Əsas Səhifə > Partiya, Güney Press > “Süleyman Dəmirəl Heydər Əliyevə martın 12-də çevrilişə cəhd olacağını demişdi”

“Süleyman Dəmirəl Heydər Əliyevə martın 12-də çevrilişə cəhd olacağını demişdi”


19-03-2021, 09:35
“Süleyman Dəmirəl Heydər Əliyevə martın 12-də çevrilişə cəhd olacağını demişdi”
1995-ci ilin mart hadisələrindən 26 il ötdü. Hər il olduğu kimi, bu il də Rövşən Cavadovun başçılığı ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsinə (“OMON”) qarşı aparılan əməliyyat ətrafında ən müxtəlif fikirlər səslənməkdədir.

“OMON qiyamı” ətrafında hər ilin bu günləri gündəmə ən çox gələn şəxslərdən biri də, həmin hadisələr vaxtı Azərbaycan Milli Məclisinə rəhbərlik edən və hazırda Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevdir. Ona yönəlik çox ciddi ittihamlar var. Hətta onu R.Cavadovun ölümündə günahkar bilənlər də az deyil.

R.Quliyev “Yeni Müsavat”a açıqlamasında mövqeyində heç bir dəyişikliyin olmadığını söylədi: “13-17 martda Cavadov qardaşları ”OMON" adlanan silahlı qüvvələr vasitəsilə dövlət çevrilişi etmək istəyirdi. Bu dövlət çevrilişi baş tutsaydı, Azərbaycan xaosa sürüklənəcəkdi, kütləvi insan tələfatı baş verəcəkdi, eyni zamanda beynəlxalq kontraktlar, o cümlədən neft kontraktının ləğv edilməsi və uzun müddətə, yəni 10 illərlə xarici kompaniyaların Azərbaycanla əlaqəsini kəsməsi ilə qurtaracaqdı. Bir sözlə, Azərbaycan öz müstəqilliyini itirməyin astanasında idi. Çünki dövlət çevrilişinə Azərbaycandan rəhbərlik edən Cavadov qardaşları dövlətçiliyin nədən ibarət olduğunu heç təsəvvür etmirdilər. Rövşən Cavadov səthi düşüncəli, özünü Koroğlu hesab edirdi, o biri qardaş Mahir Cavadov isə özündən müştəbeh, psixikası pozulmuş birisi idi. Kənardan onlara Türkiyənin o vaxtkı baş naziri Tansu Cillər dəstək verirdi. Maraqlısı o idi ki, prezident Süleyman Dəmirəl bunun əleyhinə idi və Heydər Əliyevə martın 12-də belə bir çevrilişə cəhd olacağını demişdi. Təəssüf ki, 13 martda bir ovuc, maksimum 100 “OMON”çunun başlatdığı dövlət çevrilişinə cəhdin qarşısını yerindəcə 10 minlərlə qoşunu olan o vaxtkı DİN naziri və müavini ala bilmədi və “OMON”un qarşısından qaçdılar. Nəticədə Cavadovlar ruhlandı. Ancaq 17 martda onlar qətiyyətlə yerlərinə otuzduruldular. Azərbaycan böyük bir fəlakətdən xilas oldu".

Yada salaq ki, martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON” qərargahı qarşısında hökumət qüvvələri (Naxçıvandan gətirilmiş xüsusi taborla birlikdə) ilə “OMON” arasında toqquşma baş verdi. Baş verən döyüşdə rəsmi statistikaya görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürüldü, 105 nəfər yaralandı. “OMON”un komandiri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi. Rövşən Cavadovun qardaşı, hadisələrə qədər Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadov isə ölkəni tərk etdi.

“OMON” işi ilə bağlı aparılan məhkəmə prosesində döyüşçülərin bir çoxu uzun müddətliyə, o cümlədən ömürlük cəzaya məhkum olundular. Onlardan bir çoxu azadlığa buraxılsa da, XTPD-nin Qazax batalyonunun komandiri Elçin Əmiraslanov və digər bir neçə nəfər ömürlük həbs cəzası çəkir.

Qeyd edək ki, 1995-ci il “OMON” hadisələri Azərbaycanın müasir tarixində hökumətlə silahlı müxalifət arasında sonuncu qarşıdurma hesab olunur. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev mərkəzi hakimiyyətlə hesablaşmayan, müəyyən qədər müstəqil fəaliyyət göstərən, Qarabağ savaşında böyük qəhrəmanlıqlara imza atmış xüsusi təyinatlı polis dəstələrini ləğv etməklə ölkə ərazisində silahlı birlikləri tamamilə nəzarətə almağa nail oldu.

Geri qayıt