçün hələ cəzasının qalması səbəbindən azad olunmayacağı barədə iddialar da yer alır. V.Əliyev də diqqət çəkməyə bilməz. O, 2003-cü ildə qətlə yetirilən Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovun işində təqsirləndirilirdi. O, nişanlısı Lamiyə Quliyeva ilə birlikdə bu cinayəti törətməkdə ittiham olunaraq, ömürlük azadlıqdan məhrum edilmişdi. L.Quliyeva Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 2005-ci ildə azadlığa buraxılmışdı. Rəsmi qeydiyyatda olmayan Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan üzvü Rufulla Axundzadə də əfv olunub. Eyni zamanda dindarlardan Nardaran hadisələrinə görə həbs edilən Elgün Axundov və Vüsal Alış da azad edilib. Siyahıda tanınmış ilahiyyatçı məhbus Muradov Fərhad Mirzəhəsən oğlunun da adı var. “Gəncə hadisələri”ndə də təqsirli bilinənlərdən azadlığa çıxanlar var. Onlar Elvin Allahverdiyev və Vüqar Xudiyevdir. Sərəncam 23 xarici ölkə vətəndaşına da şamil edilib. Onlardan 22-si azad edilib, birinin isə cəzası yarıyadək azaldılıb. Onu da qeyd edək ki, əfv sərəncamının verilməsindən dərhal sonra bəzi müzakirələr açılıb. Cəmiyyətdə məşhur olan isimlərin az qisminin siyahıda yer almasına ən müxtəlif fikirlər səslənir. Xüsusilə üç ömürlük “OMON”çunun - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun azad edilməməsi ətrafında daha çox söz-söhbətlər yaranıb. Böyük Quruluş Partiyasının sədri, deputat, Əfv Komissiyasının üzvü Fazil Mustafa “Yeni Müsavat”da əfv sərəncamı və bunun ətrafında gedən müzakirələri belə dəyərləndirdi: “Sürpriz isimlər dedikdə nə olmalıdır? Bəzi müzakirələr əsassız yerə açılıb. Ortada xüsusi bir həbsdə yatan, beynəlxalq dairələrin siyahısında yer alan kimsə yox idi. Belə hal nəzərdə də tutulmur. Əfvdən qabaq xüsusi bir ad hallanmırdı. Hər halda, var idisə, onu komissiyaya bildirmək olardı. Ötən ilin noyabrında xeyli adam azad edildi. Bunu yəqin ki, bilirsiniz. İndiki vəziyyətdə hansısa siyasi partiyaların nümayəndələrinin burada olmaması önəmli deyil. Müəyyən kateqoriyalardan olan məhbusların siyahıda olması, ”ömürlüklər"dən üçünün cəzasının 25 ilə endirilməsi məsələsi öz həllini tapıb. Bu, Prezident tərəfindən atılan növbəti humanist addımdır. Bu da cəmiyyətdə təqdir olunur. Əfvin nəzərdə tutduğu hansısa bir sürpriz yox idi ki, gerçək də olsun. “OMON”çu variantı kimi məsələyə baxılmır. “Ömürlüklər”dən onların xarakteriskası, zərərçəkmiş şəxslərin mövqeləri nəzərə alınaraq addımlar atıldı. Açığı, “OMON”çularla bağlı cəmiyyətdə elə də müzakirələr getmirdi. Ona görə də konkret olaraq bunun niyə baş vermədiyi barədə nəsə fikir söyləyə bilmərəm. Amma hər kəslə bağlı məsələ geniş müzakirə edildi. Cəmiyyət üçün təhlükəli olmayan şəxslər siyahıda yer alıblar. Siyahı qənaətbəxş sayılmalıdır. Hamını azad etmək kimi əfvdə bir qayda yoxdur". İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu isə sərəncamı belə dəyərləndirib: “Azad olunanların ailələrinə qovuşması çox sevindirici haldır. Bizim təqdim etdiyimiz siyahıdan 9 nəfər azad edilib. Eyni zamanda digər siyahıda təqdim etdiyimiz şəxslərdən 21 nəfər Nardaran, 4 nəfər isə Gəncə hadisələrinə görə həbs edilənlərdən azad olunub. Amma çox istərdim ki, siyasi motivli olanların hamısı azad olunardı. Biz Qarabağda qələbə qazanmışıq. Siyasi məsələ ortadan artıq çıxmalıdır. İstənilən halda bu sayda məhbusa sərəncam şamil olunubsa, çox müsbətdir”. Geri qayıt |